AZ

Bazarda insanlara heyvan yemi satılır? — Hormonları pozur

Son dövrlərdə bazarlarda insan qidası kimi təqdim edilən, əslində isə heyvan yemi üçün nəzərdə tutulmuş texniki kartofların satışına dair məlumatlar yayılıb. Bildirilir ki, bu kartofların mənşəyi, saxlanma şərtləri və yetişdirilməsində istifadə olunan kimyəvi maddələr barədə heç bir açıqlama yoxdur. Məhsulun mənşəyi, saxlanma şəraiti və kimyəvi tərkibi barədə məlumatın olmaması qida təhlükəsizliyi üçün ciddi risklər yaradır.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı  açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, bu cür iddialar qida təhlükəsizliyi baxımından çox ciddi risklərə işarə edir. Texniki və ya heyvan yemi üçün nəzərdə tutulmuş kartof insan qidası kimi satışa çıxarıldıqda bir neçə əsas təhlükə yaranır.

Ekspert bildirib ki, əvvəla, kimyəvi risklər ön plana çıxır:

“Texniki kartof adətən məhsuldarlığı artırmaq və uzunmüddətli saxlanma üçün daha yüksək dozada pestisidlər, herbisidlər və cücərməyə qarşı kimyəvi maddələrlə işlənə bilər. Bu maddələr insan qidası üçün icazə verilən həddən artıq olduqda uzunmüddətli istifadədə hormonal pozuntular, qaraciyər və böyrək yüklənməsi, immun sistemin zəifləməsi və bəzi hallarda kanserogen risklərlə əlaqələndirilir”.

“İkincisi, bioloji risklər mövcuddur. Mənşəyi və saxlanma şəraiti məlum olmayan kartoflar uyğun olmayan temperatur və rütubətdə saxlanıldıqda kif göbələkləri və bakteriyalarla çirklənə bilər. Xüsusilə yaşıl rəng almış və ya cücərmiş kartoflarda solanin adlı toksik maddənin miqdarı artır ki, bu da ürəkbulanma, başgicəllənmə, sinir sistemi pozuntuları yarada bilər. Uşaqlar və gənclər bu təsirlərə daha həssasdır” – deyə, o bildirib.

Fərid Səfərov qeyd edib ki, xroniki sağlamlıq problemləri riski nəzərə alınmalıdır. Belə məhsulların davamlı istifadəsi birbaşa “bu xəstəlik məhz kartofdandır” deməyə imkan verməsə də, erkən yaşlarda metabolik pozuntuların, allergik reaksiyaların, həzm sistemi problemlərinin və ümumi sağlamlığın zəifləməsinin artmasına dolayı yolla təsir göstərə bilər. Qida təhlükəsizliyi baxımından əsas təhlükə də məhz bu “yığılan təsir”dir.

Onun sözlərinə görə, risklərin qarşısını almaq üçün məhsulun mənşəyi və təyinatına ciddi nəzarət gücləndirilməli, texniki və yemlik məhsulların qida zəncirinə daxil olması əngəllənməlidir:

“Bazar və küçə satışlarında yoxlamalar artırılmalı, pestisid qalığı analizləri mütəmadi aparılmalıdır. Eyni zamanda, məhsulun harada yetişdirildiyi və necə saxlanıldığı barədə izlənəbilənlik sistemi real şəkildə tətbiq olunmalıdır. Həmçinin, istehlakçılar ucuz və mənşəyi bilinməyən məhsulların potensial riskləri barədə maarifləndirilməlidir”.

“Texniki kartofun insan qidası adı altında satılması təkcə iqtisadi fırıldaq deyil, eyni zamanda ictimai sağlamlıq üçün uzunmüddətli və səssiz risk mənbəyidir. Bu səbəbdən nəzarət mexanizmlərinin gücləndirilməsi və qida təhlükəsizliyi standartlarının real icrası həyati əhəmiyyət daşıyır” – deyə, o, qeyd edib.

Qeyd edək ki, texniki kartofun insan qidası kimi istifadəsi uzunmüddətli sağlamlıq problemlərinə, toksin və pestisid təsirlərinə yol aça bilər. /Demokrat.az/

Seçilən
99
nocomment.az

1Mənbələr