AZ

"Analar bizi dünyaya gətirir, Vətən isə qucağına alır": Qarabağın cənub qapısından – REPORTAJ

Yazının əvvəli burada...

Qarabağın cənub qapısı Hadrut

...Yolumuz Xocavənd rayonunun Hadrut qəsəbəsinədir. O Hadrut ki, erməni işğalından dərhal sonra düşmən burada məskən salmaqla yanaşı, həm də Qarabağın cənubunu nəzarətdə saxlamaq üçün nəhəng hərbi istehkamlar qurmuşdu. Aşılmaz qayaların köksünə pərçimlənmiş pusqu mövqeləri, gizli yollar və səngərlər Hadrutu keçilməz bir səddə çevirmişdi. Erməni silahlı qüvvələrinin dörd böyük alaydan ibarət diviziyası məhz burada yerləşdirilmiş, nəhəng qara bulud kimi Füzulinin, Cəbrayılın, Xocavəndin səmasını kəsmişdi.

O Hadrut ki, 44 günlük Vətən müharibəsi zamanı düz bir həftə – oktyabrın 7-dən 15-nə qədər haqq savaşı tariximizə qızıl hərflərlə yazılan ağır və taleyüklü mübarizənin mərkəzinə çevrilmişdi. Dağlar, dərələr səsimizə səs vermiş, meşələr, çaylar torpağın əsl sahiblərinin qayıdışına şahidlik eləmişdi. Nəhayətində, müharibənin on üçüncü günündə Hadrut Azərbaycan Ordusunun – əsl sahiblərinin tam nəzarətinə keçmişdi.

O Hadrut ki, azad edilməsi təkcə bir yaşayış məntəqəsinin düşmən tapdağından qurtarılması deyildi, bu, böyük ölçüdə, Vətən müharibəsinin taleyinə birbaşa təsir edən dönüş nöqtəsi idi. Məhz Hadrutun düşmən caynağından qoparılması ilə Qarabağın ürəyinə – Şuşaya aparan yol açıldı. Məhz Hadrutun düşmən caynağından qoparılması düşmənin mənəvi və psixoloji olaraq sındırılması demək idi.

İndi – 2026-ci ilin 13 yanvarında, yəni Vətən müharibəsindən düz 1935 gün sonra dağları dolana-dolana qalxdığımız bu yollar bizi həmin Hadruta aparır. Yolboyu yenə də texnikaların müxtəlif səpkili tikinti-quraşdırma işlərini həyata keçirdiyini görürük. Yəni yurd yenidən qurulur, dirçəlir, həyat addım-addım bu dağlara qayıdır. Amma elə bilirəm, bu səs-küyün, bu qarmaşanın arasından haradansa, necəsə Azərbaycan ordusunun addım səsləri də eşidilir. Elə bilirəm, düz beş il öncə heç bir hərbi texnikanın köməyi olmadan, məhz hünər və cəsarətinə, güc və şücaətinə arxalanaraq bu yolları, bu küçələri qarış-qarış düşmən tapdağından qurtaran igidlərimiz indi də bizimlə birlikdə addımlayır. İndi, bu gün yenə də hər döngədə onların səsi eşidilir, hər daşın, hər ağacın kölgəsində izləri görünür.

"Analar bizi dünyaya gətirir, Vətən isə qucağına alır": Qarabağın cənub qapısından – REPORTAJ

Yurda dönüş: "Bağımızda, bağçamızda hələ çox ağaclar əkəcəyik"

Əsl samovar havasıdır, – fotoqrafımız ucsuz-bucaqsız təsiri bağışlayan dolambac yollara, yolqırağı evlərə baxıb dillənir.

Görünür, buranın havasından, suyundandır ki, arzumuz anındaca gerçəkləşir. Cəmi iki döngə sonra uzaqdan burula-burula səmaya qalxan samovar tüstüsü görünür: bu tüstü bizim qonaq olacağımız evi işarət edirdi.

