ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən Sülh Şurası ideyası Yaxın Şərqdə uzun illərdir davam edən İsrail–Fələstin münaqişəsinin həllinə yeni siyasi yanaşma gətirən təşəbbüs kimi diqqət çəkir. Bu ideya klassik vasitəçilik mexanizmlərindən kənara çıxaraq dialoq, qarşılıqlı maraqlar və kollektiv məsuliyyət prinsipləri əsasında daha geniş və inklüziv platformanın formalaşdırılmasını hədəfləyir. Təşəbbüsün məqsədi yalnız regional gərginliyin azaldılması ilə məhdudlaşmır, eyni zamanda, qlobal təhlükəsizlik sistemində yeni siyasi mexanizmlərin yaradılmasını da nəzərdə tutur.
Belə beynəlxalq platformalara dövlətlərin münasibəti onların qlobal sistemdə tutduğu mövqeni, sülh proseslərinə verdiyi real töhfəni və beynəlxalq məsuliyyət anlayışını aydın şəkildə ortaya qoyur. Bu baxımdan Azərbaycanın Sülh Şurası təşəbbüsünə dəvəti təsadüfi xarakter daşımır. Bu dəvət Azərbaycan Prezidentinin Şarm-əl Şeyx şəhərində keçirilmiş Yaxın Şərq Sülh Sammitində iştirak etdiyi siyasi xəttin, eyni zamanda, Azərbaycanın son illərdə apardığı ardıcıl, prinsipial və nəticəyönümlü xarici siyasətin məntiqi davamıdır.
ABŞ Prezidentinin məktubu Azərbaycanın qlobal siyasi aktor statusunu təsdiqləyir

Rəsmi Bakı artıq yalnız regional aktor statusu ilə kifayətlənməyərək qlobal siyasi dialoqa töhfə verən, beynəlxalq təşəbbüslərdə etibarlı tərəfdaş kimi qəbul olunan dövlət modelini formalaşdırıb. ABŞ Prezidentinin Azərbaycan Prezidentinə ünvanladığı məktub da məhz bu reallığın siyasi təsdiqi kimi dəyərləndirilməlidir. Məktubda səsləndirilən “Sizi Yaxın Şərqdə sülhü möhkəmləndirmək və qlobal münaqişələrin həllinə yeni yanaşma formalaşdırmaq baxımından son dərəcə mühüm əhəmiyyət daşıyan tarixi səyimizə qoşulmağa dəvət etməkdən böyük şərəf duyuram” fikri Vaşinqtonun Azərbaycana verdiyi siyasi dəyərin və etimadın açıq ifadəsidir.
Bu müraciət onu göstərir ki, Azərbaycan artıq beynəlxalq sülh gündəliyində kənar müşahidəçi deyil, proseslərə təsir göstərən və qərarların formalaşmasında rol oynayan subyekt kimi qəbul olunur. ABŞ Prezidentinin məktubunda Azərbaycanın Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət edilməsi və Nizamnamənin formalaşdırılmasında iştirakının xüsusi vurğulanması bu etimadın institusional səviyyədə təsdiqidir.
Prezidentin mesajı Azərbaycanın qlobal sülh siyasətinə sadiqliyini göstərir

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa ünvanladığı cavab məktubunda səsləndirdiyi “Bu dəvəti Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığın və Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi kimi qəbul edirəm” fikirləri də bu siyasi xəttin mahiyyətini aydın şəkildə əks etdirir.
Bu mövqe Azərbaycanın xarici siyasətində prinsipiallıq və ardıcıllığın əsas xətt təşkil etdiyini göstərir. Prezidentin cavab məktubu rəsmi Bakının beynəlxalq münasibətlərdə dialoqa açıq, məsuliyyətli və balanslı tərəfdaş kimi çıxış etdiyini bir daha təsdiqləyir. Eyni zamanda, bu yanaşma Azərbaycanın sülh təşəbbüslərində iştirakını taktiki addım deyil, uzunmüddətli strateji kursun tərkib hissəsi kimi təqdim edir və ölkənin qlobal sabitliyə töhfə vermək niyyətini aydın şəkildə ortaya qoyur.
Sülh Şurasına dəvət Azərbaycanın qlobal etibarlı tərəfdaş statusunu təsdiqləyir

