AZ

Ekranlarda təmizlik əməliyyatı Belə serial və verilişlərin yayımı dayandırılacaq

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Televiziya efirlərində gedən veriliş və seriallarda qeyri-etik davranışlar və ifadələr hər zaman tamaşaçının narazılığına səbəb olub. Bu ildən etibarən qaydalara müəyyən dəyişiklik və tənzimləmələr edilib. Gündəmdə olan "Səkkiz" adlı serial da qeyri etik ifadələrə görə bu ay yayımı dayandırılıb.  Eyni zamanda kino sahəsində mənfi obrazların işlənilməsi məsələsi də gündəmə gəlib.Hər iki məsələ ilə bağlı yazıçı-kulturoloq Aydın Xan Əbilov Demokrat.az-a bildirib ki, Efirlər ümumilikdə Azərbaycan xalqının milli sərvətidir:"Çünki ölkədə özəl, ictimai və dövlət televiziyaları ilə yanaşı internet televiziyaları da fəaliyyət göstərir. Bu efir yalnız tezliyi əldə edən kanallara deyil, bütövlükdə xalqa və dövlətə məxsusdur. Milli sərvət isə korlanmamalıdır. Necə ki, evimizi və həyat tərzimizi təmiz saxlayırıq, efir də eyni qaydada qorunmalıdır".Ekspert əlavə edib ki, son illər efirdə qadağalardan daha çox tənzimləmə ilə bağlı yeniliklər müşahidə olunur:"2026-cı ildən etibarən televiziya kanallarında seriallarda, filmlərdə, verilişlərdə, o cümlədən sosial və realiti şoularda aparıcılar, ekspertlər və iştirakçılar danışıq və davranışlarına daha çox diqqət yetirməlidirlər.  Bu mövzuda dəfələrlə çağırışlar edilib. Milli mental dəyərlərə uyğun danışıq və davranış mədəniyyəti həm sosial verilişlərdə, həm də teleserial və filmlərdə qorunmalıdır".Onun fikrincə, efir və kinoteatrlara təqdim olunan filmlər və seriallar milli mənəvi dəyərləri yaşatmalı, mədəni və intellektual səviyyəni yüksəltməlidir. "Həyatı olduğu kimi göstərmək adı ilə intim və ya estetikadan uzaq səhnələrin açıq şəkildə təqdim edilməsi doğru yanaşma deyil. Sənət əsərlərində əsas məqsəd insanın bioloji tərəflərini deyil, yüksək estetik və mənəvi dəyərləri önə çıxarmaqdır".Kulturoloq bildirib ki, serial və filmlərdə mənfi obrazların təqdimatında da tənzimləmə vacibdir:"Uzun illərdir efirdə ailəsini dağıdan, zorakılıq edən və sosial baxımdan problemli şəxslər bəzən əsas qəhrəman səviyyəsinə yüksəldilib. Bu isə xüsusən gənc nəsil üçün yanlış nümunə yaradır. Mənfi obrazlar olmalıdır, lakin onlar tənqid edilməli və ictimai qınaq kontekstində təqdim olunmalıdır. Həyatda yalnız müsbət insanlar yoxdur. Mənfi obrazlar da reallığın bir hissəsidir. Onların göstərilmədiyi filmlər adətən maraqsız və təsirsiz olur. Sovet kino sənayesində bu cür boz ekran əsərləri üstünlük təşkil edib və bu filmlər nə tamaşaçı, nə də beynəlxalq uğur qazanıb".Kulturoloq qeyd edib ki, bunlarla yanaşı, həddindən artıq qadağalar da kino və serial sənayesini zəiflədə bilər:"Bu sahə kreativ sənayenin bir hissəsidir, iş yerləri yaradır və mədəni biznesin inkişafına töhfə verir. Əsas çıxış yolu obrazların daha incə və simvolik dillə təqdim edilməsidir. Kino və serial yaradıcıları həm müsbət, həm də mənfi qəhrəmanları elə formalaşdırmalıdırlar ki, tamaşaçı uzaqlaşmasın və eyni zamanda sərt qadağalara ehtiyac yaranmasın"- deyə Aydın Xan Əbilov qeyd edib.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
demokrat.az

1Mənbələr