AZ

Prezident İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib

Davos, 20 yanvar, AZƏRTAC

Yanvarın 20-də Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibəsindən sonra bu telekanalın təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırıb.

Moderator: Sabahınız xeyir, Zati-aliləri, xanımlar və cənablar.

Bu səhər çox xüsusi tədbirdə xoş gördük. Burada Azərbaycan və daha geniş bölgə üçün regional rifahın təmin edilməsi, iqtisadi imkanların yaradılması mövzusunda Azərbaycan rəhbərliyi ilə Davosda ilk səhər yeməyinə xoş gəlmisiniz. Bu gün biz daşımalar, energetika və əlbəttə ki, iqtisadi inkişaf üzrə regional qovşaq kimi Azərbaycanın artan rolunu araşdırmaq məqsədilə Sizi, hökumət rəsmilərini, biznes rəhbərlərini və sərmayədarları salamlayırıq. İndi isə bu sessiyada regional daşımalar, strateji sərmayə prioritetləri və Azərbaycanın dayanıqlı inkişafla bağlı planlarını nəzərdən keçirməyə çalışacağıq. Əvvəlcə, mən böyük məmnuniyyətlə açılış nitqi üçün “Euronews” kanalımızın sədri cənab Pedro Varqas Davidi səhnədə salamlayıram. Xoş gəlmisiniz, Pedro.

Pedro Varqas: Sağ olun. Sabahınız xeyir. Beləliklə, ilk növbədə, icazənizlə deyim ki, “Euronews” burada - Davosda Azərbaycan rəhbərliyi ilə ilk səhər yeməyini təşkil etməkdən fərəh hissi duyur. Azərbaycan çox sürətli templə dəyişir və düşünürəm ki, auditoriyada bu qədər mötəbər qonaqları qəbul etmək və bir araya toplamaq məqsədilə “Euronews”la Azərbaycan arasında birlik Azərbaycanla müzakirə etmək, onunla birgə işləmək marağını, iradəsini göstərir və həqiqətən, gələcəkdə bu ölkənin ən parlaq ulduzlardan birinə çevrilməsi fürsətini ehtiva edir. Lakin, əvvəla, mən tarixi məqamla başlamalıyam. Çoxsaylı azərbaycanlı dostlarımız və Zati-aliləri, cənab Prezident buradadırlar. Biz, həmçinin Bakının işğalı zamanı sovetlərin müdaxiləsi nəticəsində 130-dan artıq azərbaycanlının həyatını itirdiyi Qara Yanvarın 36-cı ildönümünü bu gün qeyd edirik. Bu gün elə dünyada yaşayırıq ki, geriyə qayıtmağa, tarixə nəzər salmağa və yad etməyə ehtiyac duyuruq. O vaxt baş vermiş faciəli hadisələrə görə Sizə başsağlığı veririk.

İndi isə 2026-cı ildə Azərbaycan sülh içində yaşayır. Azərbaycan bütün ərazi bütövlüyünü bərpa etmiş, inkişafa çalışan, növbəti addımlarını planlaşdıran bir ölkədir. Cənab Prezident, Sizin rəhbərlik keyfiyyətləriniz liderin öz ölkəsinin gələcəyinə necə təsir edə biləcəyini, sülhə necə nail olacağını göstərir. Hətta təklif edərdim ki, Sizə və ermənistanlı həmkarınıza sülh mükafatı verilsin. Məsələ ilə bağlı müzakirə açmaq istəməzdim, lakin əminliklə deyə bilərəm ki, Siz ən mühüm sülh mükafatını artıq əldə etmisiniz - xalqınızın sülh mükafatını qazanmısınız, ədalətin və rifahın təmin edilməsi tanınır, gördüyünüz işlər sayəsində sülhün bərqərar olunduğu etiraf edilir. Bunlar yəqin ki, istənilən təşkilatın hər hansı qızıl medalından və ya digər mükafatından daha dəyərlidir. Əlbəttə ki, mən FIFA-nı nəzərdə tuturdum.

Cənab Prezident, Siz fərəh hissi duyan ölkəyə, öz gələcəyinə əmin olan ölkəyə rəhbərlik edirsiniz. Siz də hiss edə bilərsiniz ki, Azərbaycan dünyada öz mövqeyindən əmindir. “Euronews”dan əlavə olaraq, xarici investor kimi biz özəl kapitalımızla Azərbaycana sərmayə yatırmaqdan şadıq və icazə verin, Azərbaycanın hazırkı mövqeyinin uğurunun təməlində dayanan üç sahəni qeyd edim. Birinci yerdə Sizin diplomatik keyfiyyətləriniz, beynəlxalq diplomatiyanız dayanır. Sizin ölkəniz çox mürəkkəb coğrafiyada salınmış bir körpüdür. Mən Portuqaliyadanam. Bizim üçün çox asandır, İspaniyadan olan qardaşlarımız var. Lakin Sizə deyim ki, onlar da heç də hər zaman qardaşımız olmayıb. Biz beş əsr onlarla vuruşmuşuq. Hər zaman Cənubi Qafqazdakı dostlarıma deyirəm ki, baxın, sərhədlərin olmaması mümkündür. Bildirmək istəyirəm ki, biz, demək olar, ölkələr arasında fərqlərin müəyyən edilməsində çətinlik çəkirik. Onlar günortalar yatır, qalan vaxtda isə çox səs-küylü olmaqda davam edirlər. Əlbəttə, biz futbolda da qarşılaşırıq. Ümid edirəm ki, yaxın zamanlarda biz Bakıda Azərbaycan ilə Ermənistan arasında futbol meydançasında qarşılaşmanı, 11 oyunçunun digər 11 oyunçu ilə mübarizə aparmasını görə biləcəyik və deyəcəyik, qoy güclü aparsın. Bununla belə, ümidvaram ki, son illərdə Portuqaliyanın töhfəsi o qədər yaxşı olmasa da, biz yaxın vaxtlarda təkmilləşəcəyik.

