AZ

Ərdoğan YPG/SDF-yə xəbərdarlıq etdi: Müqavimət cəhdləri intihara bərabər olacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada fəaliyyət göstərən YPG və “Suriya Demokratik Qüvvələri”nin (SDF) hər hansı müqavimət və ya təxribat cəhdinin onlar üçün ağır nəticələrə səbəb olacağını bildirib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, hazırkı şəraitdə terrorçu qruplaşmaların atacağı istənilən addım faktiki olaraq intihara bərabərdir.

Ərdoğan qeyd edib ki, ötən ilin 10 martında Suriya hökuməti ilə SDF arasında əldə olunan razılaşma yerinə yetirilməyib. Həmin razılaşmaya əsasən, SDF silahı yerə qoymalı və Suriyanın şimal və şərqində nəzarət etdiyi əraziləri Dəməşqin idarəsinə təhvil verməli idi. Lakin bu istiqamətdə indiyədək heç bir real addım atılmayıb.

Türkiyə lideri vurğulayıb ki, SDF silahlıları razılaşmanı pozmaqla yanaşı, mülki əhaliyə təzyiqləri davam etdirib, həmçinin nəzarət etdikləri bölgələrdən kənarda mülki və hərbi obyektlərə hücumlar həyata keçiriblər.

Ərdoğan Ankaranın mövqeyinin dəyişməz olduğunu bildirib və Türkiyənin vahid, ərazi bütövlüyü qorunan və mərkəzi siyasi hakimiyyətə malik Suriya dövlətinin tərəfdarı olduğunu qeyd edib. O, son həftələrdə aparılan uğurlu əməliyyatlara görə Suriya hökumətini, ordusunu və “qardaş Suriya xalqını” təbrik edib.

SDF və YPG barədə danışan Türkiyə Prezidenti deyib:

“Terror təşkilatı sıxışdırıldığı əraziləri saxlamaq gücündə deyil. Bu mərhələdə ediləcək istənilən təxribat onların özləri üçün intihar demək olacaq”.

Bununla yanaşı, Ərdoğan Suriyadakı kürd əhalini terror təşkilatlarından ayıraraq xüsusi vurğulayıb. O bildirib ki, kürdlər Türkiyənin qardaş və bacılarıdır:

“Terror təşkilatı ayrı, mənim kürd qardaş və bacılarım tamam başqadır. Heç kim harada olmasından asılı olmayaraq kürd qardaşlarımın iradəsini girov götürə bilməz. Heç kim bütün kürdlərin yeganə nümayəndəsi kimi danışmaq haqqına malik deyil”.

Ərdoğan xatırladıb ki, əvvəlki rejim dövründə Suriyadakı kürdlər ciddi təzyiqlərə məruz qalıb, vətəndaşlıq, sənəd, ana dilində danışmaq və mədəniyyətlərini qorumaq hüquqlarından məhrum ediliblər. Onun sözlərinə görə, hələ 2008-ci ildən etibarən, baş nazir olduğu dövrdə, beynəlxalq platformalarda Suriya kürdlərinin hüquqlarını qaldırıb və Türkiyə bu məsələdə israrlı mövqe nümayiş etdirib.

Sonda Türkiyə Prezidenti bildirib ki, Ankara başqa ölkələrin ərazilərinə iddia etmir və onların daxili işlərinə qarışmır, lakin eyni zamanda Türkiyənin milli maraqlarına zərər verilməsinə də heç vaxt yol verməyəcək.

Aliyə

Seçilən
86
nocomment.az

1Mənbələr