AZ

DİQQƏT! Bu şəxslərin ölkədən çıxışına QADAĞA qoyula bilər

Son günlər hərbi xidmətdən möhlət hüququ verilmiş şəxslərlə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Xüsusilə sağlamlıq, ailə vəziyyəti və digər əsaslarla müvəqqəti olaraq hərbi xidmətdən azad edilən vətəndaşların möhlət müddətinin başa çatmasına az qaldığı halda ölkədən çıxışına məhdudiyyət qoyula bilməsi məsələsi diqqət mərkəzinə düşüb. Məsələ həm hüquqi məsuliyyət, həm də vətəndaşların məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, hərbi xidmətdən möhlət hüququ olan istənilən şəxs möhlət müddəti bitdikdən sonra mütləq qaydada qeydiyyatda olduğu struktur bölməsinə yaxınlaşmalı və qanunvericilikdə nəzərdə tutulan prosedurlardan keçməlidir. Onun sözlərinə görə, bu məsuliyyət birbaşa vətəndaşın üzərinə düşür və istənilən laqeydlik hüquqi nəticələrə səbəb ola bilər.

Rəsmi açıqlamada qeyd olunur ki, möhlət hüququnun bitmə tarixi vətəndaşın hərbi biletində açıq şəkildə göstərilir. Eyni zamanda bu barədə “MyGov” tətbiqində şəxsi kabinetə rəsmi bildiriş göndərilir. Buna baxmayaraq, bəzi hallarda vətəndaşlar bu tələblərə əməl etmir, nəticədə isə ölkədən çıxışlarına məhdudiyyət qoyulur, inzibati cərimə tətbiq olunur, hətta daha ağır hallarda cinayət məsuliyyəti yarana bilər. Dövlət Xidməti bu səbəbdən vətəndaşları diqqətli olmağa və məlumatları vaxtında yoxlamağa çağırır.

Natiq Ələsgərov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov bildirib ki, möhlət hüququ avtomatik və müddətsiz azadolma demək deyil və bu, qanunvericilikdə də açıq şəkildə təsbit olunub.

Onun sözlərinə görə, hərbi xidmətdən möhlət verilmiş şəxs müəyyən edilmiş vaxt bitdikdən sonra yenidən dövlət qarşısında hesabatlı vəziyyətə düşür və çağırış orqanına müraciət etməlidir.

Hüquqşünas qeyd edir ki, vətəndaşın bu öhdəliyi yerinə yetirməməsi artıq hərbi uçot qaydalarının pozulması kimi qiymətləndirilir:

“Ölkədən çıxışa məhdudiyyət qoyulması hüquqi baxımdan mübahisəli görünsə də, mövcud qanunvericilik çərçivəsində mümkündür. Onun sözlərinə görə, dövlət hərbi xidmətə çağırışla bağlı öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün bu mexanizmdən istifadə edir.

Əgər vətəndaşa rəsmi qaydada möhlət verilibsə və bu möhlətin bitdiyi tarix ona həm hərbi bilet vasitəsilə, həm də elektron sistemlər üzərindən bildirilibsə, artıq məlumatlı olmamaq bəhanə sayıla bilməz”.

Ekspert hesab edir ki, bu sahədə maarifləndirmə işi daha da gücləndirilməlidir:

“Bir çox gənc möhlətin bitməsini hərbi xidmətə dərhal aparılma kimi qəbul edir və bu qorxu onları rəsmi qurumlara vaxtında müraciət etməkdən çəkindirir. Əslində müraciət zamanı vətəndaşın sağlamlıq vəziyyəti yenidən qiymətləndirilə, ailə durumu nəzərə alına və qanuna uyğun qərar verilə bilər. Əsas problem vətəndaşların möhlət hüququnu “unutmaq” və ya bilərəkdən prosesdən yayınmaq cəhdləridir ki, bu da sonda onların öz hüquqi vəziyyətini ağırlaşdırır. Ölkədən çıxışa qadağa, cərimə və cinayət məsuliyyəti artıq nəticədir. Bu mərhələyə çatmamaq üçün vətəndaşlar sadəcə qanunun tələb etdiyi vaxtda aidiyyəti quruma müraciət etməlidirlər”.

Hüquqşünas qeyd edib ki, ümumilikdə, möhlət hüququ olan şəxslər üçün əsas mesaj ondan ibarətdir ki, bu hüquq məsuliyyəti aradan qaldırmır, sadəcə onu müəyyən müddətə təxirə salır.

Vaxtında müraciət etmək isə həm hüquqi problemlərin, həm də sonradan yaranacaq sərt sanksiyaların qarşısını almağın yeganə yoludur.

Seçilən
35
nocomment.az

1Mənbələr