Mardin vilayətinin Nusaybin rayonunda bir qrup şəxs sərhəd həddindəki Türk bayrağını endirib. Hadisə Suriya tərəfdəki vəziyyətə etiraz edən nümayişdən sonra baş verib.
APA xəbər verir ki, DEM Partiyanın bu həftəki qrup toplantısı Türkiyə Böyük Millət Məclisi əvəzinə Nusaybin şəhərində keçirilib. Toplantıdan sonra bir qrup sərhədə doğru yürüyüşə keçərək, əlində PKK lideri Abdullah Öcalanın bayraqları ilə hərəkət edib və sərhəd xəttində dikilmiş Türkiyə bayrağını endirib.
Hadisə zamanı bir qrup iştirakçı sərhədin digər tərəfindəki Türk bayrağına qarşı yönəlik hərəkətlərdə bulunub və terror təşkilatını dəstəkləyən şüarlar səsləndirib. Bu zaman sərhədin təhlükəsizliyini təmin edən hərbçilər xəbərdarlıq nişanəsi olaraq havaya atəş açıb və qrupdan uzaqlaşmağı tələb edib. Məlumata görə, atəşdən sonra qrup hadisə yerindən uzaqlaşıb.
DEM Parti sözçüsü Ayşegül Doğan X (əvvəlki “Twitter”) hesabında yayımladığı mesajda Nusaybin–Qamışlı sərhədindəki bayraq endirmə hadisəsinin onları “dərin narahat etdiyini” bildirib.
Cumhurbaşqanlığı Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran hadisəyə sərt reaksiya verərək söz konusu provokasiyanı “açıq bir təxribat” kimi qiymətləndirib. O, ölkənin milli təhlükəsizliyi və dövlətin müqəddəs dəyərlərinə qarşı yönələn hər bir təhdidin qətiyyətlə qarşılanacağını, məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən dərhal araşdırma başladıldığını və hüquqi-inzibati tədbirlərin görüləcəyini bildirib.