Yeni Klinikada ‘Bayraqdar’ İctimai Birliyi və ‘Inclusive Organization Company’nin təşkilatçılığı əsasında inklüziv cəmiyyətin qurulmasına dəstək məqsədilə, 20 Yanvar şəhidlərinə həsr olunmuş ‘İnklüzivliyin Sirri 6’ adlı konfrans baş tutub.
Azərbaycan Respublikası Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatı, Yeni Klinika, “Ümidlə Gəl” xeyriyyə layihəsi, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi və “Hera” Ailə Naminə İctimai Birliyinin rəsmi tərəfdaşlığı keçirilən konfransda millət vəkilləri, ictimai birlik nümayəndələri, hərbçilər, valideynlər, həmçinin müxtəlif istiqamət üzrə fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqləri ilə Bayraqdar İB-nin sədri, Yeni Klinikanın İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Nərmin Kazımova, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, polkovnik-leytenant Anar Həsənov, “Ümidlə Gəl” xeyriyyə layihəsinin rəhbəri Hacı Quliyev, “Inclusive Organization Company”nin təsisçisi və rəhbəri İbrahim Məmmədov çıxış edərək inklüziv cəmiyyətin formalaşdırılmasının vacibliyini vurğulayıblar.
İki paneldən ibarət olan forumun birinci hissəsində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial İqtisadi Kollecin direktoru Mübariz Hacıbəyov, “Azərbaycan Respublikasının şəhid ailələri, əlilləri və müharibə veteranlarının müdafiəsi” İB-nin sədr müavini Ramin Şirinov, V çağırış Milli Məclisin deputatı, Bakı şəhəri 295 nömrəli tam orta məktəbin direktoru Dilarə Cəbrayılova və Yeni Robotik Reabilitasiya Mərkəzinin əməkdaşı, uzman fizioterapist Nəzrin Əsədli mövzu ətrafında çıxış ediblər.
Valideynlərə həsr olunmuş ikinci panelin rəsmi hissəsində Milli Məclisin deputatı Ceyhun Məmmədov iştirak edib. Paneldə şəhid qızı, Esminur Tədris Mərkəzinin rəhbəri Esmira Hüseynova, Fiziki məhdud şəxslər qrupunun rəhbəri Arzu Mirzəyeva, “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyinin sədri Şəhla Mirzəməmmədova, valideyn Şəfa Eynullayeva, eləcə də sahə üzrə mütəxəssislər – loqoped-defektoloq Nuranə Kazımlı, psixoloq Gültəkin Qocayeva, terapevt Məryəm Həsənova, xüsusi pedaqoq Suğra Quliyeva, inklüziv modelyer Kübra Nuriyyeva inklüziv təhsil, reabilitasiya eləcə də sosial dəstək mexanizmləri ilə bağlı fikir və təcrübələrini bölüşüblər.
İnklüzivliyin təşviqi, cəmiyyətin bütün üzvləri üçün bərabər imkanların yaradılması və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilən konfransda aktual məsələlər səsləndirilib, mövcud problemlərin həlli istiqamətində geniş fikir mübadiləsi aparılıb.

















