"Qrenlandiya Arktika bölgəsində ən mühüm strateji nöqtələrdən biri hesab olunur. Bunun əsas səbəbi onun ada xüsusiyyətinə malik olması, geniş əraziyə sahib çıxması və Arktikanın digər hissələri ilə müqayisədə burada insan məskunlaşmasının mümkün olmasıdır. Eyni zamanda adada zəngin təbii ehtiyatların, nadir metalların və enerji resurslarının mövcudluğu Qrenlandiyanı Arktika miqyasında bir nömrəli məkana çevirir. Adanın strateji yerləşməsi onu daha da önəmli edir. Qrenlandiya həm Rusiya sərhədlərinə, həm ABŞ-a, həm də Avropaya yaxın mövqedə yerləşir. Bu amil adanı artıq regional güclər arasında üçüncü tərəf deyil, birbaşa qlobal güc balansının əsas elementinə çevirir. Arktikaya kim nəzarət edərsə, digər iki tərəfdən hərbi və strateji təzyiq riski xeyli azalır. Məhz buna görə hazırda ABŞ-nin bu bölgəyə xüsusi diqqət yetirdiyi açıq görünür. Ehtimal olunur ki, Rusiya da müəyyən formada gizli şəkildə bölgəyə nüfuz etməyə çalışır. Avropa isə Qrenlandiyanın de-fakto və de-yure Danimarkaya məxsus olması səbəbindən burada hələlik üstün mövqeyə malikdir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, Arktika qlobal güclər arasında artan geosiyasi rəqabətin əsas mərkəzlərindən birinə çevrilib. İqlim dəyişiklikləri və zəngin resurslar regionun strateji əhəmiyyətini artırarkən Qrenlandiya beynəlxalq gündəmin ön sıralarına çıxıb. ABŞ-nin təhlükəsizlik prioritetləri, Rusiya və Çinin fəallaşması, eləcə də Vaşinqton–Avropa fikir ayrılıqları adanı mühüm geosiyasi faktora çevirir. Fransa Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi Pyer de Vilyenin sözlərinə görə, ABŞ-nin Qrenlandiyada mümkün hərbi addımı NATO-nun 5-ci maddəsini işə salmayacaq və alyans ölkələri Vaşinqtona qarşı müharibəyə qoşulmayacaq. O qeyd edib ki, beynəlxalq nizam getdikcə güc qanununa tabe olur.
Siyasi şərhçi qeyd edib ki, Avropanın həm Rusiya, həm də ABŞ qarşısında zəif mövqedə qalması mövcud balansın yaxın gələcəkdə dəyişə biləcəyi riskini artırır.