Kiyev, 21 yanvar, AZƏRTAC
Rusiya Federasiyası artıq nüvə infrastrukturunu, xüsusən də Ukraynanın böyük şəhərlərini istilik və elektrik enerjisi ilə təmin edən nüvə elektrik stansiyalarını fəal şəkildə hədəf almağa başlayıb. Kiyev hazırda elektrik enerjisindən məhrum olub və paytaxtın bir çox hissəsində istilik yoxdur. Burada Ukraynanın böyük dostu olan Azərbaycanın mövqeyini, müharibənin ən kritik anlarında ukraynalılar üçün dostluğun və dəstəyin vacibliyini sözdə deyil, əməldə dəfələrlə nümayiş etdirən Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini nəzərə almaq həqiqətən dəyərlidir.
Bu barədə ukraynalı politoloq və doktorluq namizədi Oleksi Buryaçenko AZƏRTAC-a açıqlamasında bildirib. O, bu yanaşmanın humanitar yardımla davamlı olaraq dəstəkləndiyini vurğulayıb.
Ekspert qeyd edib: “Belə bir vəziyyətdə Azərbaycan Ukraynaya generatorlar, transformatorlar və çoxlu sayda enerji kabelindən ibarət humanitar yardım göndərib. Bu, sözsüz ki, hazırda mühüm enerji infrastrukturunun bərpası üçün vacibdir. Əlbəttə, Azərbaycan bu məsələdə tək deyil. Çexiya, Slovakiya və digər ölkələr də artıq enerji fonduna fəal şəkildə töhfə verir və Ukraynaya öz humanitar karvanlarını göndəriblər. Lakin Azərbaycan ilk ölkələrdən biri olub və biz bunun üçün Azərbaycan xalqına, şəxsən Azərbaycan Prezidenti İlham Əliyevə böyük təşəkkürümüzü bildiririk”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev