Bakı, 21 yanvar, AZƏRTAC
Bu il Dünya İqtisadi Forumunun əsas mövzusu “A Spirit of Dialogue” (“Dialoq Ruhu”) olaraq müəyyən edilib. Bu mövzu qlobal miqyasda dərinləşən geosiyasi, iqtisadi və texnoloji parçalanma fonunda açıq və səmimi dialoqun vacibliyini ön plana çıxarır.
Bu barədə AZƏRTAC-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri Nadir Azəri bildirib.
O, qeyd edib ki, Davos 2026-nın gündəliyi bəşəriyyət üçün önəm kəsb edən bir sıra istiqamətləri əhatə edir.
“Xüsusilə süni intellekt (Sİ), rəqəmsal iqtisadiyyat və qabaqcıl texnologiyaların etik və sosial tələblərlə uyğunlaşdırılması məsələləri forumun diqqət mərkəzindədir. Belə ki, gündəliyin əsas istiqamətlərindən biri olan “Məsuliyyətlə genişmiqyaslı innovasiya tətbiqi” çərçivəsində süni intellekt, kvant hesablama və biotexnologiya kimi texnologiyaların təhlükəsiz və ədalətli istifadəsi müzakirə olunur. Hesab edirəm ki, bu da xüsusi əhəmiyyət kəsb edir. Çünki Davos Forumu kimi qlobal platformalar dünyada süni intellekt və rəqəmsal iqtisadiyyat sahəsində beynəlxalq standartların və qabaqcıl təcrübələrin formalaşmasında mühüm rol oynayır. Bu müzakirələr Azərbaycanın rəqəmsal transformasiya hədəfləri üçün də önəmlidir. Xüsusilə Prezident İlham Əliyevin 2025-ci il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2026–2029-cu illər üçün rəqəmsal iqtisadiyyat strategiyası”nın prioritetləri – rəqəmsal iqtisadiyyatın inkişafının sürətləndirilməsi, rəqəmsal infrastrukturun möhkəmləndirilməsi və s. Davosda aparılan müzakirələrlə üst-üstə düşür. Digər tərəfdən, forumda süni intellektin məsuliyyətli tətbiqi, məlumat məxfiliyi, təhlükəsizlik və etik məsələlərə verilən önəm də Azərbaycan üçün əlavə imkanlar yaradır. Ümumilikdə, Davos 2026-nın gündəliyi həm xarici investisiyaların cəlb olunması, həm də milli rəqəmsal bazarın rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyətlidir”, - deyən N.Azəri həmçinin xatırladıb ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (4SİM) Davosda iştirakı Azərbaycanın süni intellekt, sənaye 4.0 və rəqəmsal transformasiya sahəsində qlobal proseslərin fəal iştirakçısı olduğunu nümayiş etdirir.
“Bu iştirak beynəlxalq texnologiya şirkətləri və innovasiya mərkəzləri ilə əməkdaşlıq imkanlarını genişləndirir, əldə olunan bilik və təcrübə isə milli rəqəmsal strategiyaların qlobal standartlara uyğunlaşdırılmasına xidmət edir. Nəticə etibarilə, Davos Forumunda aparılan müzakirələr və Azərbaycanın bu platformada təmsil olunması ölkənin rəqəmsal inkişaf strategiyasının beynəlxalq tələblərə daha uyğun və effektiv şəkildə formalaşdırılmasına mühüm töhfə verir, milli rəqəmsal iqtisadiyyatın rəqabət qabiliyyətini və dayanıqlılığını artırır”.
N.Azərinin sözlərinə görə, Forumun gündəliyindəki məsələrdən biri də “Qloballaşmış lakin parçalanmış dünyada əməkdaşlıq necə gücləndirilə bilər?” sualına cavab axtarılmasıdır: “Bu kontekstdə geosiyasi güclərin dəyişməsi, regional ittifaqlar, ictimai-özəl əməkdaşlıq strategiyaları müzakirə olunur, həmçinin bu dəfə iştirakçılar parçalanmış dünyanın yeni nizamının formalaşmasına nail olmağa cəhd edəcəklər. Əslində, vəziyyətin qlobal düzəndə – təhlükəsizlik və qlobal nizamın pozulması baxımından nə qədər ciddi olduğunu izah etməyə ehtiyac yoxdur. Hazırda dünyanın müxtəlif bölgələrində baş verən hadisələr – Avropa ilə ABŞ arasındakı Qrenlandiya gərginliyi, İrandakı qarşıdurmalar, Rusiya-Ukrayna müharibəsinin davam etməsi – bütün beynəlxalq tədbirlər kimi Davos Forumunun gündəmində də öz əksini tapır. Bu gün qlobal güclər nizamı pozulmuş dünyada əgər yeni dövrü sabit və inkişaf edən şəkildə başlamaq istəyirsə, Azərbaycan təcrübəsindən yararlanmalıdırlar. Çünki Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməklə yanaşı, qalib ölkə olaraq diktə ilə danışmadı, əksinə dünyaya sülh və inkişafa sədaqətini nümayiş etdirdi. Ölkəmiz Cənubi Qafqazın davamlı inkişafını, xüsusən də iqtisadi əlaqələrin güclənməsini əsas götürərək yeni bir yanaşma ortaya qoydu. Bu baxımdan, Azərbaycan deyəndə Cənubi Qafqaza sabitlik, iqtisadi inkişaf və davamlı əməkdaşlıq proqramları göz önünə gəlir. Beləliklə, hesab edirəm ki, dünya ölkələri, o cümlədən Davos Forumunda iştirak edən dövlət və hökumət başçıları, Azərbaycan təcrübəsini qlobal məkanda tətbiq etmək üçün müzakirələr aparmalıdırlar. Çünki Azərbaycan modeli dünyaya sabitlik və iqtisadi inkişaf vəd edir”.