Cənab Prezident, mən düşünürdüm ki, bu ilin Davos tədbirində İran məsələsinə dair müzakirələr aparacağıq. Amma görünür, bu tədbir Qrenlandiya ilə bağlı müzakirələrlə keçəcək. Təbii ki, qonşunuz Rusiyadırsa, İrandırsa, qonşuluqda tarixən ərazi iddiaları olan ölkələr varsa, baş çıxarmaq asan deyil. Sizə güc və diplomatiyanın kombinasiyası lazımdır. Məncə, Siz buna nail olmusunuz. Digər tərəfdən, düşünürəm ki, Mərkəzi Asiya ilə münasibətlərinizdə Siz çox mühüm dəyişiklik etdiniz. Əlbəttə, tarixi köklərə gəldikdə, Siz türkdilli ölkəsiniz. Lakin beşliyə, indi isə altılar qrupuna qoşulmağınız vacib an idi və həmin məsələdən dünyanın qalan hissəsi də yararlanmalıdır. Mənim üçün hazırda sərmayələr baxımından bölgəniz ən yaxşı regionlardan və risk-gəlir nisbətinə görə ən yaxşı yerlərdən biridir. Daha çox qərbyönümlü sərmayədarlar üçün bu regiona diqqət yetirmək, burada bazarların imkanlarını araşdırmaq məqsədəuyğundur. Bütün küləkləri ilə Bakı heç vaxt bu qədər sakit olmayıb. Siz nəinki körpü saldınız, həmçinin buxta yaratdınız. Həmin buxtada müsəlmanlar, xristianlar və yəhudilər ahəngdarlıq məkanı tapıblar. Əfsuslar olsun ki, bugünkü dünyada normal vəziyyət hər yerdə artıq nadir hadisə hesab edilir. Ölkəniz Xəzər ilə Qara dənizi birləşdirən dünyəvi dövlətdir. Xüsusən də burada - Avropada strateji meyarlar haqqında danışdıqda, həmin iki dəniz gələcəyimiz üçün çox önəmlidir.

İkincisi, Siz etibarlı iqtisadi tərəfdaşsınız. Ölkədə həyata keçirdiyiniz və davam edən islahatlarla Azərbaycan hazırda xarici sərmayəni qəbul edən, ona açıq olan ölkədir. Düşünürəm ki, imkanların olacağı çox mühüm üç sahəni qeyd etmək olar. Orta sinfə və yerli bazarlara nəzər salsaq, həmin orta sinfə və artıma innovasiya gətirmək, sərmayə yatırmaq üçün bir çox sektorlarda, həqiqətən, imkanlar var. Həcmlərin azaldığını görürük, lakin işlərin miqyası birmənalı olaraq, bu azalmanı tamamlayır. Bir sözlə, Azərbaycanda orta sinfin inkişafında böyük imkan var. İngilis dilində danışan ali təhsilli gənc nəsil var. O, İT sahəsində daha çox ixtisaslaşır. Bu, yekun nəticədə istər texnologiyalarda, istər digər İT sektorlarında imkanlar açacaq.

Nəhayət, infrastruktur barədə danışaq. Əlbəttə, Tramp marşrutu və həyata keçirdiyiniz islahatlarla Azərbaycan həm hava və dəniz limanlarında, həm fiber-optikada, həm də böyük məlumat mərkəzləri baxımından iri infrastruktur sərmayələri üçün təbii qovşağa çevriləcək. Yeri gəlmişkən, mən istəməzdim, böyük məlumat mərkəzləri sahəsində hər hansı digər sərmayədar irəliyə bizdən daha sürətlə getsin. Enerji tarifləri, strateji mövqeyi baxımından Azərbaycan üçün kifayət qədər böyük fürsət yaranacaq. İndi isə rəqəmlərin növbəsi çatdı. Bir halda ki, mən ixtisasca iqtisadçıyam və biz Davosdayıq, gəlin, bəzi rəqəmləri səsləndirək.

Keçən il Sizin qeyri-neft sektorunda ÜDM 2,7 faiz artıb. Əlbəttə, hamımız ötən il enerji sektorunda nələrin baş verdiyini yaxşı bilirik, lakin Azərbaycan digər sahələrdə əhəmiyyətli artımı davam etdirir. Son məlumatlara əsasən, ölkədə adambaşına düşən ÜDM 7 400 dollara çatıb. Ehtimal ki, bunlar ötən həftənin göstəriciləridir.

Mənim heç bir şübhəm yoxdur ki, Azərbaycan biznes üçün açıqdır. Biz deyirik ki, pullarınızı bəyəndiyiniz yerə yatırmalısınız, elə deyilmi? Məhz buna görə də bu gün böyük məmnuniyyətlə elan edirik ki, Alpac Azərbaycan, Özbəkistan və digər regionlar üçün yeni fondumuzun ilk bağlanışını həyata keçirir və buna nail olur.

Bu fond bizim müzakirə etdiyimiz bir çox sahələrə investisiya yatıracaq. Biz fond üçün 250 milyon avro hədəfi üzərində razılığa gəlmişik və görürük ki, yaxın 4-5 il ərzində bu, ölkəyə yarım milyard avroya qədər investisiya cəlb olunmasına gətirib çıxara bilər. Ona görə də dediyimiz kimi, vəsaitlərinizi bəyəndiyiniz yerə yatırmalısınız.

