AZ

Praqada 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib  

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyində anım mərasimi keçirilib.

Tədbir iştirakçıları 20 Yanvar faciəsi ilə bağlı səfirlikdə yaradılmış guşənin önünə çiçəklər düzüb, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Səfir Yaşar Əliyev çıxış edərək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda aparılan mübarizənin tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən söhbət açıb. O, 20 Yanvar faciəsinin Azərbaycanın müstəqilliyinin bərpası yolunda dönüş nöqtəsi olduğunu, məhz bu tarixdən qısa müddət sonra ölkəmizin müstəqilliyə qovuşduğunu bildirib. Səfir, həmin dövrdə böyük təzyiq və çətinliklərə baxmayaraq, Ümummilli Lider Heydər Əliyevin nümayiş etdirdiyi siyasi iradənin önəmini vurğulayaraq, Ulu Öndərin SSRİ rəhbərliyi tərəfindən törədilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiymətin verilməsində oynadığı mühüm rolu diqqətə çatdırıb.

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra keçdiyi yol, xalqımızın qəhrəmanlıq salnaməsində yeni parlaq səhifə olan 44 günlük Vətən müharibəsi və postmünaqişə dövründə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ölçüyəgəlməz işlər barədə də danışılıb.

Tədbirdə Qanlı Yanvar hadisələrini əks etdirən videoçarxlar nümayiş etdirilib.

Seçilən
53
1
azerbaijan-news.az

2Mənbələr