AZ

Gənclər arasında təhlükəli trend - həkimlər xəbərdarlıq edir

Son dövrlərdə sosial şəbəkələrdə qulaq sındırma görüntülərinin sayında artım müşahidə olunur. Bəzi insanlar bu proseduru pul qarşılığında klinikalarda, digərləri isə idman zallarında və ya ev şəraitində həyata keçirir. Lakin həkimlər xəbərdarlıq edir ki, bu cür müdaxilələr ciddi fəsadlara səbəb ola bilər.

Həkim Adil Qeybulla Day.Az-a açıqlamasında deyib ki, son vaxtlar "qulaq sındırma" adı altında qulaq qığırdağının əyilməsi kimi pullu əməliyyatlar mətbuatda və sosial şəbəkələrdə daha çox diqqət çəkir.

"Bu cür prosedurlar ciddi fəsadlara səbəb ola bilər: qulaq zədələnməsi nekroza, hematomaya, hətta qulaq dəri toxumasının zədələnməsi nəticəsində çapıqlara gətirib çıxara bilər. Düzdür, bu birbaşa eşitməyə ziyan vurmasa da, qulaq seyvanının zədələnməsi məqsədəuyğun deyil və qulağın deformasiya olunmasına qədər gedə bilər."

Həkim bildirib ki, qulaq sındırma adəti qədim zamanlarda daha məna kəsb edirdi.

"O dövrlərdə qız uşaqları ərə getməzdən əvvəl, yəni ailə qurana qədər, onların sifətinə, qaşlarına və digər yerlərinə əl dəyməməsi ənənəsi mövcud idi. Bu baxımdan qulaq deşilməsi də toy mərasimindən əvvəl həyata keçirilən bir mərasim idi. Gəlinin bacıları, qohumları bu mərasimə qatılır, qadın qohumlar qulağını deşərək ora sırğa taxırdılar. Bu adət "qulağın sındırılması" kimi qəbul edilirdi və yalnız ərə getmədən əvvəl yerinə yetirilə bilirdi."

Adil Qeybulla həmin adətin dövrdə heç bir mənasını görmədiyini deyib.

"Açığı, bu kimi yeniliklərin aparılmasını insanların sadəcə əyləncə axtarışı kimi dəyərləndirirəm. Mən düşünürəm ki, gənclər daha məqsədyönlü, daha faydalı işlərlə məşğul olsa, daha yaxşı olar. Bütün bunları insanların əyləncə axtarışına bağlayırıq."

Elvin Səxavətoğlu
Day.Az

Seçilən
3
day.az

1Mənbələr