AZ

Valideyn davranışlarının uşağın emosional inkişafına təsiri - Psixoloqdan AÇIQLAMA

Valideyn dəstəyi ilə emosional təzyiq arasında sərhədin düzgün müəyyən edilməsi uşağın psixoloji sağlamlığı və valideyn-övlad münasibətlərinin keyfiyyəti baxımından olduqca vacibdir. Valideyn dəstəyi anlayış, hüsn-rəğbət və yol göstərmək üzərində qurulur. Emosional təzyiq isə uşağı təcrid etmək, onun istək və iradəsini nəzərə almadan məcbur etmək, qorxu və günahlandırma yolu ilə yönləndirməkdir. “Ora getmə”, “burada otur”, “sən bilmirsən, biz daha yaxşı bilirik”, “sən bacarmırsan”, “yenə səhv etdin” kimi ifadələr valideyn qayğısı yox, psixoloji təzyiq formasıdır və dəstəklə heç bir əlaqəsi yoxdur.

Bu barədə psixoloq Rafiq Allahverdiyev Missiya.Az-a danışıb.

"Valideyn dəstəyi uşağın yerinə hər şeyi etmək deyil, ona bacarıq qazandırmaqdır. Məsələn, uşağa paltar geyindirmək sadəcə qulluqdur, lakin ona paltarı necə geyinməyi, səliqəli olmağı öyrətmək real dəstək hesab olunur. Eyni şəkildə, uşağı oxumağa məcbur etmək deyil, oxuduğunu anlamağı və mənimsəməyi öyrətmək valideyn dəstəyinin əsas göstəricisidir. Dəstək uşağın müstəqilliyini gücləndirməli, onu valideyndən asılı vəziyyətə salmamalıdır",-psixoloq bildirib.

Rafiq Allahverdiyevin sözlərinə görə, bəzən valideynlər dəstəyi səhv anlayır və bunu minnət formasında təqdim edirlər. “Biz sənə hər şeyi etdik”, “ömrümüzü sənə verdik”, “pulumuzu, gəncliyimizi sənə xərclədik, amma sən fərsiz çıxdın” kimi ifadələr uşağa qarşı haqsız ittihamdır. Valideynin etməli olduğu məsuliyyətlər uşağın psixikasında minnətə çevrildikdə, bu, ciddi emosional pozuntular yaradır. Valideyn övladını hər bir halda sevməlidir, lakin bu sevgi minnət və günahlandırma ilə müşayiət olunduqda, uşaq valideyndən psixoloji olaraq uzaqlaşır və daxili etiraz formalaşdırır.

"Uşağı uğursuzluğa görə cəzalandırmaq düzgün yanaşma deyil. Uğur da, uğursuzluq da inkişaf prosesinin təbii hissəsidir. Uşağın nailiyyəti yalnız onun fərdi bacarığı kimi deyil, valideynlə birgə görülən işin nəticəsi kimi qiymətləndirilməlidir. Bu yanaşma uşağın özünə inamını artırır, valideyn-övlad münasibətlərini möhkəmləndirir və uşaqda “mən valideynimlə daha güclüyəm” düşüncəsini formalaşdırır. Emosional təzyiq uşağın istəyi, arzusu və daxili motivasiyası nəzərə alınmadan ona təhdid və məcburiyyət tətbiq edildikdə yaranır. Uşağın niyə oxumadığı, niyə yatmadığı, niyə müəyyən davranışlar göstərdiyi araşdırılmadan onu sıxışdırmaq emosional təzyiq hesab olunur. Bu hallar düzgün təhlil edilmədikdə münasibətlərdə ciddi pozuntular meydana çıxır. Uşaq ya valideyni qınamağa başlayır, ya da bütün uğursuzluqlarının səbəbini valideynin üzərinə atır.

Belə emosional təzyiqlər ailə münasibətlərini zəiflədir, uşağın sağlam şəxsiyyət kimi formalaşmasına mane olur və onun özünü xoşbəxt hiss etməsinə ciddi təsir göstərir. Sağlam valideyn-övlad münasibətləri isə hörmət, anlayış, qarşılıqlı dəstək və uşağın fərdi inkişafına imkan yaratmaq üzərində qurulmalıdır",-R.Allahverdiyev əlavə edib.İlahə Qənbərli

Missiya.Az

Seçilən
66
missiya.az

1Mənbələr