AZ

QARABAĞ QAZİLƏRİ BİRİNCİ VİTSE PREZİDENTƏ MÜRACİƏT ETDİ DTX kamerasında ağrılardan sıxılan savaş dostumuzu bizə verin...

ain.az, Hurriyyet saytına istinadən bildirir.

Qarabağ qaziləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, xanım Mehriban Əliyevaya müraciət edib.

Hurriyyet.org müraciət olduğu kimi dərc edir:

"Hörmətli Mehriban xanım!

Sizə Qarabağ qazilərinin himayəçisi, qayğıkeşi, doğma bacımız kimi müraciət etməkdə amacımız 3 aya yaxındır saxta ittihamla həbsdə saxlanılan savaş dostumuz Qazi Vüqar Tofiq oğlu Məmmədovun sağlamlıq durumunun təhlükəli həddə pozulmasına diqqətinizi yönəltməkdir. Gənc yaşlarından həyatını, canını, sağlamlığını yurdun azadlığı yolunda qurban verən qazi-jurnalistin  həbsinin qanunsuzluğu bir yana, qapalı rejimdə havasız şəraitdə saxlanılması da mənəvi sarsıntı, həyatına təhlükədir. Vüqar bəyə edilən bu haqsızlığı anlamaqda acizik. VƏTƏN VÜQAR TOFİQOĞLUNUN HANSI HƏRƏKƏTİNDƏN NARAZIDIR, NİYƏ QARABAĞ QAZİSİNİ QAZAMATLA “ÖDÜLLƏNDİRİB”? Dədəm Qorqudun dastanında deyildiyi kimi, çörəyindənmi, qılıncındanmı əskiklik görüb? Axı qazilər Vətən darda olanda “qılınclarını qınında paslatmayıblar”, çağırış vərəqi gözləmədən ürəklərinin çağırışı ilə doğma yurdun, ANA VƏTƏNİN, ATA OCAĞININ MÜDAFİƏSİNƏ qalxıblar.

Hörmətli DÖVLƏT ANAMIZ, QIZ QARDAŞIMIZ!

Ümidimiz Sizsiniz, bizə növbəti qayğınızı, mərhəmətinizi əsirgəməyin! 3 aya yaxındır DTX kamerasında ağrılardan sıxılan savaş dostumuzu bizə verin, HÜRRİYYƏTİNƏ qovuşdurun! Onun istintaqdan yayınmayacağına, qanundan qaçmayacağına söz veririk.

Sayğılarla, Müdafiə Komitəsinin baş katibi, bağımsız jurnalist Məğrur Bədəlsoy, 1-ci dərəcəli Qarabağ əlili (qazi)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
hurriyyet.az

1Mənbələr