AZ

Tiktok video izləyənlərə pul ödəyir? AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son günlər sosial şəbəkələrdə, xüsusilə də “TikTok” platformasında yeni funksiyanın aktivləşdirildiyi iddia olunur. Guya istifadəçilər izlədikləri videolara görə pul qazana biləcəklər. Bu məlumat bəzi ölkələr üçün qismən doğru olsa da, Azərbaycanda belə bir rəsmi funksiyanın mövcudluğu təsdiqlənməyib. Mövcud vəziyyətdən istifadə edən dələduzlar saxta saytlar yaradaraq vətəndaşları xüsusi linklərə yönləndirirlər. Həmin linklər vasitəsilə istifadəçilərin şəxsi məlumatları, hesabları və bank məlumatları ələ keçirilir.Bu barədə Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov deyib ki, “TikTok”da video izləyərək pul qazanmaqla bağlı yayılan iddialar, əslində “TikTok”un bəzi Avropa ölkələrində sınaqdan keçirdiyi "TikTok Lite" proqramına əsaslanır:“Lakin Azərbaycanda bu funksiya hazırda aktiv deyil və rəsmi olaraq dəstəklənmir. Dələduzlar bu qlobal xəbəri fürsət bilərək, "Azərbaycanda da artıq pul qazanmaq mümkündür" adı altında saxta kampaniyalar başladırlar. Onlar hazırladıqları tələ saytları vasitəsilə vətəndaşları qeydiyyatdan keçməyə təşviq edir, nəticədə istifadəçilərin TikTok giriş məlumatlarını, e-poçt şifrələrini və ən pisi, "ödəniş kartını təsdiqləmək" bəhanəsi ilə bank kartı rekvizitlərini ələ keçirirlər. Bu növ kiber-dələduzluq hallarından qorunmaq üçün ilk növbədə yadda saxlamaq lazımdır ki, rəsmi qazanc proqramları heç vaxt kənar saytlar vasitəsilə deyil, yalnız tətbiqin öz daxilində görünür”.Mütəxəssis bildirib ki, “WhatsApp”, “Telegram” və ya “TikTok”dan naməlum şəxslərdən "bu linkə daxil ol, pul qazan" mesajı gəlirsə, bu, 99% ehtimalla tələdir:“Qorunmaq üçün “TikTok” hesabınızda mütləq iki-mərhələli doğrulanmanı (2FA) aktiv etməli, şübhəli keçidlərə daxil olmamalı və tanımadığınız tətbiq fayllarını (APK) telefonunuza yükləməməlisiniz. Hər hansı qazanc vədi verən sayt sizdən kartınızın arxasındakı 3 rəqəmli kodu (CVV) və ya SMS-lə gələn təsdiq kodunu istəyirsə, dərhal həmin səhifəni bağlayın”.Yəni, əgər qarşınıza TikTok-da video izləyərək pul qazanmağı təklif edən reklamlar və ya mesajlar çıxırsa, onlara etibar etməyin. Bu, rəsmi funksiya deyil və sizin kart məlumatlarınızı oğurlamaq üçün qurulmuş bir tələdir. Kart məlumatlarınızı və ya telefonunuza gələn təsdiq kodlarını heç bir kənar sayta daxil etməyin, əks halda bank hesabınızdakı vəsaitləri itirə bilərsiniz.Leyla Turan 

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
demokrat.az

1Mənbələr