AZ

Atasının ad gününə hədiyyə etmək üçün sifariş etdiyi avtomobil yandıVİDEO

Bakı sakini pulunu ödədiyi avtomobilə sahib ola bilmir.

Ağayar Həsənovun atasının ad gününə hədiyyə etmək üçün sifariş etdiyi avtomobil daşıma zamanı yanıb, indi nə avtomobilini ala bilir, nə də ödədiyi 32 min 500 manatını.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən ilin oktyabrında baş verib.

Ağayar Həsənovun dediyinə görə, həmin vaxtdan 3 ay ötsə də, ortada bir nəticə yoxdur.

O bildirib ki, sifarişindən iki ay ötdükdən sonra - dekabrın ayında "Asadzade Sanan” MMC-nin direktoru Sənan Əsadzadə Ağayar  Həsənova zəng edib və deyib ki, avtomobili daşınma zamanı Dağıstan ərazisində yanıb.

Ağayar Həsənov iddia edir ki, hadisədən sonra dəfələrlə Sənan Əsədzadə ilə əlaqə saxlamağa cəhd etsələr də, o, telefon zənglərinə cavab vermir. Elə bizim də "Sənan Əsədzadə" MMC-nin rəhbəri ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadı.

Ağayar Həsənovun sifarişi etdiyi avtomobili Çindən Azərbaycana gətirən yük avtomobilinin sürücüsü Elçin Xanlarovla əlaqə saxladıq. O, yanan avtomobilin  bir neçə gündən sonra Bakıya gətirləcəyini  vəd etdi.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, xarici ölkədən avtomobil gətirmək adı ilə vətəndaşlara qarşı kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən Sənan Əsədzadə barəsində axtarış elan olunub. 27 yaşlı Əsədzadə Sənan Yavər oğlu barəsində dələduzluq əməlləri ilə bağlı istintaq tərəfindən aşkar olunan epizodlar üzrə Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırma zamanı həmin şəxsin zərərçəkənlərə maddi ziyan vurandan sonra ölkəni tərk etdiyi müəyyən edilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. "Bir daha vətəndaşlara tövsiyə edirik ki, tanımadıqları vasitəçilərə, qeyri-rəsmi şəkildə avtomobil satışı ilə məşğul olan şəxslərə etibar etməsinlər",-deyə nazirlikdən bildirildi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
33
1
xezerxeber.az

2Mənbələr