"Son dövrlər xüsusilə yay mövsümü yaxınlaşdıqca sürətli arıqlama vədi verən pəhrizlər, xüsusən də "keto diet" sosial şəbəkələrdə geniş yayılıb. "2 həftəyə 8 kilo", "2 həftəyə 12 kilo" kimi cəlbedici başlıqlar əsasən qadınların diqqətini çəkir və bir çox insanı bu proqramlara yönəldir. Lakin bu cür sürətli çəki itkisi sağlamlıq üçün ciddi risklər yaradır".
Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı qrup diet proqramlarının sağlamlığa təsiri haqqında qastroenteroloq Emin Məmmədov bildirdi.
Mütəxəssisin sözlərinə görə, sağlam arıqlama tələsmədən, mərhələli şəkildə aparılmalıdır:
"Elmi yanaşmaya əsasən, sağlam şəkildə çəki itirmək üçün həftədə orta hesabla 0,5-1 kilo arıqlamaq normal hesab olunur. Qısa müddətdə kəskin çəki itkisi isə orqanizm üçün stres yaradır və uzunmüddətli fəsadlara səbəb ola bilər. Dünyada elmi cəhətdən faydası sübut olunmuş bir neçə pəhriz modeli var. Bunlardan biri Aralıq dənizi dietasıdır. Bu pəhriz meyvə-tərəvəz, yaşıllıq, zeytun yağı, balıq və dəniz məhsullarına əsaslanır və həm çəki nəzarətinə, həm də uzunömürlülüyə müsbət təsir göstərir. Digər tövsiyə edilən model isə balıq və dəniz məhsullarına üstünlük verən pəhriz var. Bundan əlavə, aralıqlı qidalanma üsulunun da düzgün tətbiq olunduqda faydalı olduğu elmi araşdırmalarla sübut edilib".
Nuriyyə NATİQQIZI