AZ

Azərbaycanlı alimin elmi məqaləsi Cənubi Koreyada dərc olunub

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi ilə bağlı verdiyi Sərəncamdan sonra 1926-cı ildə Bakıda keçirilmiş qurultayın əhəmiyyəti ilə bağlı araşdırmalar aktuallaşıb. Bu kontekstdə tanınmış ədəbiyyatşünas, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsi nəzdindəki Ədəbiyyat kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Razim Məmmədovun məqaləsi Cənubi Koreyada dərc olunub.

AZƏRTAC xəbər verir ki, “Türk xalqlarının həyatında tarixiləşən qurultay” sərlövhəli məqalə 2026-cı il yanvarın 8-9-da Seulda keçirilmiş “Əməkdaşlıq innovasiyası ilə elmin inkişafı” adlı V Beynəlxalq elmi-praktik konfransın materiallarında işıq üzü görüb.

Məqalədə 1926-cı il fevralın 26-dan martın 6-na kimi Bakıda davam edən Birinci Türkoloji Qurultay tədqiqata cəlb olunur, türk xalqlarının milli-mənəvi dəyərlərinin yüksəlməsinə yönələn müzakirə mövzuları təhlil edilir.

Razim Məmmədov, görkəmli dilçi-alim, akademik Mədəd Çobanovun bu günlərdə təkrar nəşr edilən “Birinci Türkoloji Qurultay və türk dillərinin müasir problemləri” adlı fundamental əsərinə də istinad edir. Məqalədə M.Çobanovun türk dillərinin "tarixi yaddaşı"nın qorunub saxlanmasının əhəmiyyəti, həmçinin türk xalqlarının öz qədim soy-kökünə, tarixinə, mədəniyyətinə və adət-ənənələrinə qayıtmaq zərurəti ilə bağlı dəyərli mülahizələri yer alır.

Mərhum alim M.Çobanovun fikrincə, türk xalqlarının siyasi, iqtisadi, mədəni və strateji baxımdan inteqrasiyası günün ən aktual məsələlərindən biridir. O, problemin həll yolunu "fikir və düşüncəni türk xalqlarının ədəbi dillərinin birliyinə doğru yönəltmək"də görürdü. Alim qeyd edirdi ki, hər bir xalq bəşəriyyətə öz ana dili ilə təqdim olunur ki, bu təqdimat da özünü etnoqrafik, etnopsixoloji, mifoloji və digər strateji sahələrdə büruzə verir.

Azərbaycanlı alimin Cənubi Koreyada dərc olunan bu məqaləsi Birinci Türkoloji Qurultay irsinin beynəlxalq səviyyədə təbliğinə və türkologiya elminin inkişafına mühüm töhfədir.

Seçilən
24
azertag.az

1Mənbələr