AZ

Starmer Qrenlandiya ilə bağlı mövqeyindən geri çəkilməyəcəyini bildirib

London, 21 yanvar, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp tərəfindən tarif hədələri səsləndirilməsinə baxmayaraq, Qrenlandiya məsələsində mövqeyindən geri çəkilməyəcəyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Starmer parlamentdə “Baş nazirə suallar” sessiyasında çıxış edərək deyib: “Müttəfiqlərə təzyiq göstərmək məqsədilə tarif hədələrindən istifadə edilməsi tamamilə yanlışdır. Açıq şəkildə demək istəyirəm: “Mən geri çəkilməyəcəyəm”. Böyük Britaniya da tarif təhdidləri altında Qrenlandiyanın gələcəyi ilə bağlı öz prinsip və dəyərlərindən geri addım atmayacaq”.

Starmer bildirib ki, London tərəfi konstruktiv dialoq aparmağa hazırdır, lakin Qrenlandiya məsələsində mövqeyi qətidir. Onun sözlərinə görə, Qrenlandiyanın gələcəyi yalnız Qrenlandiya xalqının və Danimarka Krallığının qərarı olmalıdır.

Baş nazir, həmçinin Trampın Böyük Britaniyanın Çaqos adaları ilə bağlı razılaşmasını tənqid etməsini Qrenlandiya mövqeyini dəyişməyə yönəlmiş təzyiq cəhdi kimi qiymətləndirib. O qeyd edib ki, Trampın Çaqos adaları ilə bağlı son açıqlamaları Ağ Evdə keçirilən əvvəlki görüşlərdə səsləndirdiyi dəstək ifadələrindən fərqlənib və bu sözlər məhz Britaniya hökumətinə təzyiq göstərmək məqsədi daşıyıb.

“Prezident Tramp istəyir ki, mən Qrenlandiya ilə bağlı mövqeyimdən geri çəkilim, lakin mən bunu etməyəcəyəm”, - deyə Starmer əlavə edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

Seçilən
19
azertag.az

1Mənbələr