AZ

“Bizə məhz belə kollektiv lazımdır” – Alvaro Arbeloa

Madrid “Real”ının baş məşqçisi Alvaro Arbeloa UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin 7-ci turunda “Monako”ya qarşı keçirilən və 6:1 hesabı ilə qazanılan oyundan sonra futbolçularını tərifləyib.

İdmanxeber.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan ispaniyalı mütəxəssis “Santyaqo Bernabeu”nun komandanı tam dəstəklədiyini bildirib:

“Vinisiyusu, Kilianı, Cudu və bütün futbolçularıma yönəlmiş inanılmaz atmosfer gördüm. Komanda böyük iş gördü. Bu, təkcə topa nəzarət, gözəl qollar və baxımlı epizodlar demək deyildi, eyni zamanda yüksək fiziki güc idi. Bellinqemin qaçdığı məsafə adi hədlərdən kənardır. Fran, Arda, gənc oyunçular… Valverde və Kamavinqa onlara yad mövqelərdə çıxış etdilər və necə mübarizə apardıqlarına baxın”.

Arbeloa vurğulayıb ki, futbolçuların şəxsi maraqlardan çox komandanı önə çəkməsi onu xüsusilə sevindirir:

“Məni məşqçi kimi xoşbəxt edən məqam odur ki, oyunçular komandanın maraqlarını hər şeydən üstün tuturlar. Bizə məhz belə – birləşmiş və işinə sadiq kollektiv lazımdır”.

Baş məşqçi ikinci hissədə meydana çıxan futbolçulardan da razı qaldığını qeyd edib:

“Daniyenin yenidən meydanda görünməsi, Fran və Mesonun debütü məni sevindirdi. Bu, hamı üçün əla bir gecə idi”.

Seçilən
2
idmanxeber.az

1Mənbələr