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov APA-ya açıqlamasında bildirib ki, Sülh Şurasına dəvət olunan ölkələr ABŞ-ın etibar etdiyi, onunla sabit münasibətləri olan və beynəlxalq proseslərdə konstruktiv mövqe tutan dövlətlərdir:
Onun sözlərinə görə, Azərbaycanın Sülh Şurasına dəvət olunması tam məntiqlidir və ölkənin beynəlxalq aləmdə formalaşmış siyasi çəkisinin real göstəricisidir "Coğrafi baxımdan kiçik olmasına baxmayaraq, Azərbaycan son illərdə beynəlxalq münasibətlər sistemində etibarlı və təsir imkanları olan qlobal aktor kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və balanslı xarici siyasət xətti ölkənin regional münaqişələrin həllində, postmünaqişə dövrünün effektiv idarə olunmasında və dayanıqlı sülh modelinin təşviqində ciddi təcrübə toplamasına imkan verib. Məhz bu amillər Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirib və onu qlobal sülh təşəbbüsləri üçün etibarlı tərəfdaşa çevirib”.
Davos mesajları Prezident İlham Əliyevin artıq yalnız regional deyil, qlobal lider kimi qəbul edildiyini təsdiqləyir

Politoloq qeyd edib ki, Azərbaycanın son beş ildə müxtəlif nüfuzlu beynəlxalq platformalarda artan fəallığı, qlobal liderlərlə birbaşa dialoqu və təşəbbüslərdə iştirakı bu etimadın real göstəricisidir.
Onun sözlərinə görə, xüsusilə Davos İqtisadi Forumu çərçivəsində bir sıra dövlət və hökumət başçılarının Prezident İlham Əliyev haqqında səsləndirdiyi müsbət fikirlər onun artıq yalnız regional deyil, qlobal lider kimi qəbul edildiyini təsdiqləyir: “Prezident İlham Əliyevin Sülh Şurasına dəvət olunması təkcə Azərbaycanın artan beynəlxalq çəkisinin göstəricisi deyil, eyni zamanda, Donald Trampın Azərbaycan liderinə olan siyasi etimadının və şəxsi münasibətinin ifadəsidir. Bu dəvət ABŞ tərəfindən Azərbaycanın sülhyönlü siyasətinin, sabitləşdirici rolunun və beynəlxalq proseslərə töhfə vermək potensialının qəbul edildiyini açıq şəkildə nümayiş etdirir”.
Azərbaycanın postmünaqişə təcrübəsi qlobal sülh modelləri üçün nümunə kimi dəyərləndirilir

Cənubi Qafqazda sülhyaratma prosesində Azərbaycanın liderliyi artıq reallıqdır. Azərbaycanın Vətən müharibəsindən sonrakı dövrdə revanşizmə deyil, dayanıqlı sülhə, reinteqrasiyaya və regional əməkdaşlığa əsaslanan siyasi kursu Yaxın Şərq kimi mürəkkəb və çoxqatlı münaqişə zonasının gələcəyi ilə bağlı müzakirələrdə praktik model kimi maraq doğurur.
Zaur Məmmədovun sözlərinə görə, regionda yaxşı bilinir ki, Azərbaycan sülhün qurulması, sabitliyin təmin edilməsi və postmünaqişə proseslərinin effektiv idarə olunması sahəsində mühüm və praktik təcrübəyə malik, balanslı və etibarlı aktor kimi qəbul olunur: “Uzun illər davam etmiş münaqişədən sonra əldə olunan nəticələr göstərdi ki, Azərbaycan yalnız hərbi və siyasi baxımdan deyil, eyni zamanda, diplomatik və institusional baxımdan da postmünaqişə dövrünü idarə etmək qabiliyyətinə sahibdir. Azərbaycanla Ermənistan arasında yeni siyasi səhifənin əsasının qoyulması regional sabitliyin formalaşması baxımından bu reallığın əsas sütunlarından birini təşkil edir”.

Politoloq vurğulayıb ki, sülh gündəliyinin təşviqi, kommunikasiya xətlərinin açılması və qarşılıqlı etimadın qurulması istiqamətində atılan addımlar Azərbaycanın konstruktiv və məsuliyyətli yanaşmasını açıq şəkildə nümayiş etdirir.
“Məhz bu səbəbdən Azərbaycan tərəfindən əldə olunmuş postmünaqişə təcrübəsinin Yaxın Şərqdə, xüsusilə Qəzza ətrafında gedən mürəkkəb proseslərdə tətbiq oluna biləcəyi ehtimalı beynəlxalq müzakirələrdə getdikcə daha çox səsləndirilir”, - politoloq fikrini yekunlaşdırıb.
Nəticə etibarilə, ABŞ-ın Azərbaycanı Sülh Şurasına dəvət etməsi rəsmi Bakının postmünaqişə dövründə formalaşdırdığı ardıcıl və sülhyönlü siyasi kursa beynəlxalq səviyyədə verilən yüksək qiymətin ifadəsidir. Azərbaycan artıq regional çərçivədən çıxaraq qlobal sülh gündəliyinə real töhfə verən, etibarlı və balanslı aktor kimi qəbul olunur. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən xarici siyasət dialoq, sabitlik və əməkdaşlıq prinsiplərinə əsaslanır. Bu yanaşma Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, daha geniş coğrafiyalarda sülh təşəbbüsləri üçün nümunəvi tərəfdaş kimi mövqeyini möhkəmləndirir.