AZ

Azərbaycan və “J.P.Morgan” - energetika və investisiyalar sahəsində tərəfdaşlığın yeni perspektivləri

Bakı, 21 yanvar, Tamilla Məmmədova, AZƏRTAC

“J.P.Morgan” ilə əməkdaşlıq Azərbaycan üçün bir sıra strateji imkanlar açır.

AZƏRTAC xəbər verir ki, birincisi, Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOFAZ) neft-qaz sektorundan kənarda uzunmüddətli institusional investisiya və portfelin diversifikasiyası üçün bankın ekspertizasından istifadə edə bilər. Bu, xüsusilə, dayanıqlı inkişafa və ESG-investisiyalarına yönəlmiş maliyyə alətlərinin tətbiqini, həmçinin beynəlxalq layihələrin dəstəklənməsi məqsədilə xarici kapitalların cəlb edilməsini əhatə edir.

İkincisi, “J.P.Morgan” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) enerji layihələrinin maliyyələşdirilməsində əsas rol oynaya bilər. Əməkdaşlıq iri layihələrin maliyyələşdirilməsinin strukturlaşdırılmasını, xarici investorların cəlb edilməsini və risklərin, eləcə də valyuta dəyişkənliyinin hedcinq mexanizmlərinin yaradılmasını əhatə edə bilər. Bu, SOCAR üçün beynəlxalq mövcudluğun genişləndirilməsi və müxtəlif ölkələrdə, o cümlədən İsrail və BƏƏ-də strateji layihələrin həyata keçirilməsi baxımından əlavə imkanlar açır.

Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda dünyanın aparıcı maliyyə institutlarından biri olan ABŞ-ın “J.P.Morgan” şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymonla görüşüb. Azərbaycan Respublikası Dövlət Neft Fondu və ölkəmizin digər qurumlarının “J.P.Morgan” ilə əməkdaşlığının əhəmiyyətinə toxunan dövlət başçısı bunun uzunmüddətli xarakter daşıdığını və qarşılıqlı etimada əsaslandığını vurğulayıb. Öz növbəsində, Ceymi Daymon rəhbərlik etdiyi şirkətin Azərbaycan Dövlət Neft Fondu ilə uzunmüddətli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib. O qeyd edib ki, bu tərəfdaşlıq möhkəm institusional əsaslara söykənir və “J.P.Morgan” şirkəti onun daha da dərinləşdirilməsində maraqlıdır. Söhbət zamanı şirkətin SOCAR-ın fəaliyyətinin maliyyələşdirilməsi sahəsində uzun illər davam edən əməkdaşlığı məmnunluqla vurğulanıb, “J.P.Morgan” ilə SOCAR arasında tərəfdaşlığın genişləndirilməsi ilə bağlı gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, görüşdə “J.P.Morgan” şirkətinin ölkəmiz tərəfindən ABŞ-ın energetika sektoruna investisiya qoyuluşu məqsədilə cəlb edilməsi məsələsi ətrafında fikir mübadiləsi aparılıb. Bu istiqamət birgə investisiya fondlarının yaradılmasını, strateji aktivlərin alınmasını və infrastruktur layihələrində iştirakı əhatə edə bilər ki, bu da ölkənin gəlirlərinin diversifikasiyasına və iqtisadiyyatın neft-qaz sektorundan asılılığının azaldılmasına imkan verəcək. “J.P.Morgan” üçün Azərbaycanla əməkdaşlıq mühüm fayda təqdim edir, bankın inkişaf etməkdə olan enerji bazarlarında mövqelərini möhkəmləndirir, iri institusional kapitalların idarə edilməsi və yeni müştərilərin cəlb edilməsi imkanlarını genişləndirir.

Ümumilikdə, Azərbaycan ilə “J.P.Morgan” arasında əməkdaşlığın perspektivləri ümidverici görünür. Bu əməkdaşlıq ölkənin beynəlxalq maliyyə bazarlarında mövqelərinin möhkəmləndirilməsinə, gəlir mənbələrinin şaxələndirilməsinə və iqtisadiyyat və energetika sahələrində milli strateji vəzifələrin həyata keçirilməsi üçün əlavə kapitalların cəlb edilməsinə töhfə verə bilər.

Seçilən
30
azertag.az

1Mənbələr