Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə üz-üzə gələcək.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov bildirdi ki, Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” üçün ən vacib oyunlardan biri məhz budur:
"Bu qarşılaşmada qələbə qazanılacağı təqdirdə komandamızın qrupdan çıxmaq və pley-off mərhələsinə yüksəlmək şansı olduqca yüksəlir və demək olar ki, 90 faiz ehtimalla bu hədəfə çatmış olarıq. Açığı, bilmirəm bu bəxtlə bağlıdır yoxsa təsadüfdür, amma xatırlamıram ki, hansısa bir komanda qrup mərhələsində qarşılaşdığı dörd rəqibin baş məşqçiləri ilə ardıcıl problemlər yaşasın. Məsələn, “Benfika”nın baş məşqçisi göndərildi, daha sonra “Atletik Bilbao” ilə bağlı məsələ oldu. Səhv etmirəmsə, “Çelsi”nin də baş məşqçisi ilə yolların ayrılması gündəmdə idi. Ardınca “Ayntraxt”ın baş məşqçisi göndərildi, “Ayaks”ın baş məşqçisi istefa verdi və “Ayaks” Bakıya artıq ikinci baş məşqçi ilə gəldi. İndi isə “Ayntraxt” yenidən baş məşqçi dəyişikliyi edib və bu vəziyyətdə Bakıya gəlir".
Müsahibimiz qeyd etdi ki, baş məşqçi dəyişikliyinin həm müsbət, həm də mənfi təsiri olur:
"Mənfi tərəfi ondan ibarətdir ki, yeni gələn baş məşqçi qarşısında bəzi futbolçular özlərini göstərməyə çalışırlar. Üstəlik, yeni baş məşqçinin klubda nə qədər qalacağı da hələ sual altındadır. Bundan əlavə, onun hansı oyun strategiyasını seçəcəyi daha müdafiəvi, yoxsa hücumameyilli oynayacağı bizim üçün sürpriz ola bilər. “Ayaks” oyunu bunun bariz nümunəsi idi.
Müsbət tərəfi isə ondadır ki, baş məşqçi dəyişikliyi çox vaxt komandada müəyyən çaxnaşma yaradır. Oyunçular bir tərəfdən özlərini sübut etməyə çalışsalar da, digər tərəfdən qərarsızlıq yaşayırlar. Çünki bilmirlər ki, yeni baş məşqçi onlarla müqaviləni davam etdirəcəkmi, əsas heyətdə yer alacaqlarmı və s. Bu kimi amillər istər-istəməz komandaya təsir göstərir. Digər bir məqam isə ondan ibarətdir ki, yeni baş məşqçi qısa müddətdə komandada köklü dəyişikliklər edə bilmir. Dəyişiklik etmək istədikdə isə performans aşağı düşə bilər, çünki az vaxt ərzində sistemi tam formalaşdırmaq çətindir. Eyni zamanda oyunun nəticəsindən asılı olmayaraq, indiki baş məşqçi ciddi məsuliyyət daşımır, çünki bu onun qurduğu komanda deyil. Bu amillərin hamısı “Ayntraxt”a həm müsbət, həm də mənfi təsir göstərə bilər".
Mütəxəssisin fikrincə, baş məşqçi dəyişikliyi rəqib komandaya daha çox neqativ təsirin üstünlük təşkil edəcək:
"Çünki “Qarabağ” ilk növbədə evdə oynayır. İkincisi, “Ayntraxt” uzun yol qət edərək, təxminən dörd-dörd yarım saatlıq uçuşdan sonra Bakıya gələcək ki, bu da müəyyən yorğunluq yarada bilər. Bundan əlavə, “Ayaks”la oyunu müqayisə etsək, orada oyunçularda ciddi yorğunluq hiss olunurdu. Çünki “Ayaks” ardıcıl olaraq üç-dörd oyunu qısa fasilələrlə keçirirdi. Çempionlar Liqası və daxili çempionat oyunlarının üç gündən bir olması, üstəlik ehtiyat heyətin yetərincə yaxşı performans göstərməməsi əsas futbolçuların mütəmadi oynadılmasına səbəb olmuşdu. Bu da mövsümün ilk yarısının sonuna doğru futbolçuların yorğunluq həddinə çatmasına gətirib çıxarmışdı.“Ayntraxt” isə bu oyuna təlim-məşq toplanışından sonra gəlir və yorğunluq baxımından ciddi problem yaşayacağını düşünmürəm. Oyun praktikası baxımından müəyyən üstünlükləri ola bilər. Çünki “Ayntraxt” artıq daxili çempionatda üçüncü oyununu keçirib, “Qarabağ” isə əsasən yoldaşlıq oyunları ilə kifayətlənib. Oyun dinamikasına daxil olmaq baxımından “Ayntraxt” bir qədər üstün görünə bilər.
Bununla yanaşı, “Ayntraxt”ın son üç oyununa baxsaq, bu qarşılaşmalarda ümumilikdə doqquz qol buraxdıqlarını görərik. Hər oyunda orta hesabla üç qol buraxıblar. Bu oyunlardan yalnız birində məğlub olublar, ikisi isə 3:3 hesablı heç-heçə ilə başa çatıb. Bu, bir tərəfdən onların hücum xəttinin güclü olduğunu göstərirsə, digər tərəfdən “Qarabağ”ın da “Ayntraxt”ın qapısına yol tapa biləcəyini sübut edir".
Aslan Kərimov düşünür ki, "Qarabağ” bu oyunda qol vuracaq:
"Ümumilikdə komandamızın qələbə qazanmaq şansı kifayət qədər yüksəkdir. “Ayntraxt” Almaniya çempionatının iştirakçısı olsa da, hazırkı forması “Qarabağ”a bu rəqib üzərində qələbə qazanmaq imkanı verir".
Xədicə BAXIŞLI