Bu il Azərbaycanda, Şahdağda Dünya Çempionatı keçiriləcək və bununla bağlı Beynəlxalq Xizək Federasiyası (FIS) ilə əməkdaşlıq artıq başlayıb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə biznes nümayəndələrinin suallarını cavablandırarkən bildirib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan hər il ya Dünya, ya da Avropa çempionatına ev sahibliyi etməyi hədəfləyir. Onun sözlərinə görə, bu yanaşma artıq on ildən çoxdur ölkədə keçirilən və turizmə ciddi töhfə verən Formula 1 yarışları ilə müəyyən balans yaradacaq.
Prezident İlham Əliyev qeyd edib ki, Formula 1-in ilk dəfə Bakıda keçirilməsindən sonra turist axınında təxminən 20 faiz artım qeydə alınıb.
Rəsmi Bakı beynəlxalq idman tədbirlərini turizmin inkişafı və ölkənin qlobal idman xəritəsində mövqeyinin möhkəmləndirilməsi baxımından əsas prioritetlərdən biri kimi dəyərləndirir.
Gülnar