Düşünürəm ki, bizi izləyən bütün insanları və burada olan hər kəsi dəvət edirik: Bakıya gəlin, Azərbaycanı ziyarət edin, vaxt keçirin, komandalarınızı göndərin, bazarı tanıyın. İmkanlar mövcuddur, hökumət əməkdaşlığa hazırdır. Region, şübhəsiz ki, gələcək üçün strateji əhəmiyyət daşıyır.

Biz tərəfdaşlarımızla qürur duyuruq, Sizin liderliyinizdən ilham alırıq və sülh, dünyəvilik, təhlükəsizlik və güclü iqtisadi inkişaf məkanı olan bu torpaq üçün ümidliyik. Bu gün bizimlə birlikdə olduğunuz üçün çox təşəkkür edirik. İndi isə söhbətin maraqlı hissəsini sizə təqdim edirəm.

Moderator: Çox sağ olun, xanımlar və cənablar, cənab Varqas. Pedro, çox təşəkkür edirəm.

Bildiyiniz kimi, bu gün çox xüsusi bir qonağımız var və onu yenidən səhnədə salamlamaq mənim üçün böyük şərəfdir - Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyev.

Prezident İlham Əliyev: Sağ olun.

Moderator: Cənab Prezident, mən düşünürəm ki, əvvəlcə Sizə qısa bir sual verim, sonra isə sözü auditoriyaya verək. Xahiş edirəm, fikirlərinizi cəmləyin və öz suallarınıza hazır olun.

Davosda sərmayədarlar getdikcə daha çox sabitliyə, davamlılığa və uzunmüddətli gəlirlərə diqqət yetirirlər. Bu gün Azərbaycanın əsas strateji investisiya prioritetləri hansılardır?

Prezident İlham Əliyev: Əvvəla, məni dəvət etdiyinə və bu möhtəşəm tədbiri təşkil etdiyinə görə “Euronews”a təşəkkür etmək istərdim. Həmçinin ölkəmiz və əldə olunan nailiyyətlər barədə deyilən xoş sözlərə görə minnətdaram. Şübhəsiz ki, biz islahatlar yolunda irəliləməyə davam edəcəyik və “Euronews” ilə güclü tərəfdaşlığımız Azərbaycanın olduğu kimi təqdim edilməsi, nailiyyətlərimizin nümayiş etdirilməsi və potensial sərmayədarların cəlb edilməsi üçün bir fürsətdir.

İnvestisiya prioritetlərinə gəldikdə, uzun illər ərzində bizim üçün əsas prioritet enerji sektoru olub. Çünki resurslarımız bizə iqtisadi nailiyyətlərimizi artırmağa və insanların həyat səviyyəsini yaxşılaşdırmağa imkan verib. Bu gün enerji layihələrinin böyük hissəsi artıq tamamlanıb. Bəli, biz fəaliyyətimizi davam etdiririk və beynəlxalq bazarlara təqdim edəcəyimiz daha çox imkanlarımız olacaq. Lakin əsas prioritet artıq qeyri-enerji sektoru, yəni neft və qazdan kənar sahələrdir.

İqtisadiyyatın şaxələndirilməsi ölkəmiz üçün birinci prioritetdir. Praktik baxımdan bu gün biz bərpaolunan enerji sahəsinə artan marağı görürük. Artıq iki iri bərpaolunan enerji elektrik stansiyasını istismara vermişik və növbəti 6 il ərzində Günəş və külək enerjisi üzrə istehsal gücümüzü əhəmiyyətli dərəcədə artıracağıq.

Başqa sözlə, 2032-ci ilə qədər Günəş və külək enerjisi üzrə 8 giqavat güc əldə etməyi gözləyirik. Günəş və külək potensialımız çoxdur və biz böyük imkanlar görürük. Biz artıq bir neçə layihə üzrə müqavilələr bağlamışıq və hazırda enerji toplanması qurğuları barədə düşünürük. İlk yer artıq müəyyən edilib.

Biz ötürücü xətlərə investisiya qoyuluşunu gözləyirik, çünki məqsədimiz yaşıl enerjinin ixracıdır. Məlumat mərkəzlərinə gəldikdə isə hesab edirik ki, Azərbaycan sərmayədarlar üçün əsas mərkəzlərdən birinə çevrilə bilər. Birincisi, enerji ucuzdur. İkincisi, əlavə potensialımız var. Hətta bu gün istifadə etmədiyimiz və ötürmə imkanlarının məhdudluğu səbəbindən ixrac edə bilmədiyimiz 2 giqavat elektrik enerjimiz mövcuddur.

Altı il ərzində bu göstərici 8 giqavata çatacaq və regionumuzda heç bir ölkə bu qədər əlavə gücə malik deyil. Əksər ölkələr idxaldan asılıdır. Bəziləri hətta enerji çatışmazlığı ilə üzləşir. Məhz buna görə də məlumat mərkəzləri üçün maksimum səmərəliliyin əldə oluna biləcəyi yer Azərbaycandır.

Biz bu istiqamətdə fəal işləyirik, o cümlədən Davosda keçirdiyim görüşlər və nümayəndə heyətlərinin təmasları vasitəsilə. Beləliklə, beynəlxalq əməkdaşlıq axtardığımız iki əsas investisiya sahəsi bunlardır.

Üçüncü sahə isə mədənçilikdir. Bu sahə nisbətən yenidir. Çünki nadir metallarımızın əksəriyyəti son beş və iki il ərzində Ermənistanın işğalından azad edilmiş ərazilərdə yerləşir. Hazırda ən müasir texnologiyalardan istifadə etməklə fəal tədqiqat mərhələsindəyik ki, potensialımızı dəqiq müəyyən edək. Potensialın mövcudluğu sovet dövründə aparılmış araşdırmalardan məlumdur, lakin o texnologiyalar tamamilə köhnə idi.

