AZ

WSJ: Tramp müşavirlərinə İrana görə təzyiq göstərir

ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı müşavirlərinə təzyiq göstərməyə davam edir. Bu barədə The Wall Street Journal (WSJ) ABŞ hökumətindəki mənbələrə istinadla məlumat yayıb.

Qəzetin yazdığına görə, Vaşinqton İrana qarşı hücum planlarını gündəmdən çıxarmayıb və paralel olaraq Yaxın Şərq bölgəsinə əlavə hərbi qüvvələrin yerləşdirilməsini davam etdirir.

Adlarının açıqlanmasını istəməyən ABŞ rəsmiləri bildiriblər ki, Tramp İrana qarşı mümkün hərbi seçimləri müzakirə edərkən “qətiyyətli” ifadəsini dəfələrlə işlədib və bu əməliyyatlardan ciddi nəticə gözlədiyini açıq şəkildə dilə gətirib.

Mənbələrin sözlərinə görə, ABŞ Prezidenti hələlik hücum əmri verməyib və son qərar barədə qeyri-müəyyənlik qalmaqdadır.

Bununla yanaşı, rəsmi şəxslər bölgəyə Patriot və THAAD hava hücumundan müdafiə sistemləri də daxil olmaqla əlavə müdafiə vasitələrinin yerləşdiriləcəyini qeyd ediblər. Onların bildirdiyinə görə, Yaxın Şərqə hərbi yerləşdirmənin genişləndirilməsi ABŞ-ın mümkün hücum variantlarını artıracaq.

Rəsmilər ötən həftə bölgədə hücum üçün yetərli hərbi imkanların olmadığını desələr də, hazırkı yerləşdirmələrin Vaşinqtonun manevr imkanlarını xeyli genişləndirəcəyini vurğulayıblar.

Eyni zamanda, Donald Tramp İranla bağlı son açıqlamasında ölkədə etirazçılara qarşı həyata keçirildiyi iddia olunan edamların ABŞ-ın xəbərdarlığından sonra dayandırıldığını bir daha təkrarlayıb. Tramp bildirib ki, hazırda vəziyyəti izləmək lazımdır və “İranda bundan sonra nələrin baş verəcəyini gözləyib görməliyik”.

Seçilən
15
veteninfo.az

1Mənbələr