NATO-nun Baş katibi Mark Rütte bildirib ki, hazırda ABŞ Prezidenti Donald Trampla Qrenlandiya məsələsi ilə bağlı gərginliyin həll edilməsi üzərində işləyirlər, lakin danışıqlar ciddi məxfilik şəraitində aparılmalıdır.
"Far.Az" "Sky News"ə istinadən xəbər verir ki, M.Rütte bunu Davosda panel müzakirəsində çıxış edərkən deyib.
"Əmin ola bilərsiniz ki, mən bu məsələ üzərində pərdə arxasında işləyirəm, lakin bunu açıq şəkildə edə bilmərəm", - o bildirib.
M.Rütte hesab edir ki, Qrenlandiya ətrafında gərginlik Avropanı və ABŞ-ni Ukraynadan yayındırmamalıdır.
"Prioritet məsələ Ukrayna olmalıdır, bu, Avropa və ABŞ-nin təhlükəsizliyi üçün son dərəcə vacibdir. Onun (Ukraynanın - red.) indi, sabah və birigün bizim dəstəyimizə ehtiyacı var", - o vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp fevralda Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyadan göndərilən mallara 10 % rüsum tətbiq ediləcəyini elan edib. Rüsum daha sonra 25 %-ə qədər artırılacaq və Birləşmiş Ştatlar tərəfindən Qrenlandiyanın satın alınması haqqında müqavilə imzalanana qədər qüvvədə qalacaq.