AZ

Azərbaycanda zəlzələlər olacaq: Aran hissə də silkələnə bilər - AÇIQLAMA

“Son günlər, ələlxüsus, yanvar ayı ərzində Azərbaycanda Şamaxı-İsmayıllı ərazisində mütəmadi olaraq hiss olunan zəlzələlər baş verir. Əvvəlki müsahibələrimdə də qeyd etmişdim ki, Azərbaycanda hiss olunan zəlzələ qaçılmazdır. Güclü, dağıdıcı zəlzələlərin olacağını isə düşünmürəm. Bu, gözləntilərimdə yoxdur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Geologiya və Geofizika İnstitutunun seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri Qulam Babayev deyib.

 

Alim bildirib ki, dərinliklərdə baş verən geodinamik, tektonik geoloji proseslərin sürəti o dərəcədə intensiv deyil: “Müqayisə üçün Türkiyə, Sakit okean, Asiya ərazisini götürək. Məsələn, Avropanın İtaliya, Yunanıstan ərazisində isə yerdəyişmə proseslərinin sürəti o dərəcədə intensiv deyil. Aktiv olaraq mövcuddur və davamlı şəkildə aktiv olaraq qalacaq, amma intensiv deyil ki, güclü titrəyişlər yaratsın. Azərbaycanda hiss olunan zəlzələ qaçılmazdır. 3,5-4 və ya 4,5 civarında maqnituda hiss olunan zəlzələ kimi səciyyələndirilir. Burada əsas amillərdən biri zəlzələ ocağının dərinliyidir. Çünki 3,5-3,8 maqnitudalı zəlzələ baş verirsə, səthə yaxındırsa, məsələn, 7-8 kilometr, təbii ki, hiss olunacaq. Zəlzələ səthə yaxındırsa, 3,5-3,8 maqnitudalıdırsa, bəzən insanlar onu güclü hiss edə bilərlər. Təbii ki, bu, yaşadıqları evdən, qruntdan, neçənci mərtəbədə yaşadıqlarından asılıdır. Hər hansı şəxs deyə bilər ki, mən zəlzələni güclü hiss etdim. Amma seysmologiya, nəzəri baxımından bu balda zəlzələ güclü hesab olunmur. Dediyim kimi, Azərbaycanda hiss olunan zəlzələlər yenə baş verəcək, çünki region aktivləşib. Şamaxı-İsmayıllı seysmik baxımdan ən aktiv ərazilərdən biridir. Şəki, Oğuz, Qəbələ hissəsi və onun qonşu ocaqları Quba, Şabran ərazisi ilə davam edir. Ola bilməz ki, bir ərazi aktivləşsin, onun qonşu ocaqları sabit qalsın. Bu hətta fizika qanunlarına da ziddir. Aran hissə də silkələnə bilər. Hacıqabul, Biləsuvar... Keçən həftə Biləsuvarda zəlzələ oldu, çünki oradan mürəkkəb tektonik qırılmalar keçir. Bir neçə qovşağın üstündədir. Azərbaycanda güclu, dağıdıcı zəlzələlərin olması istisnadır”.

 

Aytəkin Qardaşova

Tarix: 21 Yanvar 2026, 13:57   
Seçilən
46
pravda.az

1Mənbələr