AZ

İrandakı qeyri-sabtiliyə Bakıdan reaksiya: Yeni miqrant dalğası gözlənilir?

Prezident İlham Əliyev yanvarın 20-də Davosda “Avronyus” televiziyasına müsahibəsində bildirib ki, Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük.

“Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Biz işğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur”, – deyə dövlətimizin başçısı qeyd edib.

Prezident İlham Əliyevin Davosda “Avronyus” televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycanın təhlükəsizlik və regional sabitlik məsələlərinə yanaşmasını açıq şəkildə bir daha ortaya qoydu. Misal üçün dövlət başçısının vurğuladığı “müasir beynəlxalq münasibətlər sistemində hər bir ölkə öz sərhədləri boyunca sabitliyin qorunmasında maraqlı olmalıdır” tezisi diqqət çəkir. Ümumiyyətlə Azərbaycan nümunəsində isə bu yanaşma xüsusi məna kəsb edir, çünki ölkəmiz həm coğrafi mövqeyinə, həm də tarixi təcrübəsinə görə qeyri-sabitliyin nəticələrini ən ağır formada yaşamış dövlətlərdəndir.

Prezidentin “ölkə daxilində potensial risklərin mövcud olmaması, risklərin kənardan qaynaqlanması” barədə fikri Azərbaycanın son illərdə formalaşdırdığı daxili siyasi və sosial sabitliyin göstəricisidir. Bakı uzun müddətdir ki, daxili təhlükəsizlik, sosial nəzarət və institusional idarəetmə baxımından riskləri minimuma endirib. Bu isə o deməkdir ki, Azərbaycan üçün əsas təhlükəsizlik çağırışları artıq ölkə daxilindən deyil, regiondakı proseslərdən doğur. Məhz buna görə də rəsmi Bakı üçün qonşu ölkələrdə sabitliyin qorunması birbaşa milli təhlükəsizlik məsələsidir.

Bu kontekstdə Prezident İlham Əliyevin İranda müşahidə olunan qeyri-sabitliklə bağlı narahatlığını açıq şəkildə ifadə etməsi təsadüfi deyil. İran Azərbaycan üçün sadəcə qonşu dövlət deyil uzun sərhəd xətti, tarixi, etnik, dini və sosial bağlar bu ölkədə baş verən hər bir prosesin birbaşa və dolayı yolla Azərbaycana təsir göstərməsinə səbəb olur. Buna görə də Bakının İranla bağlı yanaşması emosional və ya ideoloji deyil, praqmatik və təhlükəsizlik yönümlüdür.

Ümumilikdə, Azərbaycan üçün həm daxili, həm də xarici sabitlik strateji əhəmiyyət daşıyır. Xüsusilə qonşu ölkələrdə sabitliyin mövcudluğu təhlükəsizliklə yanaşı, iqtisadi inkişaf baxımından da həlledici faktordur. Regional ticarət, nəqliyyat dəhlizləri, enerji layihələri və investisiya mühiti yalnız sabit siyasi şəraitdə davamlı ola bilər. İran kimi böyük və mühüm qonşuda dərinləşən qeyri-sabitlik bu zəncirvari proseslərin hamısını risk altına sala bilər.

Bununla belə, məsələ yalnız dövlətlərarası münasibətlər çərçivəsində qiymətləndirilmir. Bakı sərhədlərindən kənarda yaşayan soydaşlarının vəziyyətinə də biganə yanaşmır. İran ərazisində milyonlarla azərbaycanlının yaşaması bu məsələni daha həssas edir. İranda baş verə biləcək genişmiqyaslı qeyri-sabitlik və ya daxili qarşıdurmalar təkcə regional təhlükəsizlik deyil, həm də humanitar risklər yarada bilər. Bu risklərin ən real ssenarilərindən biri miqrasiya dalğasıdır.

Rəsmi Bakı üçün İranda qeyri-sabitliyin yaranması qətiyyən sərfəli deyil. Ən əvvəl ona görə ki, daxili iğtişaşlar və toqquşmalar Azərbaycanın üzləşə biləcəyi ciddi miqrant böhranına yol aça bilər. Bu isə həm iqtisadi, həm də demoqrafik baxımdan ağır nəticələr doğura bilər. Azərbaycan bu cür ssenarilərin nə ilə nəticələndiyini artıq öz tarixində yaşamış ölkədir.

1988-ci ildən sonra Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlıların, daha sonra Qarabağ müharibəsi nəticəsində yüz minlərlə məcburi köçkünün ölkə daxilində yerləşdirilməsi Bakı üçün uzun illər davam edən ciddi sosial-iqtisadi problemə çevrildi. Məcburi köçkünlərin yerləşdirilməsi, sosial təminatı, məşğulluğu və cəmiyyətə inteqrasiyası böyük resurslar tələb etdi və bu yük onilliklər boyu dövlət siyasətinin əsas istiqamətlərindən biri oldu. Azərbaycan bu problemi nəhayət ki, mərhələli şəkildə həll edə bildi və post-münaqişə dövründə yeni reallıq formalaşdırdı.

Məhz bu tarixi təcrübə Bakını son dərəcə ehtiyatlı və realist edir. Azərbaycan yenidən kütləvi miqrasiya, demoqrafik təzyiq və sosial gərginlik riski ilə üzləşmək istəmir. Bu baxımdan, İranda sabitliyin pozulması Bakının milli maraqları ilə ziddiyyət təşkil edir. Burada söhbət hansısa siyasi rejimə simpatiyadan yox sırf təhlükəsizlik və dövlət maraqlarından gedir.

Eyni zamanda, Azərbaycan nə İranda xaosun yaranmasında, nə də xarici ölkələrin öz ərazisindən istifadə edərək İrana qarşı hər hansı hərbi və ya siyasi əməliyyatlar həyata keçirməsində maraqlıdır. Bu mövqe Bakının balanslı xarici siyasət xəttinin tərkib hissəsidir. Azərbaycan öz ərazisini üçüncü tərəflərin regionu daha da gərginləşdirəcək fəaliyyətləri üçün platformaya çevirmək niyyətində deyil.

Prezident İlham Əliyevin “sülh və sabitlik istənilən ölkə üçün uğurun yeganə yoludur” fikri də məhz bu strateji baxışın yekunudur. Azərbaycan müharibənin, işğalın və qeyri-sabitliyin real qiymətini ödəyən ölkə kimi sülhün dəyərini yaxşı bilir. Buna görə də Bakı regionda gərginliyin dərinləşməsində deyil, idarəolunan, proqnozlaşdırıla bilən və stabil mühitin formalaşmasında maraqlıdır.

Politoloq Turan Rzayev

Seçilən
32
27
nocomment.az

10Mənbələr