AZ

Cəsarət Hüseynzadə: Dezinformasiyaya qarşı mübarizədə QHT-lərin bir sıra üstünlükləri var”

Yanvarın 21-də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda ictimai müzakirə keçirilib.

“Vətəndaşların media savadlılığının artırılması və sosial media platformalarında dezinformasiyaya qarşı ictimai maarifləndirmədə QHT-lərin rolu” mövzusunda sessiyada “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə QHT-lərin bu sahədə ictimai nəzarət mexanizmləri barədə mülahizələrini bölüşüb.

İctimai Birlik sədri qeyd edib ki, son dövrdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişikliklər informasiya mühitində sağlamlığın qorunması baxımından mühüm addım kimi dəyərləndirilməlidir. Xüsusilə milli-mənəvi dəyərlərin qorunması, ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən davranışların və əxlaqsız ifadələrin məhdudlaşdırılması vacib və zəruri məsələdir. Bu dəyişikliklər söz azadlığını deyil, ictimai məsuliyyətsizliyin qarşısının alınmasını hədəfləyir.

“Azərbaycan reallığında dezinformasiyanın təsiri daha həssas xarakter daşıyır. Məhz bu nöqtədə vətəndaş cəmiyyətinin, xüsusilə qeyri-hökumət təşkilatlarının  rolu ön plana çıxır. QHT-lər cəmiyyətin içində fəaliyyət göstərir, insanların dilini, gündəlik problemlərini və narahatlıqlarını yaxşı bilir. Bu səbəbdən onlar regionlarda media savadlılığı üzrə maarifləndirici görüşlər keçirə, müxtəlif yaş və sosial qruplar üçün hədəfli təlimlər təşkil edə, sosial mediada sadə və anlaşılan dildə izahedici kontent yarada bilirlər.”

C. Hüseynzadə bildirib ki,  dezinformasiyaya qarşı mübarizədə QHT-lərin bir sıra üstünlükləri mövcuddur. Onların əsas üstünlüyü ictimai etimaddır – vətəndaşlar QHT-ləri daha yaxın və daha anlaşılan aktor kimi qəbul edirlər. Digər üstünlük çeviklik və operativlikdir: QHT-lər sosial mediada yayılan yanlış informasiyalara daha sürətli reaksiya verə bilir. Həmçinin QHT-lər eyni mesajı bütün auditoriyalara deyil, müxtəlif hədəf qruplarına uyğunlaşdıraraq çatdırmaq imkanına malikdir. Lokal bilik və regional təcrübə də onların təsir gücünü artıran mühüm amildir.

“QHT-lər dezinformasiyaya qarşı mübarizədə media savadlılığı üzrə yerli proqramlar, həssas qruplar üçün xüsusi yanaşmalar, erkən xəbərdarlıq və izah mexanizmləri, eləcə də gənclərin və könüllülərin prosesə cəlb edilməsi kimi alətlərdən istifadə edə bilərlər. Aparılan monitorinqlər göstərir ki, 2025-ci ildə bu sahə üzrə cəmi 6 layihə icra olunub ki, bu da problemin miqyasını nəzərə aldıqda kifayət deyil və layihələrin sayının artırılmasının vacibliyini ortaya qoyur.

Beynəlxalq təcrübə də göstərir ki, dezinformasiya ilə mübarizə çoxşaxəli yanaşma tələb edir. Bu prosesdə dövlət qurumları, akademik dairələr, media, fakt-yoxlayıcılar və QHT-lər bir-birini tamamlayan rollar oynayır. Media savadlılığı sahəsində ən uğurlu nümunələrdən biri Finlandiya təcrübəsidir. Finlandiya uzun illərdir media təhsili, tənqidi düşüncə və saxta xəbərlərlə mübarizə istiqamətində sistemli siyasət həyata keçirir və Avropa Media Savadlılığı İndeksində lider mövqedə qərarlaşıb.” – deyə təşkilat sədri vurğulayıb

 

Seçilən
18
qht.az

1Mənbələr