ABŞ-də fəaliyyət göstərən, İranın nüvə silahı proqramına qarşı mübarizə aparan “United Against Nuclear Iran” (UANI) təşkilatı azərbaycanlı vətəndaş Fərid Səfərli barədə xüsusi material hazırlayıb.
Qeyd edək ki, təşkilatın internet resursunda İranda bu vaxta qədər həbs olunmuş, işgəncələrə məruz qalmış şəxslərlə bağlı bloq yaradılıb. Təşkilat öz rəsmi saytında Səfərli ilə bağlı da ayrıca profil səhifəsi yaradaraq onun İranda saxlanılması, məhkəmə prosesi, həbsdə gördüyü rəftar və azadlığa buraxılması ilə bağlı geniş məlumat yayımlayıb.
Məlumata görə, UANI Fərid Səfərlinin hekayəsini insan haqlarının pozulması və siyasi motivli həbslərin nümunəsi kimi təqdim edir. Profil materialı Səfərlinin təşkilata verdiyi müsahibə və beynəlxalq media mənbələrinin xəbərləri əsasında hazırlanıb.
Məqalədə qeyd olunur ki, Fərid Səfərli Almaniyanın Fridrix Şiller adına Yena Universitetində təhsil alıb və 2023-cü ilin fevralında iranlı sevgilisini ziyarət etmək məqsədilə İrana səfər edib. O, martın 4-də sevgilisi ilə birlikdə taksidə hava limanına gedərkən qəfil avtomobilin qapıları açılıb, naməlum şəxslər onları zorla maşından çıxarıb, Səfərlinin gözlərini bağlayaraq öz avtomobillərinə mindiriblər. Ailəsinə onun harada saxlanıldığı barədə uzun müddət heç bir məlumat verilməyib.
“Mən o qədər adi bir insanam ki, belə dəhşətli bir hadisənin başıma gələ biləcəyini heç vaxt təsəvvür etməmişdim”, – deyə Səfərli məqalədə bildirib.
Materialda Səfərlinin ilkin dindirmələr zamanı edamla hədələndiyi, uzun müddət Qum şəhərində yerləşən İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH/IRGC) məxsus xüsusi təcridxanada təkadamlıq kamerada saxlandığı, səhhətində ciddi problemlər olmasına baxmayaraq tibbi yardımın gecikdirildiyi bildirilir.

Onun appendisit əməliyyatından dərhal sonra yenidən dindirilməyə cəlb edildiyi də vurğulanır.
UANI-nin yaydığı məlumatda məhkəmə prosesinin qeyri-şəffaf keçirildiyi, Səfərlinin tərcüməçi və vəkillə təmin olunmadığı, ittihamın əvvəlcə casusluq, daha sonra isə “casusluq etmək niyyəti” kimi dəyişdirildiyi qeyd olunur. Hakimin siyasi xarakterli açıqlamalar verdiyi, Azərbaycan dövləti və rəhbərliyi ilə bağlı təhdidlər səsləndirdiyi də materialda əksini tapıb. Dindirilmə zamanı onu sorğu-suala tutan şəxslər divarın arxasında dayanırdı və Səfərli onları görə bilmirdi. Dindirənlərdən biri ingilis dilində danışır və cavabları da ingiliscə tələb edirdi, digəri isə azərbaycanca suallar verirdi. Suallar etiraf tələbləri və işgəncə hədələri ilə müşayiət olunurdu. Dindirənlər Səfərlini, ailəsini və vətənini təhqir edirdilər, lakin fiziki işgəncə tətbiq etmirdilər.
Onlar həmçinin İsrail və Azərbaycan hökumətləri arasında münasibətlərin yaxşılaşmasından ciddi narahat olduqlarını deyiblər. Səfərlidən Azərbaycanın Tehrandakı səfirliyini niyə bağladığını soruşublar. Eyni zamanda İranın nüvə proqramı və İranın nüvə silahına malik olub-olmaması barədə fikrini öyrənmək istəyiblər.
İki ay təkadamlıq kamerada saxlandıqdan sonra, 2023-cü ilin aprel ayının sonunda Səfərli yenidən Qum şəhərindəki Sahili ümumi həbsxanasına köçürülüb. Oradakı şəraiti görəndə yenidən təkadamlıq kameraya qaytarılmasını xahiş edib. Bir kamerada 300-ə yaxın insan saxlanılırdı, şərait çirkli və antisanitar idi. Siyasi məhbuslar, narkomanlar, təcavüzkarlar və digər şəxslər eyni yerdə saxlanılırdı.
1 may 2023-cü ildə Səfərliyə nəhayət İrandakı Azərbaycan konsulluğuna zəng etməyə icazə verilib. O, ilk dəfə 1 iyun tarixində konsul əməkdaşı ilə görüşüb. Ailəsi ilə isə ilk dəfə may ayında əlaqə saxlaya bilib.
Məqalədə bildirilir ki, Səfərli iki il həbs cəzasına məhkum edilib, apellyasiya şikayəti formal şəkildə rədd olunub və həbs müddətində müxtəlif təzyiqlərlə üzləşib. 2025-ci ilin yanvarında isə Azərbaycan və İran arasında aparılan razılaşma çərçivəsində o, azadlığa buraxılıb və Azərbaycana qaytarılıb. Səfərlinin bir iranlı məhbusla dəyişdirildiyi də qeyd edilir.
Təşkilatın məlumatında o da vurğulanır ki, azadlığa çıxması üçün Səfərli məcburi şəkildə kamera qarşısında İran məhkəmə sistemi və təhlükəsizlik qurumları ilə bağlı şikayətinin olmadığını deməyə məcbur edilib və bununla bağlı sənəd imzalayıb.
UANI bu profili yaymaqla beynəlxalq ictimaiyyətin diqqətini İranda xarici vətəndaşların saxlanılması, məhkəmə hüquqlarının pozulması və siyasi təzyiqlərə cəlb olunması problemlərinə çəkməyi məqsəd qoyduğunu bildirir.
Musavat.com