Bir neçə günlük ağır yolçuluğun yorğunluğu çiyinlərimizdə qəsəbənin ilk sakinlərindən olan Gözəlovlar ailəsinin qapısını döyürük.

Ailə Xocavənd rayonundan köçkün düşüb. Ramilə xanım həmin günləri xatırlaya-xatırlaya köçkünlük dövründə bir çox çətinliklərinin olduğunu deyir.

"Bir xeyli Bakıda yataqxanada yaşadıq, amma sonralar oğlumu evləndirdim. Beləcə kirayəyə çıxmağa məcbur olduq. İndi isə çox şükür, yenidən elimizə-obamıza qayıtmışıq. Bu günü bizə yaşadan dövlət başçısına, ordumuza, şəhidlərimizə, qazilərimizə minnətdarıq".

Gözəlovlar ailəsi Birinci Qarabağ müharibəsində torpağın müdafiəsinə qalxan minlərlə ailədən biri olub və həmin döyüşlərdə üç şəhid verib.

"Həmin o dəhşətdə qardaşım, bacım oğlu və bibim oğlu şəhid oldu. İndi onların da ruhu şaddır. Bilirsən, oğul, analar bizi dünyaya gətirir, Vətən isə qucağına alır", – deyir Ramilə ana.

Cəmi iki aydır Hadrutun yeni sakinlərinə çevrilən ailə artıq həyət-bacaya sığal çəkib, onu yenidən canlandırıb. Ramilə ana gələcəyə böyük bir inamla baxaraq: "Hələ bağımızda, bağçamızda ağaclar əkəcəyik, tərəvəz becərəcəyik", – deyir. Yəni torpağın əsl sahibləri ona lazımi qayğını verir...

Orxan Gözəlov isə Xocavənddən çıxanda cəmi iki yaşının olduğunu bildirir.

"Amma böyüdükcə, yaşa dolduqca başa düşürdüm ki, mütləq qayıdacağıq. Oğlum yaşda olanda çıxmışdım bu torpaqlardan, indi ailəmlə, oğlumla qayıtmışam. Bu günlərə şükür..."

Amma, əlbəttə, Gözəlovlar ailəsi Hadruta təkcə yaşamağa deyil, həm də yaratmağa, bu torpağın bərəkətinə bərəkət qatmağa gəliblər. Ona görədir ki, Orxan bəy və ömür-gün yoldaşı Hadrutda yeni bir çörək və şirniyyat evi açmaq istədiklərini deyirlər.

"Müraciət etmişik, deyiblər, təmin edəcəklər. Gözləyirik".

Elə bu zaman Ramilə xanım da oğlunun sözünə qüvvət verir:

"Çörək bol olarsa, basılmaz Vətən!"

Ailənin gəlini üçün də Hadrut qısa zamanda doğma yuvaya çevrilib. O da bu dağların sehrinə, suyunun şirinliyinə və havasına valeh olduğunu gizlətmir.

"Buraya öyrəşmək mənim üçün heç də çətin olmadı. Elə bilirəm buralarda böyümüşəm... Hər şeylə də təmin olunmuşuq, çox şükür bu günə..."

Bir sözlə, hələ Hadrut küçələrini dolandıqca, döngə-döngə, məhəllə-məhəllə irəlilədikcə açıq səmasına yüksəldiyini gördüyümüz o samovar tüstüsü Gözəlovlar ailəsinin timsalında bir daha yurda, yuvaya qayıdışın ən böyük simvollarından birini ehtiva edir: indi Hadrut səmasını qara buludlar deyil, bir ailənin, bir ocağın dönüşünü xatırladan samovar tüstüsü bürüyür...

Qırmızı Bazarın havası, suyu, təbiəti: "Bura köçəndən təzyiqim də normallaşıb"

Xocavənd rayonunun dağlıq hissəsində yerləşən Qırmızı Bazar qəsəbəsi də, coğrafi mövqeyi, tarixi keçmişi və strateji əhəmiyyəti baxımından xüsusi əhəmiyyətə malikdir. Bura tarixən həm təbii relyefi, həm də yerləşdiyi yol qovşaqları baxımından bölgənin mühüm yaşayış məntəqələrindən biri kimi tanınıb.

