Füzuli, 21 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
2024-2025-ci tədris ilindən qapılarını müəllim və şagirdlərin üzünə açan Füzuli Şəhərindəki Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzində şagirdlər incəsənətin sirlərini öyrənirlər. Bu mərkəz işğaldan azad edilən ərazilərdə incəsənət təhsilinin başladığı ilk tədris ocağı kimi xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, keçmiş məcburi köçkünlərin Füzuliyə qayıdışı ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alan şagirdlərin də sayı artır. Mərkəz ilk olaraq 25 şagird və 5 müəllimlə fəaliyyətə başlamışdısa, hazırda şagirdlərin sayı 100-ə yaxındır, müəllimlərin sayı isə 10 nəfərdir. Mərkəzdə 8 ixtisas üzrə tədris həyata keçirilir. Qazaxıstan Respublikası tərəfindən hədiyyə olaraq inşa edilən Kurmanqazi Yaradıcılıq Mərkəzində uşaqlar üçün bütün şərait yaradılıb.
Qarabağ Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Elşad Cəfərov bildirir ki, mərkəzə hədiyyə edilən bir ədəd avtobus uşaqların rahat gediş-gəlişini təmin edir. Onun sözlərinə görə, mərkəz artıq iki ilə yaxındır fəaliyyət göstərir və burada çalışmaq kollektiv üçün qürurvericidir. “Bu torpaqlar uğrunda canlarından keçən qəhrəmanlarımızın sayəsində Qarabağımız azaddır. Biz də çalışırıq ki, bu müqəddəs torpaqlarda əlimizdən gələni edək və uşaqların gələcəyi üçün faydalı olaq. Məqsədimiz Qarabağı təkcə Azərbaycanda deyil, dünyada da təmsil etməkdir. Mərkəzdə uşaqlar incəsənətin bir çox sirlərinə yiyələniblər və öz əl işlərini Qarabağdan kənarda da nümayiş etdirirlər. Hətta dağıntılardan qalan bir daşın üzərində şagirdlər tərəfindən “Dəmir Yumruq”, “Xarıbülbül” və Azərbaycan bayrağı təsvir olunub. Hazırda mərkəzdə fortepiano, tar, qarmon, xanəndəlik, rəqs, rəssamlıq, gimnastika və xor ixtisasları üzrə 100-ə yaxın uşaq təhsil alır. Burada 10 müəllim çalışır, onlardan beşi Füzuli şəhər sakinidir. Digər müəllimlər ətraf rayonlardan gəlsələr də, bu mərkəzdə çalışmaq onlar üçün də qürur mənbəyidir. Təhsil tam ödənişsizdir. İlk vaxtlar müəllimlər könüllü olaraq dərs keçsələr də, hazırda mərkəzin rəsmi işçiləri kimi əməkhaqqı alırlar. Son il yarım ərzində şagirdlərin ərsəyə gətirdiyi əl işləri mərkəzdə sərgilənir ki, bu da böyük uğur kimi dəyərləndirilir".
Məktəbin xor müəllimi, Füzuli şəhər sakini Elcan Əsfərov doğma yurda qayıdan müəllimlərdəndir. O bildirir ki, Füzulidə belə bir mərkəzin fəaliyyəti incəsənətin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. “Şagirdlərdə incəsənətə maraq yüksəkdir. Onlar burada həm sənət öyrənir, həm də asudə vaxtlarını səmərəli keçirirlər. Bir çox dərnəklər fəaliyyət göstərir ki, bu da uşaqlar üçün çox faydalıdır. Mən məcburi köçkün olduğumda burada təhsil alan şagirdlər yaşda idim, Füzuliyə müəllim kimi qayıtmışam və burada çalışmaq mənim üçün böyük qürurdur. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Onların bizə əmanət etdiyi bu torpaqlarda üzərimizə düşən vəzifəni sevgi ilə yerinə yetiririk”.
Mərkəzin şagirdlərindən olan 11 yaşlı Füzuli sakini Xədicə Zülfüqarlı artıq bir ildən çoxdur ki, Kurmanqazi Yaradıcılıq Mərkəzində təhsil alır. O deyir ki, burada onlar üçün hər cür şərait yaradılıb. “Bir çox rəqs nömrələri öyrənmişəm, paralel olaraq xor dərslərinə də qatılıram. Müəllimlərimizə təşəkkür edirəm, bizə çox gözəl dərs keçirlər. Kollektiv olaraq müxtəlif tədbirlərdə iştirak edirik və çıxışlarımız alqışlarla qarşılanır”.
Fatimə Yaqubova isə iki ilə yaxındır ki, rəsm dərnəyində sənətin sirlərini öyrənir. Onun sözlərinə görə, mərkəzdə rəsm sənətini öyrənmək üçün hər cür imkan var.
“Artıq rəsmləri sərbəst şəkildə çəkə bilirəm. Burada qazandığım biliklər sayəsində Şuşa qalası, Dəmir Yumruq və azad Qarabağımıza aid bir çox rəsmlər çəkmişəm. Bu mövzuda işləmək mənim üçün qürurdur”,-deyən Fatimə Quliyeva qısa müddətdə böyük irəliləyiş əldə etdiyini bildirib. “Təxminən üç aydır ki, burada təhsil alıram. İlk gəldiyim vaxt demək olar ki, rəsm çəkə bilmirdim. İndi isə bir çox əl işlərim var, hətta onlardan biri sərgidə nümayiş olunub. Bu mənim üçün fəxrdir. Mərkəzdə çox gözəl ab-hava var, müəllimlərimiz bizə sevgi ilə dərs keçirlər”.
Qeyd edək ki, dərslər həftədə 6 gün olmaqla kollektiv və fərdi şəkildə tədris olunur. Həmçinin uşaqların mərkəzə gediş-gəlişinin rahat təmin edilməsi üçün xüsusi avtobus da fəaliyyət göstərir. Mərkəzdə dərslər 14:00- da başlayır ki, bu da şagirdlərin məktəbdən sonrakı asudə vaxtlarının səmərəli keçməsinə imkan yaradır.