Bakı, 21 yanvar, AZƏRTAC
Dünya İqtisadi Forumu müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin öz siyasi prioritetlərini və iqtisadi strategiyalarını qlobal auditoriyaya təqdim etdiyi mühüm platformalardan biridir. 2026-cı ildə Davosda Prezident İlham Əliyevin iştirakı Azərbaycan üçün yalnız diplomatik aktivlik deyil, həm də post-münaqişə dövründə formalaşan yeni milli inkişaf modelinin beynəlxalq legitimləşdirilməsi baxımından əhəmiyyətli mərhələdir. Forum çərçivəsində Azərbaycan prezidenti qlobal və regional səviyyədə milli maraqlar, dövlət maraqları və güc balansını əhatə edən yeni siyasi realizmin təqdimatını edib.
Eyni yanaşma ilə Prezident iqtisadi alətlərin qlobal siyasi təsirlərinin təqdimatını edərkən, onların nəzərə alınması ilə formalaşan yeni geoiqtisadi realizmin təqdimatını verdi. Səsləndirdiyi fikirlərin nüvəsində isə bütün bunların Azərbaycanın post-münaqişə transformasiya modeli quruculuğunda rolu və imkanları haqqında geniş təqdimatları dururdu. Azərbaycan Prezidenti bəyan etdi ki, post-münaqişə mərhələsində Azərbaycan sülhü passiv vəziyyət kimi deyil, aktiv inkişaf aləti kimi təqdim edir və regionda sabitliyin əsas şərti yeni reallıqların qəbul edilməsidir. Bu yanaşma ilə Prezident bildirdi ki, Azərbaycanın regional siyasətdə “təhlükəsizlik istehlakçısı” deyil, “təhlükəsizlik istehsalçısı” rolunda çıxış edir.
Bunu AZƏRTAC-a açıqlamasında politoloq, Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva deyib.
Onun sözlərinə görə, münaqişənin həlli beynəlxalq vasitəçilikdən çox daxili siyasi iradə və güc balansı ilə baş tutduğunu qeyd edən Azərbaycan Prezidenti beynəlxalq institutlara münasibətlərin praqmatik realizmə əsaslanmasının vacibliyini diqqətə çatdırıb: “Azərbaycanın beynəlxalq təşkilatların roluna dair tənqidi, lakin balanslı yanaşma olmasını ifadə edən Prezident bu gün normativ beynəlxalqçılıqdan çox, praqmatik suverenlik anlayışının regionlara faydalı olmasını vurğulayıb. Prezidentin əsas tezisi ondan ibarətdir ki, dövlətlərin milli maraqları beynəlxalq mexanizmlərin səmərəliliyindən asılı olmamalıdır.
Qeyd edim ki, Prezidentin Davos Forumu çərçivəsində “BlackRock”, “GIP”, “JPMorgan” kimi iqtisadi şirkətlərlə apardığı görüşlər Azərbaycanın öz iqtisadi strategiyasını qısa müddətli kapital cəlbi əsasında deyil, institusional etimad əsasında formalaşdırılmasını sübut edir. Həmçinin uzunmüddətli dövlət strategiyasında makroiqtisadi sabitlik, aşağı siyasi risk kimi faktorların nəzərə alınması Azərbaycanı inkişaf etməkdə olan bazarlar arasında nisbətən üstün mövqeyə çıxarır”.
Politoloq onu da bildirib ki, Aralıq Dəhliz və tranzit siyasətinin geoiqtisadi əhəmiyyəti haqqında çıxışları zamanı Prezident Azərbaycanın iqtisadi resursları və infrastruktur imkanlarından istifadə etməklə regional və qlobal siyasətdə öz mövqeyini gücləndirdiyini bəyan edib. Azərbaycanın qeyri-neft sektorunun inkişaf tempi ölkənin klassik resurs dövlətindən inkişaf etmiş qarışıq iqtisadi modelə keçid mərhələsində olduğunu sübut edir. Əsas sütunları yaşıl enerji, sənaye parkları və rəqəmsal transformasiya olan bu model dövlət büdcəsinin dayanıqlığını artırır, uzunmüddətli sosial-iqtisadi sabitliyə zəmin yaradaraq xarici investorlar üçün riskləri azaldır.
“Bir sözlə, Prezident İlham Əliyev Azərbaycanın regional aktordan Avrasiya miqyaslı geoiqtisadi mərkəzə çevrilmək niyyətini, Azərbaycanın beynəlxalq sistemdə artıq obyekt deyil, strateji qərar verən subyekt kimi çıxış etməsini açıq şəkildə nümayiş etdirdi”, - deyə Y.Hacıyeva əlavə edib.