AZ

Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ

Bakı, 20 yanvar, Göyçək Mahmudlu, Namiq Abdullayev, AZƏRTAC

70 illik əsarətin xalqın qətiyyəti qarşısında diz çökdüyü gecədən 36 il ötdü. Milli oyanışın zirvəsi olan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə Azərbaycan xalqı bütün dünyaya azad yaşamaq istəyini ağır hərbi texnikaların qarşısında sipər olaraq canı bahasına bəyan etdi. Azadlıq yolunda geridönməz qərarların verildiyi həmin tarixin qəhrəmanları dərin hüzn, ehtiram və qürurla yad edilir.

Hava şəraitinin kəskin olmasına baxmayaraq, Şəhidlər xiyabanı hər zamankı kimi bu gün də dolub-daşır. Necə ki, o gecə hər yaşdan olan qəhrəmanlar küçələrə axışıb tankların, silahların qarşısında tərəddüd belə etmədən dayanmışdılar. Bu gün də hər yaşdan olan vətəndaşlar Şəhidlər xiyabanına gələrək şəhidlərimizin xatirəsinə ehtiramlarını ifadə edirlər. Xalqımız bir daha öz qəhrəmanlarına minnətdarlığını onların əziz xatirəsini anmaqla bildirir.

AZƏRTAC-ın müxbirləri Şəhidlər xiyabanını ziyarət edən vətəndaşlarla həmsöhbət olublar.

Hadisə vaxtı dövlət işində çalışdığını bildirən paytaxt sakini Nəbi Xəlilov o günləri belə xatırlayır: "O zaman Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsində çalışırdım. İndi həmin qurum Bakı Şəhər İcra Hakimiyyəti adlanır. Gecə qırğınlar başlayanda biz işdə idik. Bizim binanı mühasirəyə aldılar. Səhərə qədər bizi çıxmağa qoymadılar. Səhər tezdən rus əsgər və zabitləri bizi binadan çıxarıb, otaqların pəncərəsindən çölə tərəf pulemyotlar düzdülər. On gün bizi işə buraxmadılar. Biz şəhidlərin dəfn yerlərinin hazırlanmasında, qəbirlərinin qazılmasında, dəfn mərasimlərində iştirak etmişik. 36 il keçməsinə baxmayaraq, hər il gəlib onların məzarlarını ziyarət edirik. Nə qədər Azərbaycan xalqı var, şəhidlərimizin ruhu qəlbimizdə əbədi yaşayacaq. Onların igidliyi, canlarını fəda verməsi nəticəsində azadlıq toxumları səpildi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!".

20 Yanvar faciəsi zamanı şəhid olan Rövşən Rüstəmovun həyat yoldaşı Ziyafət Rüstəmova isə 36 il keçməsinə baxmayaraq, hər il bu gün havanın sözün əsl mənasında qan ağlamasına diqqət çəkib: "Hər il faciənin ildönümündə hava çox soyuq keçir, çovğun, qar, yağış olur. Bu cür hava bizə o günü yenidən xatırladır. Hər il bu gün yaramızın qanı axmağa başlayır. Mənim həyat yoldaşım Rövşən Rüstəmov indiki Heydər Əliyev prospektində 32 güllənin qurbanı olub. Maşınla sovet ordusunun hərbi qulluqçularının üstünə şığıyarkən güllələri onun üzərinə yağdırıblar. Buna baxmayaraq, o, səhərə qədər yaşadı. Doğmaları onu görəndən sonra dünyasını dəyişdi. Biz hazırda Prezident İlham Əliyevin apardığı siyasət və güclü ordumuz sayəsində Zəfər qazanmış xalqıq. Əldə etdiyimiz şanlı Qələbəyə görə qürurla danışa bilirik. Çünki azadlıq naminə canından keçən qəhrəmanların ruhuna rahatlıq vermişik. Dövlətimizlə, millətimizlə fəxr edirik. Hava şəraitinə baxmayaraq, burada hər il izdiham yaşanır. Dövlət tərəfindən xüsusi dekorasiyalar qurulur, xalq öz qəhrəmanlarını qürurla yad edir. Qadın, kişi, uşaq, yaşlı, cavan demədən vətəndaşlar xiyabanı ziyarət edirlər, Vətən fədailərinin ruhunu ehtiramla anırlar. Allah xalqımıza bir daha acı gün verməsin. Var olsun millətimiz, var olsun dövlətimiz!".

20 Yanvar hadisələrinin xalqımızın milli kimliyinin və identikliyinin qorunması, Azərbaycan xalqının azadlığı uğrunda aparılan böyük mücadilə olduğunu bildirən Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov deyib: " O vaxtkı sovet rəhbərliyi Azərbaycan xalqına qarşı qəsdən və bilərəkdən cinayət törətməyi qarşıya məqsəd qoymuşdu. Bu, Azərbaycan xalqının milli mübarizə əzmini qırmaq cəhdi idi. Lakin 36 ildəki dövrü bir daha təhlil edəndə və xalqımızın milli azadlıq uğrunda apardığı mübarizəsini, müstəqilliyini bərpa etməsini və torpaqlarını işğaldan azad etməsini düşündükdə görürük ki, şəhidlərin qanı yerdə qalmayıb. Müzəffər Ali Baş Komandan da öz çıxışlarında dəfələrlə vurğulayıb ki, şəhidlərin qanı döyüş meydanında alınıb. Biz bilirik ki sovet hərbi kontingenti Bakıya yeridiləndə, mənfur Bakı əməliyyatını həyata keçirəndə məhz həmin qoşunların Azərbaycanda yerləşən sovet hərbi hissələrindən yox, kənardan gətirilən hərbi hissələrdən formalaşdırılması, xüsusilə də onların tərkibində erməni zabitlərinin sayının çox olması faciənin miqyasını genişləndirmək məqsədi daşıyırdı. Bütün bu hadisələrə Ümummilli Lider Heydər Əliyev tərəfindən qiymət verilib. Ulu Öndər Moskvadakı daimi nümayəndəliyə gələrək SSRİ rəhbərliyini Azərbaycan xalqına qarşı cinayət törətməkdə ittiham etmişdi. Bu, Ümummilli Liderin həyatı üçün çox cəsarətli və riskli addım idi".

 

Seçilən
174
1
azertag.az

2Mənbələr