Bu gün “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinin VII turunda evdə keçirəcəyi son oyun günüdür. Azərbaycan təmsilçisi doğma azarkeşləri önündə “Ayntraxt Frankfurt”u qəbul edəcək. Bəs bugünkü vacib qarşılaşmada “Qarabağ” xüsusilə hansı məqamlara diqqət etməlidir? Futbol eksperti Kənan Məstəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, bu qarşılaşma hər iki tərəf üçün böyük əhəmiyyət daşıyır: ““Qarabağ” qələbə qazanacağı halda pley-off mərhələsini təxminən 90–95 faiz təmin etmiş olacaq. Eyni zamanda, “Ayntraxt” qalib gəlsə, növbəti turda “Tottenhem”lə oyuna daha inamlı çıxmaq üçün ciddi motivasiya əldə edəcək. Çünki bizimlə müqayisədə onların şansları daha azdır və iki oyunun hər ikisində mütləq qələbə qazanmalıdırlar. Bu baxımdan həm “Qarabağ”, həm də “Ayntraxt” matça yüksək motivasiya və istəklə çıxacaq”. K.Məstəliyevin sözlərinə görə, “Qarabağ”ın əsas problemlərindən biri komandanın rəsmi oyun praktikasının az olmasıdır: “Milli çempionatda fasilə yarandığı üçün rəsmi matçlar keçirilməyib, çempionat oyunları isə yalnız bu həftədən başlayacaq. Komanda heyətini əsasən Antalyada keçirilən yoxlama görüşlərində sınaqdan keçirmək mümkün olub. Gördüyümüz qədərilə “Qarabağ” yaxşı vəziyyətdədir — həm fiziki, həm də psixoloji baxımdan futbolçular istirahət edib və güc yığıblar. “Ayntraxt” isə bu müddətdə azı üç çempionat oyunu keçirib və oyun praktikasında problem yaşamır. Bununla yanaşı, komandanın zədəliləri və itkiləri var, həmçinin baş məşqçi dəyişikliyi baş verib. Hazırda keçid dövrünü yaşayırlar. Bu, bizim üçün o baxımdan müsbətdir ki, komanda yeni məşqçinin rəhbərliyi altında hələ oyun sistemini tam formalaşdırmayıb və ilk rəsmi matçına çıxacaq. Mənfi tərəfi isə ondan ibarətdir ki, yeni məşqçi və futbolçular özlərini sübut etmək üçün daha istəkli ola bilərlər”. Ekspert Almaniya təmsilçisi olan “Ayntraxt”ın çox güclü olduğunu diqqətə çatdırıb: “Bundesliqa klubudur və onlarla oynamaq hər zaman çətindir. Bununla belə, “Qarabağ” bu səviyyədə rəqiblərlə dəfələrlə qarşılaşıb və qələbələr qazanıb. Ona görə də komandamıza inanıram. Düşünürəm ki, 90 dəqiqə ərzində öz oyunumuzu oynayıb mübarizəmizi rəqibə tətbiq edə bilsək, bu qarşılaşmadan qalib ayrıla bilərik. Hətta “Qarabağ”ın qələbəsini də proqnozlaşdırmaq olar”. Qeyd edək ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də start götürəcək. Sevinc İbrahimzadə / Metbuat.az