
"İstehlakçı etiket oxumağa ərinməməli, məhsulun üzərindəki məlumatlarla mütləq tanış olmalıdır. Təəssüf ki, bu gün tez-tez rast gəlinən hal ondan ibarətdir ki, istehlakçı marketə gəlir, məhsulun endirimdə olduğunu görüb heç bir araşdırma aparmadan alıb gedir. Bu isə düzgün yanaşma deyil. Alıcı baxmalıdır ki, məhsulun istifadə müddəti keçib-keçməyib, tərkib hissələri nələrdir, hansı inqrediyentlərdən ibarətdir və s.".
Bu sözləri qida eksperti Ağa Salamov Missiya.Az-a açıqlamasında deyib.
"Qara çörək məsələsində də eyni yanaşma tətbiq olunmalıdır. Əgər məhsul çovdar çörəyi adlanırsa, etiketin “İçindəkilər” və ya “Tərkib” bölməsində çovdar ununun olub-olmaması mütləq qeyd edilməlidir. Həmçinin, tam buğda unu ilə çovdar ununun qarışığıdırsa, bu da açıq şəkildə göstərilməlidir. Eyni qayda yulafdan və ya digər dənli bitkilərdən hazırlanan çörəklərə də aiddir. İstənilən halda, istifadə olunan xammal etiket üzərində dəqiq şəkildə yazılmalıdır və istehlakçı bunu oxumalıdır",-ekspert bildirib.
Ağa Salamovun sözlərinə görə, məhsula rəng qatılıb-qatılmadığını isə adi istehlakçı, hətta qida eksperti və ya dietoloq belə, sadəcə baxaraq müəyyən edə bilməz. Bu, yalnız laboratoriya şəraitində aparılan analizlər nəticəsində məlum olur. Bəzən beynəlxalq dərəcəli, orqanoleptik analiz aparmaq qabiliyyətinə malik qida mütəxəssisləri dad, rəng və qoxuya əsasən müəyyən fərqləri hiss edə bilərlər. Lakin bu, hər mütəxəssis üçün keçərli deyil. Məsələn, qida sektorunda yalnız ət məhsulları ilə çalışan bir mütəxəssis çörəyin xüsusiyyətlərini dəqiq ayırd edə bilməz. Eyni şəkildə, süd məhsulları üzrə ixtisaslaşmış ekspert də çörək sahəsində dərin bilik sahibi olmaya bilər. Bu səbəbdən, qara çörəyin tərkibini və keyfiyyətini müəyyən etmək olduqca çətindir və əsas çıxış yolu laboratoriya analizləridir.
"Əgər istehlakçı məhsuldan şübhələnirsə – dadında, rəngində və ya digər xüsusiyyətlərində uyğunsuzluq hiss edirsə – bu halda Qida Agentliyinin “Qaynar xətt”inə müraciət etməli, məhsulla bağlı fikirlərini bildirməlidir. Agentlik isə həmin məhsuldan nümunə götürərək laboratoriya şəraitində analiz aparmalıdır. Analizin nəticələri istənildiyi halda ictimaiyyətə açıqlana və ya şikayətçiyə rəsmi cavab verilə bilər. Marketlərdə satılan qara çörəklərlə ev şəraitində bişirilən, çovdar və tam buğda ununun qarışığından hazırlanan çörəklər arasında, təbii ki, fərq mövcuddur. Evdə çörək hazırlayan şəxs acıtma texnologiyasını bilməlidir. Sadəcə xəmir yoğurmaq kifayət deyil; düzgün mayalanma prosesi, iki fazalı texnologiya və uyğun üsullar tətbiq olunmalıdır. Bu şərtlər yerinə yetirilərsə, evdə bişirilən çörək daha keyfiyyətli ola bilər.
Lakin evdə hazırlanan çörək də əgər mağazadan alınan, kəpək və rüşeym hissələri ayrılmış undan bişirilirsə, nəticədə əldə olunan məhsul zavod çörəyindən ciddi şəkildə fərqlənməyəcək. Əgər şəxs tam buğda və ya çovdar unu – yəni kəpəyi və rüşeymi ayrılmamış unlardan istifadə edərsə, xüsusilə də əl dəyirmanında üyüdülmüş un olarsa, bu halda evdə bişirilən çörəyin ətri, dadı və keyfiyyəti tamamilə fərqli olacaq"- A. Salamov əlavə edib.
İlahə Qənbərli
Missiya.Az