AZ

Rəqəmsal dövrün təhlükəsi: kiberbullinqin psixoloji risk faktorları

Bakı, 21 yanvar, AZƏRTAC

Son dövrlərdə kibertəhlükəsizlik mövzusu tez-tez gündəmə gəlir. Kibertəhlükəsizlik məsələsinin aktuallaşmasının əsas səbəbi həyatın demək olar ki, bütün sahələrinin rəqəmsallaşmasıdır. İnsanlar sosial şəbəkələrdə, mesajlaşma tətbiqlərində və onlayn platformalarda daha aktiv olduqca, risklər də artır. Xüsusilə kiberbullinq halları göstərir ki, kibertəhlükəsizlik yalnız texniki deyil, eyni zamanda, psixoloji, hüquqi və sosial xarakter daşıyan bir problemdir.

Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının doktorantı Aytən Mütəllimzadə kiberbullinqin psixoloji riskləri barədə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Kiberbullinqin qurbanları ən çox hansı yaş qruplarında olur?

-Rəqəmsal zorakılıq bütün yaş qruplarında olan şəxslər üçün travmatikdir və hər kəs qurban ola bilər. Lakin təcrübəyə nəzər saldıqda yetkinlik yaşına çatmayanlar və gənclərin daha çox kiberbullinqə məruz qaldıqlarını müşahidə etmiş oluruq. Kiberbullinq kiberməkanda sosial media, mesajlaşma tətbiqləri və digər onlayn platformalar vasitəsilə qəsdən həyata keçirilən zorakılıq formasıdır. Bu, təhqir, təhdid, yalan məlumatların yayılması, şəxsi və ya intim məlumatların icazəsiz paylaşılması kimi halları əhatə edir. Yəni burada məqsəd qarşı tərəfə psixoloji zərər vurmaqdır.

-Statistika bu problemin geniş yayıldığını göstərirmi?

-Bəli, statistik göstəricilər kifayət qədər narahatedicidir. Ümumdünya Səhiyyə Təşkilatının Avropa şöbəsinin 2022-ci ildəki “Məktəbyaşlı uşaqlarda sağlamlıq davranışı” tədqiqatına əsasən, hər 6 məktəblidən 1-i, yəni təxminən 15–16 faizi kiberbullinqə məruz qalır. Qlobal hesabatlarda isə bu göstərici ölkələrdən asılı olaraq 13,99 faizdən 57,5 faizə qədər dəyişir. Azərbaycanda məktəblərdə bullinqlə bağlı keçirilən sorğunun nəticələrində qeyd edilir ki, əsasən 11-ci sinif şagirdlərində kiberbullinqə yol verilir.

-Kiberbullinq özünü daha çox hansı formalarda göstərir?

-Müxtəlif formalarda özünü göstərə bilər. Ən geniş yayılmış hallara başqasının sosial şəbəkə və ya digər onlayn hesablarına icazəsiz daxil olunması və həmin şəxsin adından mesajların göndərilməsi daxildir. Bundan əlavə, şəxsi məlumatların, şəkillərin və videoların razılıq olmadan paylaşılması da kiberbullinqin tez-tez rast gəlinən formalarındandır. Xüsusilə intim məzmunlu yazışma və görüntülərin yayılması və ya bu materiallar vasitəsilə şantaj edilməsi qurban üçün ciddi psixoloji travmalara səbəb olur. Bəzi hallarda isə əldə olunan materiallardan istifadə edilərək pul və ya digər tələblər irəli sürülür. Bütün bu hallar qurbanın psixoloji vəziyyətinə ağır təsir göstərir və uzunmüddətli mənfi nəticələr yarada bilir.

-Bəs kiberbullinqin psixoloji təsirləri nədən ibarətdir?

-Kiberbullinqin təsirləri çox ciddi və dərin ola bilər. Psixoloji stres nəticəsində beyinin qərar verməyə cavabdeh olan prefrontal korteksinin fəaliyyəti zəifləyir, qorxu mərkəzi olan amiqdala isə həddindən artıq aktivləşir. Bu zaman depressiya, güclü narahatlıq, intihar fikirləri, yuxu problemləri, baş ağrısı və xroniki yorğunluq müşahidə edilə bilər.

Adətən, müəllimlər və valideynlər tez-tez yeniyetmə və gənclərin dərsə marağının azalmasını və sosial mühitdən uzaqlaşmasını müşahidə edirlər. Onlarda təlim fəaliyyətinin zəifləməsi, sosial izolyasiya, sosial fobiya kimi problemlər yaranır. Kiberbullinq yalnız emosional deyil, idrak funksiyalarına da ciddi zərər vurur. Diqqət yayılır, beyin daimi təhlükə axtaran rejimə keçir. Xroniki stres hippokampın fəaliyyətini zəiflədir və bu da hafizənin, xüsusilə qısamüddətli hafizənin zəifləməsinə səbəb olur.

Kiberbullinqə məruz qalan şəxslərdə mənfi özünüqavrama və koqnitiv xətalar formalaşır. “Məndə problem var”, “Heç kim məni istəmir”, “Hamı mənə gülür” kimi düşüncələr yaranır. Katastrofik düşünmə, mənfi məlumatlara fokuslanma və ümumiləşdirmə halları artır. Bu isə qərarverməni və sağlam düşünmə prosesini zəiflədir.

-Sizcə, kiberbullinqin qarşısını almaq üçün nə etmək lazımdır?

-Kiberbullinqin qarşısının alınması yalnız texniki vasitələrlə mümkün deyil. Rəqəmsal savadlılıq, düzgün onlayn davranış qaydalarının öyrədilməsi, hüquqi və psixoloji maarifləndirmə çox vacibdir. Xüsusilə azyaşlılara kiberməkanda təhlükəsiz davranış vərdişləri aşılanmalıdır. Maarifləndirmə işləri orta və ali təhsil müəssisələrində aparılmalı, psixoloqlar, hüquqşünaslar və İKT mütəxəssislərindən ibarət multidissiplinar komandalar fəaliyyət göstərməlidir. Bu proses hüquqşünaslar və psixoloqların birgə əməkdaşlığını tələb edir. Xüsusilə uşaqlar və gənclərlə mütəmadi maarifləndirmə işlərinin aparılması böyük əhəmiyyət daşıyır. Maarifləndirmə işlərinə rəqəmsal savadlılığın artırılması, kiberbullinqin hüquqi tərəflərinin izah olunması və psixoloji təsirlərinin müzakirə olunması aiddir. Azərbaycanda kibertəhlükəsizliyin təmin olunması istiqamətində Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və Baş Prokurorluğun Kibertəhlükəsizlik şöbəsi fəaliyyət göstərir. Bu qurumlarla yanaşı, psixoloqların və hüquqşünasların birgə işi də olduqca vacibdir. Xüsusilə yeniyetmə və gənclərlə mütəmadi maarifləndirmə tədbirlərinin aparılması bu problemin qarşısının alınmasında mühüm rol oynayır.

Seçilən
29
azertag.az

1Mənbələr