Mədənçilik, bərpaolunan enerji, süni intellekt və məlumat mərkəzləri xarici investisiyaların cəlb olunması üçün əsas hədəflərdir.

Moderator: Müşahidə olunan geosiyasi parçalanma və sanksiyaların təsiri altında münasibətlərin yenidən qurulması şəraitində bağlılıq təşəbbüslərinin dayanıqlığını necə təmin etmək olar? İqtisadi əməkdaşlıq və əlaqəlilik təşəbbüsləri gərgin siyasi münasibətlər olsa belə neytral bir platforma rolunu oynaya bilərmi?

Prezident İlham Əliyev: Biz neft və qaz kəmərlərinin tikintisi üzrə bağlılıq məsələsi ilə məşğul olmuşuq, çünki quru ilə əhatə olunmuş ölkəyik. Neft və qazı ixrac etmək üçün digər ölkələrin ərazisindən keçməliyik. Biz Bakıdan başlayaraq genişmiqyaslı və mürəkkəb boru kəməri layihələrindən birini uğurla həyata keçirmişik. Bakıdan İtaliya sahillərinə qədər uzanan, ümumi uzunluğu təxminən 3500 kilometr olan və bir neçə ölkədən keçən, yəqin ki, ən mürəkkəb qaz kəməri layihələrindən birini uğurla reallaşdırmışıq.

Təsəvvür etdiyiniz kimi, bunu etmək asan deyildi. Çünki biz boru kəmərinin keçdiyi bütün ölkələrin hökumətləri ilə ev sahibi ölkəsi müqavilələrini, kommersiya şərtlərini və tarifləri razılaşdırmalıydıq. Biz bunu etdik. Artıq boru kəməri 5 ildir ki, fəaliyyət göstərir. Neft boru kəməri bundan əvvəl çəkilmişdir. Biz 2006-cı ildə Xəzər dənizindən Aralıq dənizinə qədər uzanan əsas ixrac boru kəmərinin açılışını etdik. Beləliklə bu, ilk bağlılıq layihəsi idi. Sonra artıq qonşu ölkələrlə qurulmuş münasibətlər əsasında biz nəqliyyat sahəsində bağlılıq layihələrinə sərmayə yatırmağa başladıq. Biz başlanğıcını Azərbaycandan götürən, Gürcüstan və Türkiyə ərazisindən keçən, oradan Avropaya və Aralıq dənizi limanlarına gedən dəmir yolu xəttinə investisiya yatırdıq. Beləliklə, bu layihə qismən Azərbaycandan Qərbə doğru ərazini əhatə edirdi. İndi isə biz Azərbaycandan Şərq istiqamətində layihə haqqında düşünürük.

Artıq burada qeyd olunduğu kimi, biz keçən il Mərkəzi Asiya Ölkələrinin Məşvərət Şurasının tamhüquqlu üzvü olduq. Bu, beş Mərkəzi Asiya ölkəsinin prezidentləri tərəfindən qəbul olunmuş Beşlik formatını Altılıq formatına çevirmək məqsədilə yekdil qərar idi. Biz bunu Azərbaycana hörmət əlaməti, göstərdiyimiz səylərin qiymətləndirilməsi kimi qəbul edirik. Həmçinin bunu müdriklik əlaməti kimi də qəbul edirik, çünki bu gün Azərbaycandan yan keçmək o deməkdir ki, siz sanksiyalar altındakı ərazilərdən keçməlisiniz. Digər iki variant da mövcuddur, lakin onların hər ikisi Azərbaycandan Şimala və Cənuba - sanksiyaların qüvvədə olduğu zonalardan keçir ki, bu da həm mal göndərənlər, həm də, ilk növbədə, alıcılar üçün rahat deyil. Beləliklə iş elə gətirib ki, Azərbaycan Avropa üçün Mərkəzi Asiya ilə bağlantı yaratmaq məqsədi daşıyan yeganə etibarlı, təhlükəsiz və xoşməramlı təyinat ölkəsidir.

Bizim Avropa İttifaqının “Qlobal Qapılar” adlanan layihəsi haqqında məlumatımız var. Bu layihə Avropanı Mərkəzi Asiya ilə birləşdirəcək və əlbəttə ki, Azərbaycan burada önəmli rol oynayır. Bu vaxtadək biz əsasən öz nəqliyyat infrastrukturumuza - dəniz limanlarına, hava limanlarına, dəmir yollarına, magistrallara sərmayə yatırmağa nail olmuşuq. Beləliklə demək olar ki, hər bir şey artıq hazırdır. Lakin yüklərin həcmi o qədər sürətlə böyüyür ki, biz Dəniz Limanımızın ötürmə qabiliyyətini artırmaq qərarına gəldik. Beləliklə nəqliyyat əlaqələri, o cümlədən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi, həmçinin Ermənistanı da Mərkəzi Asiyanın daha geniş regional nəqliyyat şəbəkəsinə daxil edəcək, sülh işinə töhfə verəcək. Çünki Ermənistanın yolları açılacaq, o, tariflərdən faydalar qazanacaq, daha geniş beynəlxalq əməkdaşlıqda iştirak edəcək. Onlar artıq faydaları görürlər, çünki Ermənistanla sülhə nail olduqdan sonra Azərbaycan yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb və Azərbaycanın ərazisindən Ermənistana gedən, Qazaxıstandan və Rusiyadan gələn ilk yüklər artıq göndərilib. Bundan əlavə, biz Ermənistana onların əldə edə biləcəyi qiymətdən çox ucuz olan mühüm neft məhsullarını təchiz etməyə başlamışıq. Bütün bu məsələlər bir-birinə bağlıdır - nəqliyyat əlaqələri, qonşularla yaxşı münasibətlər, sülh, yəqinlik və qarşılıqlı maraq.