Qəsəbənin yerində əvvəllər bazar mövcud olub, adına Qırmızı Bazar deyilməsi də məhz bu səbəbdəndir. Yaşayış məntəqəsi 1947-ci ildə isə şəhər tipli qəsəbə statusunu alıb.

Bura Ağdərə və Xankəndi arasında əlaqə yaradan ən mühüm yol qovşaqlarından biri hesab edilir. Bir sözlə, qəsəbədə nəzarətə sahib olmaq ətraf ərazilərin təhlükəsizliyinə və kommunikasiya imkanlarına təsir edir.

Yavər Qurbanov Qırmızı Bazar qəsəbəsinə qayıdan ilk sakinlərdən, bu torpağın dirçəlişinə şahidlik edən birinci şəxslərdəndir. Dörd nəfərlik ailəsi ilə birlikdə yenidən doğma yurdunda kök salan qəsəbə sakini artıq təsərrüfatla məşğul olduğunu, gələcəyə ümidlə baxdığını bildirir.

"Mənə üç inək verilib, artıq onlardan birinin balası da var. Şükür Allaha, şükür bu günlərə. İrəliləyən zamanda bizə torpaq sahəsinin də veriləcəyini deyirlər. Elə olsa, təsərrüfatımı genişləndirərəm".

Xocavəndin bənzərsiz təbiəti, tərtəmiz havası onun üçün həm də şəfa mənbəyinə çevrilib. Ev sahibi bura ayaq basdığı gündən sanki yenidən doğulduğunu deyir.

"Düz 34 il yurd həsrəti ilə qovrulduq. O ağır illərdə təzyiq xəstəsi olmuşdum, bura gələndən nə təzyiq qalıb, nə ağrı. Bu dağların havası bütün dərdimizi-sərimizi yuyub apardı..."

Əlbəttə, Qarabağdakı Böyük qayıdış həm də yurd yarasının, vətənsizlik xəstəliyinin sağalması deməkdir. Otuz il doğma torpaq, doğma ocaq həsrəti ilə yanan Qarabağ sakinləri indi azad, abad torpaqlarında həmin həsrəti xatırlaya-xatırlaya gələcəklərini inşa edirlər.

Bu illər ərzində Ağcabədidə, Beyləqanda, Bakıda müxtəlif yaşayış məntəqələrində, yataqxanalarda yaşamağa məcbur olduğunu deyən Yavər bəy indi dövlət tərəfindən verilən 6 otaqlı evdə yaşamaqdan məmnunluğunu ifadə edib.

"Allah bizə bu şəraiti yaradanlardan, yurdumuza-yuvamıza qaytaranlardan razı olsun".

Elə bu notların üzərində səfərimizin üçüncü gününü də yekunlaşdırırıq. Günəş batdıqca əzəmətli dağların kölgəsi yenidən qurulan, yenidən nəfəs tapan qəsəbə və kəndlərin üzərinə hakim kəsilir. Bir neçə il öncə bu mənzərə qaranlığı və nisgili ifadə edərdisə, indi bu kölgələr yorğun, lakin yurd-yuvaya qayıdan sakinlərin qayıdışından məmnun Vətənin dinc yuxusuna bənzəyir.

Biz isə öz növbəmizdə, yavaş-yavaş növbəti günün planını qururuq. Hələ görülməli çox iş, çəkilməli çox mənzərə, dinlənilməli çox insan taleyi var. Sabah bizi azad, abad Qarabağda növbəti qayıdış hekayəsi gözləyir. Yolumuzun hara olmasından asılı olmayaraq, bir həqiqəti özümüz üçün yəqin etmişik: indi Qarabağın hər qarışı bizləri öz övladı kimi bağrına basır, hər daşın, hər ağacın kölgəsindən zəfər pıçıltısı yüksəlir.

Azadlığın və abadlığın əbədi olsun, Vətən!

Yazının davamı olacaq...

Seçilən
152
far.az

1Mənbələr