AZ

Polşa Çin avtomobillərinin hərbi bazalarına daxil olmasını qadağan edəcək

Polşa Çin istehsalı olan avtomobillərin hərbi bazalarına daxil olmasını qadağan etmək imkanını nəzərdən keçirir...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Polşa müdafiə nazirinin müavini Sezari Tomçikə istinadən məlumat verib.

Tomçik jurnalistlərə bildirib ki, Polşa müdafiə qurumu çoxlu sayda elektronika ilə təchiz olunmuş avtomobillərlə bağlı risklər barədə məlumat mübadiləsi aparır və onların girişini məhdudlaşdırmaq imkanını nəzərdən keçirir.

Polşa müdafiə nazirinin müavini son qərarın nə vaxt veriləcəyini deməkdən imtina edərək bildirib ki, məsələ ilə bağlı əlavə detallar təhlükəsizlik səbəblərindən məxfi saxlanıla bilər. Lakin o, "həqiqət budur ki, bu cür nəqliyyat vasitələri müşahidə üçün istifadə edilə bilər" deyib.

Tomçik məsələ ilə bağlı geniş ekspert təhlilindən sonra bu açıqlamanı verdi. Dekabr ayında Varşavada yerləşən Şərq Araşdırmaları Mərkəzi Çin avtomobilləri ilə əlaqəli casusluq riskləri barədə xəbərdarlıq edən bir hesabat dərc etdi.

Nəşr həmçinin bildirib ki, Pekin Rusiya-Ukrayna müharibəsində Rusiyanın tərəfini tutsa da, Polşa Çinlə ticarət əlaqələrini qoruyub saxlayıb.

Bundan əlavə, Polşa Avtomobil Sənayesi Assosiasiyası PZPM-in məlumatına görə, Çin avtomobil brendləri ötən il Polşa bazarındakı paylarını dörd dəfədən çox artırıb - 2024-cü ildəki 2%-dən ötən il 8,2%-ə qədər. Bu rəqəmin əlverişli qiymətlər fonunda 15%-ə qədər artacağı gözlənilir.

Daha əvvəl Israel News yazırdı ki, Çin istehsalı olan xidməti avtomobillər İsrail ordusu zabitlərindən müsadirə olunmağa başlayıb. Ölkənin təhlükəsizlik xidmətləri bu avtomobillərin sistemlərinin orduya casusluq etmək və gizli məlumatlar əldə etmək üçün istifadə edilə biləcəyini aşkar ediblər.

Nəşr qeyd edib ki, bəzi Çin modellərində xarici serverlərə məlumat göndərən kameralar, mikrofonlar, sensorlar və rabitə texnologiyaları olan sistemlər mövcuddur. Bəzən bu, sürücünün və ya avtomobil idxalçısının xəbəri olmadan baş verir.

Məlumdur ki, avtomobillər mərhələli şəkildə müsadirə olunacaq. Əvvəlcə Çin avtomobilləri məxfi məlumatlara çıxışı olan zabitlərdən, daha sonra isə hər kəsdən müsadirə olunacaq. Bu proses 2026-cı ilin birinci rübünün sonuna qədər davam edəcək.

Poliqon.info

Seçilən
34
poliqon.info

1Mənbələr