Moderator: Təşəkkür edirəm, cənab Prezident.

İndi isə söz auditoriyanındır. Sizdən cənab Prezidentə ilk sualı kim vermək istəyir? Əllərinizi qaldırmısınız? Əminəm ki, çoxlu suallar var. Utanmayın. Pedro, sizin sualınız varmı?

Pedro Varqas: Cənab Prezident, Azərbaycana səfər edəndə məni həmişə təsirləndirən məsələlərdən biri daşınmaz əmlakdır, orta seqmentə aid olan insanlardır. İnsanların həyatının daha da yaxşı olduğunu görürük, alıcılıq qabiliyyətinin daha da artdığını görürük. Ümumi götürsək, bu tendensiyanın gələcəkdə necə olacağını görürsünüz və daşınmaz əmlak, nəqliyyat kimi sektorlara, xarici sərmayəyə nə qədər açıqsınız? Bu, orta seqment üçün bir fürsətdir və hesab edirəm ki, gələcək illərdə bu sahədə bir sıçrayış yaşanacaq. Bir çox investor və burada iştirak edən şəxslər bu sektorda xaricilərin iştirakı barədə Sizin mövqeyinizi bilmək istərdilər.

Prezident İlham Əliyev: İnvestisiya və islahatlar siyasətimizə uyğun olaraq, biz işsizlik və yoxsulluq səviyyələrinə aid olan məsələyə ciddi yanaşırdıq və onların hər ikisini beş faiz səviyyəsinə azaltmağa nail olduq. Beləliklə, orta seqment hesab olunanların sayı artır və biz Azərbaycanda artan alıcılıq qabiliyyətini görürük.

Bu gün Bakıda bir neçə irimiqyaslı şəhərsalma layihəsi həyata keçirilir. Onlardan biri “Ağ Şəhər”dir. Bu, şəhərin içində olan bir şəhərdir. Gələcək bir neçə ildə burada təxminən 50 min insan məskunlaşacaq. Digəri isə həm də turizm məkanı olan “Sea Breeze” adlanır. Bu layihənin tərkibinə əyləncə xarakterli obyektlər, hotellər və yaşayış binaları daxildir. Layihə hazırda 6 kilometrdən çox sahə boyunca uzanır və hətta daha da böyüyəcək. Digər tikinti layihələrini nəzərə almadan, sadəcə, bu iki layihədə satış göstəriciləri onu nümayiş etdirir ki, böyük tələbat var. Mənzil və evləri alanların 70 faizindən çoxu yerlilərdir. Bu, iqtisadi islahatlara və iqtisadi inkişafa görə insanların alıcılıq qabiliyyətinin artdığını göstərir. Eyni zamanda, bu nisbət onu da göstərir ki, Bakı və Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub. Çünki bu gün sərmayədarlar özlərini rahat və təhlükəsiz hiss edəcək yerlərin axtarışındadırlar. Bu nöqteyi-nəzərdən, - bunu həm də Pedro qeyd etmişdir, - multikulturalizm, mədəni və etnik müxtəliflik, qarşılıqlı fəaliyyətin və birgəyaşayışın çox müsbət ruhu, bütün etnik mənsubiyyəti olan insanlar və bütün ənənəvi dinlərin nümayəndələri arasındakı qarşılıqlı hörmət həqiqətən də bu ruhu yaradır ki, insanlar Bakıda ev, mənzil almaq, yay fəslini, tətilini gəlib burada - dəniz sahilində keçirmək, həmçinin investisiya yatırmaq istəyirlər. Çünki siz tikinti mərhələsində investisiya yatırdıqda artıq layihə başa çatdıqdan sonra onu ikiqat qiymətə sata bilərsiniz.

Bu, faktiki olaraq iqtisadi fəaliyyətin ən yaxşı göstəricisidir. Təəssüf ki, Azərbaycanda neft ehtiyatlarının təbii azalması səbəbindən iqtisadiyyatımız sürətlə inkişaf edə bilmir. Lakin qeyd etdiyiniz kimi, qeyri-neft sektoru 2 faizdən çox artıb və neft-qazla əlaqəli olmayan sənaye isə ötən il 5,5 faiz artıb. Prezident olaraq mənim üçün bunlar əsas göstəricilərdir.

Enerji sektoruna gəlincə, biz qaz hasilatını artırırıq, neft hasilatını azaldırıq. Lakin neft hasilatını sabitləşdirmək, hətta artırmaqla bağlı planlarımız var. Ola bilsin ki, indi bu barədə danışmaq tezdir. Ancaq əgər beynəlxalq enerji şirkətləri tərəfindən həyata keçirilən kəşfiyyat layihələri yaxşı nəticələr versə, Azərbaycanda ikinci mühüm neft bumunu yaşaya biləcəyimizə dair çox haqlı ümidlərimiz var. Biz məhz buna ümid edirik.

Moderator: Çox sağ olun. Başqa sual var?

Cenni Conson: Cənab Prezident, Sizə bir qədər əyləncəli sualım var. Bildiyimə görə, Siz xizək sürürsünüz. Azərbaycanda xizək sürmək mənə də nəsib oldu. Təbrik edirəm, orada ən müasir qurğularınız var. Bildiyimə görə, martda Dünya çempionatı keçirəcəksiniz. Bir qədər bu barədə danışa bilərsinizmi?

