AZ

Şimali Aral dənizində suyun həcmi 5 il ərzində 34 milyard kubmetrə qədər arta bilər

Astana, 21 yanvar, AZƏRTAC

Şimali Aral dənizinin mühafizəsi layihəsinin ikinci mərhələsinin hazırlanması son mərhələdədir.

AZƏRTAC qazax mediasına istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın su ehtiyatları və irriqasiya naziri Nurjan Nurjiqitov bildirib.

O, Şimali Aral dənizində əsas mühafizə tədbirlərinin həyata keçirilməsinin növbəti beş il ərzində burada suyun həcmini 34 milyard kubmetrə çatdıracağını bildirib.

Nazir qeyd edib ki, 2025-ci ildə Qazaxıstan ilə Özbəkistan arasında “Transsərhəd su hövzələrinin birgə idarə edilməsi və rasional istifadəsi haqqında” Saziş imzalanıb. O, Sırdərya çayında diplomatik səylərin və koordinasiya olunmuş su anbarlarının işləmə rejimlərinin, hətta az sulu dövrlərdə belə, Şimali Aral dənizinə sabit su axınını təmin etdiyini vurğulayıb.

Bu, Şimali Aral dənizinin həcminin 2023-cü ilin əvvəlindəki 18,4 milyard kubmetrdən bu günə qədər 23 milyard kubmetrə qədər artmasına imkan verib. “Şimali Aral dənizinin mühafizəsi layihəsinin ikinci mərhələsinin inkişafı Kokaral bəndinin yenidən qurulmasını və Baltik sistemi üzrə dəniz səviyyəsinin 44 metrə qaldırılmasını əhatə edir. Layihənin həyata keçirilməsi Şimali Aral dənizinin səth sahəsini 3913 kvadrat kilometrə, suyun həcmini isə 34 milyard kubmetrə çatdıracaq. Lakin dənizin bu səviyyələrə qədər doldurulması dörd-beş il çəkəcək”, - deyə Nurjan Nurjiqitov bildirib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
34
1
azertag.az

2Mənbələr