Rusiya Maliyyə Nazirliyi 2026-cı ilin yanvar ayında neft və qaz sektorunda yaranan gəlir itkilərini kompensasiya etmək məqsədilə Milli Rifah Fondundan (NRF) 230 milyard rubl ayırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə TASS agentliyinə nazirliyin müavini Vladimir Kolıçev məlumat verib.
Məlumata görə, ayrılan vəsait neft-qaz gəlirlərindəki azalmaların qarşılanması üçün istifadə olunub. Sözügedən məbləğ təxminən 3 milyard Azərbaycan manatına bərabərdir .
Vladimir Kolıçev bildirib ki, NRF hesabına kompensasiya mexanizmi gələcəkdə də davam edəcək və ayrılacaq vəsaitlərin həcmi neftin dünya bazarındakı qiymətlərindən asılı olacaq. Onun sözlərinə görə, hazırkı şəraitdə büdcə modelinə yenidən baxılmasına ehtiyac yoxdur. Lakin neftin tarazlıq qiyməti 2030-cu il üçün nəzərdə tutulan 55 dollar/barrel səviyyəsindən aşağı düşərsə, bu məsələ müzakirəyə çıxarıla bilər.
Nazirlik rəsmisi qeyd edib ki, Milli Rifah Fondunda toplanmış likvid aktivlər mövcud riskləri qarşılamaq üçün kifayətdir. Rəsmi məlumatlara əsasən, ilin əvvəlində NRF-nin likvid aktivləri 4,085 trilyon rubl təşkil edib ki, bu da təxminən 53 milyard Azərbaycan manatına və ölkənin ümumi daxili məhsulunun 1,9 faizinə bərabərdir.
Xatırladaq ki, 2025-ci ildə Rusiyanın neft-qaz gəlirləri 8,48 trilyon rubl səviyyəsinə enərək 2020-ci ildən bəri ən aşağı göstərici olub. Bu məbləğ təxminən 110 milyard manat təşkil edir. 2026-cı il üçün isə neft-qaz gəlirlərinin 8,92 trilyon rubl (təxminən 116 milyard manat) olacağı proqnozlaşdırılır.
Rusiya Maliyyə Nazirliyi bildirir ki, qlobal neft bazarındakı qeyri-sabitlik neft-qaz gəlirlərinə təzyiq göstərməkdə davam edir və bu, ölkə büdcəsinə birbaşa təsir edir.