Prezident İlham Əliyev: Bəli. Mənim xizəkçi olduğumu sizdən eşitmək qızıl medal almaq kimidir. Çünki Cenni həqiqi çempiondur. Çox şadam ki, o, Azərbaycanda xizək sürməkdən zövq alıb. Tədbir başlamazdan əvvəl biz söhbət etdik və mən söylədim ki, bu il Şahdağda Dünya çempionatı keçiriləcək. Beynəlxalq Xizək Federasiyası ilə bizim əlaqələrimiz başlayıb və bu tədbir artıq təqvimə salınıb. Beləliklə, hər il bizdə azı bir tədbir - ya Dünya çempionatı, ya da Avropa çempionatı keçiriləcək. Bu, artıq 10 ildən çoxdur ki, böyük maraq cəlb edən və turistlərin sayının artmasında mühüm rol oynayan yay tədbirimizlə – Formula 1-lə müəyyən dərəcədə balans yaradacaq. İlk Formula 1-dən sonra artım 20 faiz oldu. Bu rəqəm COVID-dən əvvəl davamlı olaraq artırdı. COVID hər şeyi məhv etdi. İndi yenidən artır. Bu, ölkənin təqdimatı idi, çünki bu, şəhər halqası idi. Necə deyərlər, şəhər ətrafında idi, tarixi hissələr, müasir hissələr.

İndi Şahdağda Dünya çempionatı Azərbaycanın qış təqdimatı olacaq. Yeni hotellərin, yeni obyektlərin tikilməsini nəzərə alsaq, ümidvaram ki, bir çox insan xizək sürmək üçün bu məkanı seçəcək. Bu gün yamacların uzunluğu artıq 45 kilometrdir, iki-üç ilə 55 kilometr olacaq. Sözsüz ki, İsveçrə ilə müqayisə oluna bilməz. Lakin bizim regionumuzda ən böyük və ən rahat xizək kurortlarından biri olacaq. Bildiyimiz kimi, biz xizəkçilər üçün ən mürəkkəb hissə ondan ibarətdir ki, avtobusa minirsən, stansiyaya çatırsan, kabinəyə daxil olursan, 15 dəqiqə gözləyirsən ki, səni yamaca aparsın. Siz Şahdağda birbaşa hoteldən xizəklə düşə bilərsiniz. Siz minimum 30 dəqiqəyə qənaət edirsiniz və bu, sizi daha çox sevindirir. Bunu xatırlatdığınıza görə təşəkkür edirəm. Mənə bu barədə auditoriyanı məlumatlandırmaq imkanı verdi. Bir daha Şahdağa xoş gəlmisiniz!

Cenni Conson: Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Yeri gəlmişkən, biz razılaşdıq ki, birlikdə xizək sürək.

Moderator: Söz verilir ön sırada əyləşən cənaba. Salam.

Demian Potter: Salam, mən “H/Advisors”dan Demian Potterəm. Cenni, sualına görə təşəkkür edirəm. Gələcək planlarla bağlı məni qabaqladın. Keçmişə nəzər salsaq, Siz Avroviziya mahnı müsabiqəsinə uğurla ev sahibliyi edə bildiniz, həmçinin COP29-a uğurla ev sahibliyi etdiniz. İndi iki mühüm idman tədbiriniz var – xizəksürmə və Formula 1. Artıq ev sahibliyi etdiyiniz tədbirlərdən hansı dərsi çıxardınız və gələcəkdə başqa hansı tədbirlərə ev sahibliyi etmək arzusundasınız?

Prezident İlham Əliyev: İlk dərs o oldu ki, müxtəlif dairələrin bu tədbirlərə qarşı çıxmasına baxmayaraq, siz ölkə üçün doğru olanı etməlisiniz. İstər Avroviziya, istər COP-la bağlı biz əsassız tənqidlərlə üzləşdik. Xüsusilə COP-la bağlı bizi günahlandırdılar ki, neft istehsal edən ölkəyik, neft istehsal edən ölkə necə COP-a ev sahibliyi edə bilər. Baxmayaraq ki, Azərbaycandan əvvəl və sonra Azərbaycandan xeyli çox neft istehsal edən ölkələr olub. Lakin sual bizimlə bağlı idi və mən söylədim ki, neftə sahib olmaq bizim günahımız deyil. Biz buna görə günahlandırılmamalıyıq. Bizi neft sərvətimizi necə idarə etməyimiz, onu cəmiyyətdə ədalətli şəkildə necə paylaşdırdığımızla bağlı qiymətləndirmək lazımdır. Beləliklə, çıxardığımız dərslərdən biri bu idi. Çünki səmimi desək, COP-a birillik hazırlıq müddətində bu macəraya qoşulduğumuza görə mən dəfələrlə peşman oldum. Çünki həqiqətən də bəzi media qurumlarında tənqid, aqressiyanın səviyyəsi o qədər yüksək idi ki, insanı demək olar, ruhdan salırdı. Buna baxmayaraq, biz yaxşı tədbir keçirmək əzmində idik və bu, təşkilatçılıq baxımından, daha vacibi isə nəticələr baxımından həqiqətən də yaxşı tədbir oldu. Biz 10 il ərzində əldə edilməsi mümkün olmayana nail olduq. Karbon bazarının fəaliyyəti ilə bağlı razılığa gəldik, İtki və Zərər Fondu fəaliyyətə başladı, həmçinin iştirakçı sayı boykotu təbliğ edənlərə yaxşı cavab oldu. Ermənistandan başqa, bütün ölkələr iştirak etdi. 70 dövlət və hökumət başçısı iştirak etdi. Beləliklə, boykot taktikası uğursuzluğa düçar oldu. Bu, dərs oldu ki, əgər nəyinsə doğru olduğunu düşünürsünüzsə, buna əminsinizsə, bütün müqavimətə, etiraza, bəzən bütün düşmənçiliklərə baxmayaraq bunu etməlisiniz. Bundan əlavə, bu, bizə öz mövqeyimizi təqdim etməyə imkan verdi. Eyni vaxtda neft və qaza sahib olmaqla yanaşı, artıq qeyd etdiyim kimi, biz bərpaolunan enerjiyə böyük sərmayə yatırırıq və bu, bizim məsuliyyətimizin bir hissəsidir. Biz bərpaolunan enerjiyə ona görə sərmayə yatırmırıq ki, enerjiyə ehtiyacımız var, ona görə sərmayə yatırırıq ki, məsuliyyətli insanlarıq və ən azı ölkəmizi, regionumuzu yaşayış üçün daha uyğun bir yerə çevirmək istəyirik. Çirklənmə, karbon emissiyaları - bütün bunları biz gözlərimizlə görə bilmirik, lakin əfsuslar olsun ki, biz və uşaqlarımız bunu hiss edirik. Düşünürəm ki, qazıntı yanacağı ilə zəngin olan ölkələr bərpaolunan enerjiyə sərmayə yatıranda onlara hörmət və rəğbətlə yanaşılmalıdır.

