Bakı, 21 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın xarici siyasət prioritetlərini aydın göstərməklə yanaşı, rəsmi Bakının formalaşmaqda olan yeni beynəlxalq münasibətlər sisteminə baxışını da ortaya qoydu. Bu müsahibə bir daha sübut etdi ki, Azərbaycan qlobal prosesləri, sadəcə, kənardan izləyən deyil, dəyişən dünya reallıqlarında öz maraqlarını qorumağı bacaran fəal dövlətdir. Prezidentin toxunduğu əsas məqamlardan biri beynəlxalq hüququn əvvəlki universallığını itirməsi ilə bağlı idi. Dövlətimizin başçısı açıq şəkildə bildirdi ki, müasir dünyada münasibətlər getdikcə hüquqdan daha çox güc amili üzərində qurulur. Bu reallıq fonunda Azərbaycanın seçdiyi yol isə hər kəsə aydındır: milli maraqlara əsaslanan, lakin beynəlxalq hüququ tamamilə kənara qoymayan praqmatik siyasət. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bu yanaşmanın real nəticəsi kimi qiymətləndirilə bilər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Lamiyə İsazadə deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan regionda qısamüddətli razılaşmalardan daha çox, konkret addımlara və beynəlxalq səviyyədə tanınan sülh təşəbbüslərinə əsaslanan uzunmüddətli sabitlik və əməkdaşlıq xətti yürüdür.
“Müsahibədə Cənubi Qafqazda yaranmış yeni vəziyyətə də xüsusi diqqət ayrıldı. Prezident İlham Əliyev Ermənistanla sülh prosesinin artıq konkret nəticələr verdiyini və regionun tarixində nadir rast gəlinən bir mərhələyə qədəm qoyulduğunu vurğuladı. Yükdaşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, enerji təchizatının bərpası və əlaqələrin tədricən normallaşması regional inteqrasiyanın ilkin, lakin mühüm addımlarıdır. Prezidentin “əbədi sülh” ifadəsi isə Azərbaycanın qısa müddətli razılaşmalarla deyil, uzunmüddətli sabitliklə maraqlandığını göstərir.
İran ətrafında baş verən proseslərə toxunan Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycanın əsas marağı regionda sabitliyin qorunmasıdır. Müharibənin və işğalın ağır nəticələrini yaşamış bir ölkə üçün sülh alternativsiz seçimdir. Dövlətimizin başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də bu siyasi xəttin beynəlxalq səviyyədə qəbul olunduğunu göstərən mühüm məqamdır. Dövlətimizin başçısının bu mükafatı şəxsi uğur kimi deyil, Azərbaycanın regionda sülhə verdiyi töhfəyə qiymət kimi dəyərləndirməsi rəsmi Bakının sülh quruculuğu mövqeyini daha da gücləndirir”, - deyə L.İsazadə əlavə edib.
Siyasi şərhçi qeyd edib ki, enerji məsələləri ilə bağlı səsləndirilən fikirlər isə Azərbaycanın qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaş olaraq mövqeyini qoruduğunu göstərir. Neft qiymətlərinin stabil qalması və qaz ixracının geniş coğrafiyanı əhatə etməsi ölkəmizin strateji əhəmiyyətini daha da artırır.
“Avropa İttifaqı (Aİ) ilə enerji əməkdaşlığı müsahibədə xüsusi yer tutdu. Azərbaycanın hazırda 16 ölkəyə, o cümlədən Aİ-yə üzv 10 dövlətə qaz ixrac etməsi enerji diplomatiyasının miqyasını açıq şəkildə ortaya qoyur. Prezidentin qeyd etdiyi kimi, boru kəməri qazının coğrafi əhatəsinə görə Azərbaycanın dünya miqyasında öncül mövqedə olması təsadüfi deyil. Bu, ölkəmizin illər ərzində apardığı ardıcıl siyasətin nəticəsidir.
Dövlətimizin başçısı onu da qeyd etdi ki, Azərbaycan üçün əsas olan Avropa Komissiyası ilə qurulan real və qarşılıqlı faydalı əməkdaşlıqdır. İdeoloji və qərəzli yanaşmalar ölkənin müstəqil siyasi xəttinə təsir göstərmir.
Prezident İlham Əliyevin Davosda “Euronews”a verdiyi müsahibə ümumilikdə Azərbaycanın yeni dünya nizamında öz yerini dəqiq müəyyən etdiyini göstərir. Gücə əsaslanan beynəlxalq münasibətlər sistemində, Azərbaycan gücü diplomatiya, hüquq və iqtisadi potensialla balanslaşdıran ölkələrdən biri kimi çıxış edir. Əminliklə demək olar ki, bu müsahibə həm region, həm də qlobal aktorlar üçün aydın mesaj oldu. Azərbaycan dəyişən dünyada sabitlik, əməkdaşlıq və milli maraqlara əsaslanan siyasətini dəyişmədən davam etdirəcək”, - deyə Lamiyə İsazadə vurğulayıb.