Bakı, 21 yanvar, AZƏRTAC
Dünya İqtisadi Forumunun Davosda keçirilən illik toplantıları qlobal iqtisadi gündəmin müəyyənləşdirildiyi əsas beynəlxalq platformalardan biridir. Bu mötəbər tədbir çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər ölkəmizin iqtisadi potensialının və inkişaf strategiyasının beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Davos görüşləri Azərbaycanın sabit siyasi və makroiqtisadi mühitə malik etibarlı tərəfdaş kimi tanıdılmasına xidmət edir.
“Dövlətimizin başçısı qlobal şirkətlərin rəhbərləri, aparıcı maliyyə institutlarının nümayəndələri ilə görüşlərdə ölkədə yaradılmış əlverişli investisiya mühiti, həyata keçirilən iqtisadi islahatlar və biznes üçün mövcud imkanlar barədə ətraflı məlumat verir. Bu amil birbaşa xarici investisiyaların cəlb olunmasına müsbət təsir göstərir. Davos platformasında enerji məsələləri xüsusi yer tutur. Prezident İlham Əliyevin görüşlərində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu diqqətə çatdırılır. Bununla yanaşı, bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr və yaşıl enerjiyə keçid strategiyası beynəlxalq tərəfdaşların marağına səbəb olur. Bu istiqamətdə aparılan müzakirələr Azərbaycanın enerji siyasətinin uzunmüddətli və dayanıqlı xarakter daşıdığını nümayiş etdirir.
Forum çərçivəsində keçirilən görüşlər qeyri-neft sektorunun inkişafı baxımından da əhəmiyyətlidir. Nəqliyyat-logistika imkanları, xüsusilə Orta Dəhliz üzrə layihələr, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilir. Bu sahələr iqtisadiyyatın şaxələndirilməsi və rəqabətqabiliyyətinin artırılması baxımından prioritet istiqamətlər kimi təqdim olunur”, - deyə A.Hüseynov bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Davos görüşləri post-münaqişə dövründə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da mühüm rol oynayır: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən infrastruktur, enerji və sənaye layihələri xarici investorlar üçün yeni imkanlar kimi təqdim olunur. Davos görüşləri Azərbaycanın geoiqtisadi mövqeyinin möhkəmlənməsinə töhfə verir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regional və qlobal logistika mərkəzi kimi çıxış edir və bu mövqe forum çərçivəsində aparılan müzakirələrdə xüsusi vurğulanır. Beləliklə, Prezident İlham Əliyevin Davos görüşləri Azərbaycanın iqtisadi siyasətinin beynəlxalq miqyasda ardıcıl şəkildə təqdim olunmasına, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına və ölkəmizin qlobal iqtisadi sistemdə mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir”.