Ev sahibliyi etdiyimiz beynəlxalq əhəmiyyətli tədbirlər haqqında danışarkən birini də qeyd etmək istərdim. Ötən il ilk dəfə Bakıda, aparıcı idmançıların iştirakı ilə UFC turniri keçirildi. Bu tədbir də bütün əsas televiziya kanalları vasitəsilə yayımlandı. Ümid edirəm ki, UFC turnirinə ev sahibliyi etmək də bir ənənəyə çevriləcək. ABŞ-dan başqa bu turnirə ev sahibliyi edən ölkələrin sayı o qədər də çox deyil və bu turnir vasitəsilə Azərbaycanın dünya xəritəsində yer alması bir daha ölkəmizin imkanlarını, beynəlxalq idman və əyləncə gündəliyinə inteqrasiya olunmağımızı nümayiş etdirir.

Moderator: Təşəkkür edirəm. Metyu Armstronq, Amerikanın qlobal enerji texnologiyaları şirkəti “Baker Hughes”in dövlət qurumları ilə əlaqələr şöbəsinin rəhbəri.

Metyu Armstronq: Cənab Prezident, Siz COP29 haqqında danışdınız, mən də şirkətimiz adından həmin tədbirdə iştirak etmək şərəfinə nail oldum. Mən COP29-dan əvvəlki və sonrakı tədbirlərdə iştirak etmişəm və Sizin də qeyd etdiyiniz kimi, onlara neft hasil edən ölkələr ev sahibliyi edib. Sizi əmin edə bilərəm ki, Azərbaycanda keçirilən tədbir fantastik və təsirli oldu. Sizin tənqidlərə açıq və məsuliyyətli cavablarınızı təqdir edirəm. Biz buna bənzər təkamül prosesini keçmişik, - molekullar əhəmiyyətlidir, elektronların vacibliyi artmaqdadır, - ancaq ölkəniz hər ikisini istehsal edir və bununla da firavanlıq gətirir.

Avropa ilə qarşılıqlı bağlantı getdikcə əhəmiyyətini artırır. Faydalı qazıntı enerji növləri ilə bağlı bəzi tənqidlərə baxmayaraq, Siz Avropaya qaz ixracını iki dəfə artırmısınız, nəqliyyat və çatdırılma dəhlizlərini genişləndirirsiniz. Sualım belədir: Xəzər dənizi hövzəsində neft və qaz layihələrinə birbaşa Avropa sərmayələrinin qoyuluşunu necə görürsünüz? Sizin praqmatik yanaşmanızın açıq bazarlarda və kapitalın formalaşmasında öz əksini tapmasını görürsünüzmü? Biz Sizin nikbinliyinizi paylaşırıq və hesab edirik ki, Xəzərdə SOCAR və digər şirkətlər tərəfindən hasil ediləcək kifayət qədər neft və qaz ehtiyatları var. Siz Avropadan belə sərmayələrin qoyuluşunu gözləyirsiniz, yoxsa bu sahədə hələ görüləcək işlər var?

Prezident İlham Əliyev: Təəssüflər olsun ki, nə faydalı qazıntı enerji növlərinə, nə də bərpaolunan enerjiyə biz Avropadan əhəmiyyətli sərmayə qoyuluşunu görmürük. Bərpaolunan enerji sahəsində bizim əsas tərəfdaşlarımız BƏƏ, Səudiyyə Ərəbistanı, Çin, Böyük Britaniya və Azərbaycandan olan şirkətlərdir. Sərmayədar olmağa maraq göstərən Avropa şirkəti yoxdur.

Faydalı qazıntı növlərinə gəldikdə, ənənəvi olaraq ABŞ və Britaniya şirkətləri bu sahəyə maraq göstərib. bp və AMOCO şirkətlərinin birləşməsindən sonra bu, artıq Britaniya şirkəti hesab olunur. Yəni çox az Avropa şirkəti var - biri Fransa şirkətidir, digəri isə başqa ölkədən. Səmimi desək, biz Avropa şirkətlərindən sərmayə qoyuluşu ilə bağlı böyük maraq görmürük. Halbuki bu haqda artıq danışdım, Avropa bizim təbii qazımız üçün əsas istiqamətdir.

Keçən il biz 25 milyard kubmetrdən artıq təbii qaz ixrac etmişik. Bu həcmin təqribən 13 milyard kubmetri Avropaya ixrac edilib və bu rəqəm artacaq. Bu, Avropa İttifaqının xahişi əsasında edilib. Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Avropa İttifaqı Komissiyasının Prezidenti Bakıya səfər etdi və biz enerji sektorunda strateji tərəfdaşlıqla bağlı sənəd imzaladıq. Biz Avropaya qaz təchizatının həcminin iki dəfə - ovaxtkı 8 milyard kubmetrdən 16 milyard kubmetrə qədər artırmaqla bağlı razılığımızı bildirdik.

