Son illər toy menyularının kəskin bahalaşması həm toy sahibləri, həm də qonaqlar arasında ciddi narazılıq doğurur. Bir çox hallarda vətəndaşlar ödədikləri yüksək məbləğin qarşılığında təqdim olunan yeməklərin keyfiyyətinin adi, ucuz toy menyularından fərqlənmədiyini bildirirlər. Üstəlik, musiqi, foto və video çəkilişi, parkinq və digər xidmətlərin menyu qiymətinə daxil olmaması bu xərclərin real dəyərinin 3–4 dəfə şişirdildiyi qənaətini yaradır. Xüsusilə Ramazan ayından və məhərrəmlik dövründən sonra restoranların toy qiymətlərini artırması diqqət çəkir və bu artım adətən ərzaq məhsullarının bahalaşması ilə izah olunur.
Məsələ ilə bağlı NOCOMMENT.az–a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, toy qiymətlərindəki artım birbaşa ərzaq bazarındakı bahalaşma ilə əlaqəlidir. Onun sözlərinə görə, hazırda ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunur və bu, istər-istəməz toy xərclərinə də təsir edir. Eyni zamanda, dini aylar və bayramlardan sonra toyların sayında kəskin artım baş verir. İnsanlar bu dövrlərdə toylarını təxirə saldıqları üçün məhdudiyyətlər bitdikdən sonra tələbat yüksəlir və bu da qiymətlərin artmasına səbəb olur.

Ekspert vurğulayıb ki, qiymətlərin süni şəkildə bahalaşmasının qarşısını almaq üçün bazarda rəqabətli mühit formalaşdırılmalı və nəzarət mexanizmləri gücləndirilməlidir. Natiq Cəfərli əlavə edib ki, restoranların böyük əksəriyyəti icarə əsasında fəaliyyət göstərir və xüsusilə dəbdəbəli, tanınmış məkanların icarə haqları olduqca yüksəkdir. Bu obyektləri işlədən sahibkarlar icarə xərcləri ilə yanaşı vergi və digər ödənişləri də ödəməli olurlar ki, bu da qiymətlərə təsir edir.

Bununla yanaşı, iqtisadçı qiymətlərin şişirdildiyini etiraf etsə də, bu prosesdə vətəndaşların seçimlərinin də rol oynadığını qeyd edib. Onun fikrincə, insanların məhz daha dəbdəbəli və məşhur restoranlara üstünlük verməsi qiymətlərin artımını stimullaşdırır: “Daha dəbdəbəli məkan seçiləndə, təbii ki, qiymət də yüksək olur. Vətəndaşlar bu amili nəzərə almalıdırlar. Çünki süni bahalaşmaya müəyyən mənada onların düşüncə tərzi və seçimləri də təsir göstərir”, – deyə Natiq Cəfərli bildirib.