Qış aylarında soyuqdəymə və qrip gündəlik həyatı xeyli çətinləşdirə bilər. Xəstəliklərin spesifik müalicəsi olmasa da, bəzi sadə və düzgün addımlar simptomları yüngülləşdirir və bədənin daha tez toparlanmasına kömək edir.
E-saglam.az-ın məlumatına görə, Avropada 2025-ci ildə qrip dalğasının əvvəlki illərlə müqayisədə 3–4 həftə daha tez başlaması bu mövzunun aktuallığını bir daha göstərir.
İlk və ən vacib addım bol maye qəbuludur. Xüsusilə isti içkilər bəlğəmi yumşaldır, burun tıxanıqlığını azaldır və boğazı rahatladır. Su, bitki çayları, bal və limonlu ilıq su, şorbalar orqanizmi həm nəmləndirir, həm də immun sistemini dəstəkləyir. Spirtli içkilərdən, qəhvədən və kofeinli məhsullardan uzaq durmaq lazımdır, çünki onlar susuzluğu artırır və simptomları daha da ağırlaşdıra bilər.
Boğaz ağrısı və qıcıqlanmanı azaltmaq üçün ilıq duzlu su ilə qarqara etmək çox təsirlidir. Bir stəkan ilıq suya bir çay qaşığı duz əlavə edərək gündə bir neçə dəfə qarqara etmək boğazdakı iltihabı yüngülləşdirir və rahatlıq yaradır.
Kifayət qədər istirahət sağalmanın əsas şərtidir. Orqanizm virusla mübarizə aparmaq üçün enerji tələb edir. Gecə 7–9 saat keyfiyyətli yuxu almaq, lazım gəldikdə qısa müddətli dincəlmək immun sistemini gücləndirir. Əgər simptomlar yüngüldürsə, qısa gəzinti və ya yüngül yoqa kimi fəaliyyətlər faydalı ola bilər. Lakin qızdırma və ya sinə tutulması varsa, bütün fiziki fəaliyyətdən uzaq durmaq lazımdır.
Ətraf mühitin rütubətli olması da böyük rol oynayır. Quru hava burun və boğazı daha da qurudur, öskürəyi və narahatlığı artırır. Rütubətli hava isə tənəffüs yollarını nəmləndirir, bəlğəmin təmizlənməsini asanlaşdırır və tıxanıqlığı azaldır.
Dərmanlardan düzgün istifadə də önəmlidir. Duzlu burun spreyləri tıxanıqlığı azaltmağa kömək edir. İbuprofen kimi ağrıkəsicilər ağrını və qızdırmanı yüngülləşdirə bilər. Ancaq antibiotiklərdən mütləq çəkinmək lazımdır, çünki onlar viruslara qarşı təsirli deyil və lazımsız istifadəsi gələcəkdə dərmanlara davamlılıq yarada bilər.
Bu sadə üsullar soyuqdəymə və qripin müddətini qısaltmasa da, xəstəliyin daha yüngül keçirilməsinə və bədənin daha tez toparlanmasına ciddi şəkildə kömək edir.
Tərcümə: Könül Oruc
E-saglam.az