Beləliklə, 3 ildən artıq bir dövrdə biz bu rəqəmi təxminən 13 milyard kubmetrə çatdırmışıq və həcm artacaqdır. Birincisi, bizim ixtiyarımızdakı mövcud və yeni qaz yataqlarından əldə ediləcək həcmlər olacaq və bununla bağlı razılaşma əldə edilib. Digər tərəfdən, bərpaolunan enerjinin istehsalı bizə böyük qaz həcmlərinə qənaət etməyə imkan verəcək. Yəni 8 giqavat həcmində bərpaolunan enerji bizə 3-4 milyard kubmetr qaza qənaət etmək imkanı verəcəkdir ki, həmin qaz da Avropaya nəql edilə bilər.

Budur hazırkı vəziyyət. Hesab edirəm ki, bu gün Azərbaycana faydalı qazıntı növlərinə, bərpaolunan enerjiyə, süni intellektə və məlumatlar mərkəzlərinə sərmayə qoyuluşu Avropa şirkətlərinin marağındadır. Strateji tərəfdaşlıq nizamnaməsinin hazırlanması ilə bağlı işçi qrupun yaradılması haqqında mən və Prezident Tramp tərəfindən tarixi sənədin imzalanmasından sonra Amerika şirkətləri ilə bizim əməkdaşlığımız heç zaman olmadığı qədər intensivləşib. Biz demək olar ki, həmin sənədi, yəni strateji tərəfdaşlıq xartiyasını yekunlaşdırırıq və ümid edirəm ki, bu, növbəti ay baş tutacaqdır.

Bərpaolunan enerji mövzusu orada öz əksini tapmayıb, - bunun nə ilə bağlı olduğunu anlayırıq, - ancaq məlumat mərkəzləri, süni intellekt, bağlantı, enerji və bir sıra digər sahələr həmin xartiyaya daxildir. Biz avqust ayının 8-dən etibarən Vaşinqtona və digər şəhərlərə artıq 4 nümayəndə heyəti göndərmişik. Onların hamısı yaxşı nəticələrlə geri qayıdıb və hesab edirik ki, biz ABŞ ilə yeni mərhələyə qədəm qoyuruq - siyasi, iqtisadi, enerji və hətta müdafiə sahəsində. Bu, Azərbaycan üçün Amerika Birləşmiş Ştatlarından birbaşa sərmayə cəlb etməkdə böyük imkanlar yaradacaqdır və ümid edirəm ki, bizim avropalı tərəfdaşlarımız bu məsələdə geri qalmayacaqlar.

Moderator: Cənab Prezident, bizim 3 dəqiqəmiz var və ilk sırada əyləşən cənabın sualı var, sonuncu çox qısa sual.

Uilyam Lin: Cənab Prezident, burada olmaqdan şərəf duyuram. Mən Londonda bp-də çalışıram. Mən sual deyil, qısa şərh vermək istərdim. Cənab Prezident enerji sektoru ilə bağlı çox təfərrüatlı danışdı və burada əlavə etməli bir məsələ qalmadı. Mən, sadəcə, demək istərdim ki, bp şirkəti, yəni əvvəlki AMOCO şirkəti olaraq biz Sizin rəhbərliyinizlə möhtəşəm tərəfdaşlığın bir parçası olmuşuq. Cənab Prezident, Siz əsl tərəfdaşlıq üçün sərmayədarlara çox münbit şərait yaratmısınız. Siz artıq neft və qaz sahəsində Avropa istiqamətində birgə həyata keçirdiyimiz çoxsaylı böyük enerji və infrastruktur layihələri haqqında danışdınız. Bildiyiniz kimi, biz də öz növbəmizdə bərpaolunan enerjiyə sərmayə yatırırıq. Bunlardan biri də yeni ərazilərdə yaradılan Günəş enerjisi layihəsidir və biz hesab edirik ki, bu sahədə daha böyük imkanlar var. Bu, təkcə Azərbaycanın və ətraf mühitin mühafizəsi baxımından vacib deyil. Bu, həm də karbonsuzlaşdırma mənasında bp-nin özünə lazımdır, çünki bizim də belə bir öhdəliyimiz var.

Burada qeyd olunmayan iki məsələni də əlavə etmək istərdim. Bizim Azərbaycan və SOCAR ilə əməkdaşlığımız ölkə hüdudlarını aşır. Biz SOCAR ilə beynəlxalq səviyyədə əməkdaşlıq etmək arzusundayıq və bununla bağlı SOCAR-ın rəhbərliyə ilə olduqca uğurlu müzakirələr aparırıq. Digər məsələ texniki imkanlar və bacarıqla bağlıdır. Azərbaycanda çox böyük istedadlar var və biz bundan bp daxilində də faydalanırıq. Biz də həmin istedadları yetişdirərək dünyaya təqdim edirik. Bizim bir sıra çox yüksəksəviyyəli nümayəndələrimiz azərbaycanlılardır. Onlar böyük hazırlığa malikdirlər, bp daxilində beynəlxalq karyera qura biliblər, ölkəni, bp-ni və bizi qlobal səviyyədə dünyada güclü şəkildə təmsil edirlər. Əlavə etmək istədiyim bu qədərdir.

Moderator: Xoş sözlərə görə təşəkkür edirəm. Təəssüflər olsun ki, cənab Prezidentin bu gün çox gərgin qrafiki var, ancaq bu səhər bizimlə bir yerdə olduğuna görə gəlin, onu alqışlayaq.

Seçilən
72
29
azertag.az

10Mənbələr