AZ

20 Yanvar faciəsinə həsr olunmuş anım və müzakirə tədbiri keçirilib - FOTOLAR

Litera Kitab Evində Milli İrsin Mədəni Tarixi Araşdırmaları (MİMTA) Fondu, Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək İctimai Birliyi və Dünya Azərbaycanlıları Strateji Araşdırmalar və Təhlillər Mərkəzinin birgə təşkilatçılığı ilə “Qanlı 20 Yanvar 1990-cı il hadisələri: tarixi faktlar və təhlillər” mövzusunda tədbir keçirilib.

QHT.az xəbər verir ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbiri giriş sözü ilə açan MİMTA-nın icraçı direktoru Pərviz Əmirov bildirib ki, 20 Yanvar hadisələrindən bizi cəmi 36 illik bir zaman ayırır. Bu qısa tarix çərçivəsində Azərbaycan müstəqillik qazanıb, xalqımız öz müstəqil dövlətini qurub. O vurğulayıb ki, 20 Yanvar faciəsi zamanı amansız qətliam nəticəsində həlak olmuş oğul və qızlarımızın xatirəsi daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulur. Hər il insanlar kütləvi şəkildə Şəhidlər xiyabanına axın edərək azadlıq və müstəqillik uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizi ehtiramla yad edirlər.

Qeyd olunub ki, sovet ordusunun qoşunlarının qanunsuz şəkildə Azərbaycana yeridilməsi nəticəsində Bakıda və respublikanın digər rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz həbs olunub. Həlak olanlar arasında qadınlar, uşaqlar və yaşlı insanlar da olub. Azərbaycan xalqının 20 Yanvar şəhidlərinə göstərdiyi bu diqqət və ehtiram onun mübariz, qəhrəman ruhunun və milli hissiyyatının təzahürüdür.

Daha sonra çıxış edən Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək İctimai Birliyinin və Dünya Azərbaycanlıları Strateji Araşdırmalar və Təhlillər Mərkəzinin rəhbəri, politoloq Tofiq Əlizadə bildirib ki, son 300 il ərzində xalqımızın başına gətirilmiş faciələrdən vaxtında düzgün nəticələr çıxarıla bilməyib və tarix bir çox hallarda təkrar olunub. Onun sözlərinə görə, məhz bu səbəbdən 1918, 1988, 1990 və 1992-ci illərdə qanlı hadisələr baş verib.

Tofiq Əlizadə qeyd edib ki, 20 Yanvar 1990-cı il faciəsindən sonra dünyada yaşayan azərbaycanlıların təşkilatlanması daha da sürətlənib. Faciədən sonra sovet imperiyası Azərbaycanda özünün bütün mənəvi və sosial dayaqlarını itirib. Dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və onun nəticələrinin aradan qaldırılması naminə yaşadıqları ölkələrdə fəal şəkildə təşkilatlanmağa başlayıblar.

Çıxışda vurğulanıb ki, gənclərimiz tarixi həqiqətləri bilməli, yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifə kimi qarşıya qoyulmalıdır. 1990-cı ilin 20 Yanvar faciəsi olduğu kimi öyrənilməli və gələcək nəsillərə düzgün şəkildə çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş bu hadisələr tariximizin həm faciə, həm də qəhrəmanlıqla dolu unikal səhifəsidir və Azərbaycanın sonrakı taleyinə ciddi təsir göstərmiş dönüş nöqtəsidir.

Tofiq Əlizadə əlavə edib ki, 20 Yanvar cinayəti Azərbaycan xalqının iradəsini və bütövlüyünü qıra bilmədi. Bu hadisə milli məfkurənin inkişafına güclü təkan verdi. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, eyni zamanda istiqlal yolunun ilk zirvəsi, milli azadlıq düşüncəsinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşamış xalqın azadlıq səsini ucaltdığı və suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə 1994-cü il martın 29-da parlament tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edilib. Bununla da 20 Yanvar faciəsi Ulu Öndərin prinsipial və ardıcıl mübarizəsi nəticəsində öz siyasi-hüquqi qiymətini alıb.

Tədbirdə çıxış edənlər arasında “Çarşı” jurnalının baş redaktoru və Yasamal rayonu üzrə Respublika Qadınlar Cəmiyyətinin sədri Gülnarə Əmirquliyeva, VətənimAzərbaycandır.az saytının baş redaktoru Kamran Orucov, “Qadın Dünyası” İctimai Birliyinin sədri Kifayət Niftəliyeva və digər ziyalılar da olub. Onlar bildiriblər ki, 20 Yanvar hadisələri nəticəsində şəhid olmuş ailələrin sosial vəziyyəti daim dövlətin diqqət və qayğısı mərkəzində saxlanılır. Azərbaycan dövləti və xalqı öz şəhidlərini heç vaxt unutmur.

Prezident İlham Əliyevin sözlərinə istinad edən çıxışçılar qeyd ediblər ki, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir və xatirəsini uca tutur”. Azərbaycan xalqının milli yaddaşına “Qanlı Yanvar faciəsi” kimi həkk olunmuş o dəhşətli yanvar gecəsi heç zaman unudulmayacaq.

Tədbirin sonunda Azərbaycan tarixində baş vermiş hadisələri əks etdirən Azərbaycan filmlərindən qısa videoçarxlar nümayiş olunub.

Seçilən
125
qht.az

1Mənbələr