AZ

20 manata görə dava düşdü Dedim ki, yekə oğlansan, niyə söyüş söyürsən?

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ağcabədi rayonunda iki nəfər arasında pul üstündə yaranan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 15-də rayonunun Salmanbəyli kəndində baş verib. 1992-ci il təvəllüdlü Şəhriyar Əliyev həmin gün saat 17 radələrində soğan sahəsində həmin sahədə fəhlə işləyən Zərdab rayon sakini Oruc ilə mübahisə edib. Aralarında şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı qəsdən onu yumruqla çənə nahiyəsindən bir dəfə vurub. Hadisəni törədən Şəhriyarın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Şəhriyar ona elan olunan ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ağcabədi rayonu Salmanbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır: “Rəsmi olaraq heç bir yerdə işləmirəm. Ailəliyəm, üç övladım var. Kənddə yerləşən soğanlıq sahəsində nəzarətçi işləyirəm. Bundan başqa, orada olan fəhlələrin əməkhaqqısı günlük olaraq vermişəm”. Təqsirləndirilən şəxs bildirib ki, iyulun 15-də, təxminən saat 17 radələrində həmin sahədə fəhlə işləyən Zərdab rayon sakini Oruc ona yaxınlaşıb və soğan kisələrini təhvil verdikdən sonra 2 gününün əmək haqqını istəyib: “Ona 40 manat verdim. O, gününün 30 manata olduğunu, buna görə də 2 günə 60 manat verəcəyimi dedi. Ona “xeyr, dəftərdə də yazılıb, sənin payına düşən 40 manatdır” dedim. Oruc isə “eybi yoxdur, pula görə at ...” deyə cavab verdi. Daha sonra Oruca dedim ki, yekə oğlansan, niyə söyüş söyürsən. Sonra avtomobilimə tərəf getdim. Lakin Oruc yenə də arxamca nalayiq ifadələr işlətməyə başladı. Buna görə əsəbiləşərək onun üstünə getdim və sağ yumruğum ilə onun çənə nahiyəsindən bir dəfə vurdum. Ardınca Oruc adlığı xəsarətdən yerə yıxıldıqdan sonra oradan uzaqlaşdım. Sonradan Orucdan üzr istəyərək onunla barışdım”.İş üzrə zərərçəkmiş Orucun sözlərinə görə, təxminən 1 ildir Ağcabədi rayonunda yerləşən kənd təsərrüfatlarında fəhlə işləyir: “2025-ci ilin aprel ayından isə Ağcabədi rayon, Salmanbəyli kənd sakini Semur Əliyevə məxsus Salmanbəyli kəndində yerləşən soğanlıq sahəsində fəhlə işləyib: “Əmək haqqı kimi günə 100-200 manat arası pul almışam. İyulun 15-də, saat 17 radələrində həmin soğanlıq sahəsində işlərimi yavaş-yavaş qurtardım və hazırladığım soğan kisələrini Semurun oğlu Şəhriyara təhvil verdim. Ardınca ondan iki gününün pulunu, yəni günü 30 manat olmaqla ümumi olaraq 60 manat olan əmək haqqımı istədim. Şəhriyar cibindən 40 manat çıxararaq mənə verdi. Mən isə onunla razılaşmadım. Daha sonra Şəhriyar dedi ki, özün bilərsən, sənin pulun bu qədərdir. Mən isə onu ittiham etdim. Ardınca Şəhriyara da mənə nalayiq ifadələr işlədərək üzərimə gəldi və sağ yumruğu ilə çənə nahiyəmdən bir dəfə vurdu”.Bu cinayət işinə Ağcabədi Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
demokrat.az

1Mənbələr