Bir həkim baş ağrılarının az bilinən və gözlənilməz səbəbini müəyyən edib.
Editor.az xəbər verir ki, Krasnoqorsk Xəstəxanasının profilaktik tibb şöbəsinin müvəqqəti rəhbəri, terapevt Ekaterina Sysoyeva RİA Novosti-yə açıqlamasında uzun müddət baş dərisinin lazımi gigiyenasına riayət edilməməsinin baş ağrılarına səbəb ola biləcəyini bildirib.
Mütəxəssisin sözlərinə görə, saçın nadir hallarda yuyulması nəticəsində baş dərisində sebum (dəri yağı), mikroorqanizmlərin tullantıları və xarici çirkləndiricilər toplanır. Bu isə sinir uclarının qıcıqlanmasına, qan dövranının pozulmasına və nəticədə baş ağrılarının yaranmasına səbəb olur.
Həkim qeyd edib ki, saçın müntəzəm və düzgün şəkildə yuyulması baş dərisinin sağlamlığının qorunmasına kömək edir, iltihabi və göbələk infeksiyalarının riskini azaldır, eyni zamanda ümumi əhval-ruhiyyəni və diqqət cəmləmə qabiliyyətini yaxşılaşdırır.
Bununla yanaşı, Ekaterina Sysoyeva sərt yuyucu vasitələrdən həddindən artıq istifadə etməyin əks təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, bu cür məhsullar dərinin qoruyucu baryerini zədələyərək quruluq və qıcıqlanmaya yol aça bilər.
Qeyd edək ki, baş ağrılarının səbəbləri bununla məhdudlaşmır. Novqorod Universitetinin alimləri tərəfindən aparılan araşdırmalar nəticəsində dişlərin düzgün yerləşməməsi və diş qıcırdatma (bruksizm) kimi problemlərin də şiddətli və xroniki baş ağrılarına səbəb ola biləcəyi müəyyən edilib.
//Gülnarə Abasova, Editor.az