Bakı, 21 yanvar, Günel Alıyeva, AZƏRTAC
Türk dünyası təkcə ümumi tarixi keçmiş deyil, həm də dili, ənənələri və qeyri-maddi irsi dövlət sərhədləri və minlərlə kilometr məsafə ilə ayrılan xalqları bir-birinə bağlamaqda davam edən canlı mədəni orqanizmdir. Ümumi yaddaş, mədəni kod və ənənələrin davamlılığı məsələləri qloballaşma və sürətli sosial-mədəni dəyişikliklər fonunda bu gün xüsusi aktuallıq kəsb edir.
Türk xalqlarının birliyinin konkret olaraq harada təzahür etdiyi, kimliyin qorunmasında dilin hansı rolu oynadığı və yaz bayramlarında hansı dərin mənaların ehtiva olunması barədə AZƏRTAC-ın müxbiri Ankara Universitetinin Ədəbiyyat fakültəsinin müasir türk dilləri və ədəbiyyatları kafedrasının dosenti, elmlər doktoru Gürcü Selcan Sağlıq Şahin ilə söhbət edib.
– Sizin fikrinizcə, Türk dünyasının “ümumi mədəni kodu” adlandırdığımız anlayış ən parlaq şəkildə harada özünü göstərir? Əgər türk xalqlarının “ümumi tarixi”ndən danışırıqsa, elmi baxımdan bu birliyin başlanğıcını hansı dövrdən daha dəqiq hesablamaq olar?
– Türk dünyasının ümumi mədəni kodundan danışarkən, hesab edirəm ki, ilk növbədə türk tayfa və xalqlarının qeyri-maddi mədəni irsinə müraciət etmək lazımdır.
Məsələn, məscid maddi mədəni irs obyektlərinə aiddir. Bu gün dünyada türk memarlıq ənənəsi ilə bağlı çoxsaylı maddi mədəniyyət abidələri mövcuddur. Lakin maddi irs çox vaxt digər mədəniyyətlərin təsiri altında formalaşıb, həmçinin konkret ərazinin coğrafi şəraitinə, iqliminə və mövcud tikinti materiallarına uyğunlaşdırılıb.
Bundan fərqli olaraq, qeyri-maddi mədəni irsə xalq yaradıcılığı, toy, doğum və ölüm ilə bağlı mərasimlər, mətbəx, sənətkarlıq və gündəlik məişət ənənələri daxildir. Kütləvi mədəniyyətin və dəb meyillərinin təsiri ilə ayrı-ayrı cəmiyyətlərdə Hellouinin qeyd edilməsi və ya “baby shower” məclisinin (gələcək ana üçün keçirilən məclis – red.) təşkili kimi alınma praktikalar meydana çıxsa da, insanların əksəriyyəti üçün həlledici olaraq əcdadlardan miras qalan və nəsildən-nəslə ötürülən adətlər qalır. Bu ənənələr bir qayda olaraq, sabitdir və sürətli dəyişikliklərə məruz qalmır.
Türk dünyasında, xüsusən də kənd yerlərinə və ənənəvi həyat tərzinə nəzər saldıqda, toy, doğum, dəfn, mətbəx, toxuculuq və digər ənənələrdə heyrətamiz oxşarlıqlar, bəzən isə tam uyğunluq müşahidə etmək mümkündür.
Hesab edirəm ki, özünü türk adlandıran insan ən azı tarixi köklərini Göytürk xaqanlığı dövründən başlayaraq öyrənməlidir. Əlbəttə, daha geniş tarixi kontekstdə bu köklər skiflərə və hunlara qədər gedib çıxır.
– Müxtəlif coğrafi regionlarda məskunlaşmış türk xalqlarının ümumi yaddaşını qoruyan əsas amillər hansılardır?
– Mənim fikrimcə, türk xalqlarının ümumi yaddaşını qoruyan əsas amil dildir. Dil kimliyin saxlanılmasında aparıcı rol oynayır. Xüsusən də dünyanın müxtəlif yerlərinə səpələnmiş türk xalqları üçün türk dili həmişə özünüdərk prosesinin əsas dayaq elementlərindən biri olub. Ana dilini qoruyub saxlaya bilənlər öz kimliklərini də qoruya biliblər. Dilini itirənlər isə çox vaxt kifayət qədər tez assimilyasiyaya məruz qalıblar.
Dil təkcə insanlar arasında ünsiyyət vasitəsi deyil. O, həm də xüsusən ana dilindən danışdıqda, düşüncə tərzimizin necə işlədiyi ilə birbaşa bağlı olan bütöv bir sistemdir.
Məntiq və dil fəlsəfəsi məsələlərini araşdırmış avstriyalı filosof və riyaziyyatçı Lüdviq Vitgenşteyn bunu belə ifadə edib: “Dilimin hüdudları mənim dünyamın hüdudları deməkdir”.
– Sizcə, Novruz və Xıdır Əlləz kimi yaz bayramlarında motivlər, rəmzlər nəyi ifadə edir?
– Dünyanın əksər xalqlarında yazın gəlişi müxtəlif ayin və rituallarla qeyd olunur. Bu mənada yaz bayramları mahiyyət etibarilə beynəlxalq xarakter daşıyır. Türklər də yazı bayram edən icmalara daxildir, lakin tarixi kontekstin nəzərə alınması vacibdir. Məlum olduğu kimi türk xalqlarının tarixi şərti olaraq iki böyük dövrə — İslam dininin qəbulundan əvvəl və ondan sonrakı dövrlərə bölünür. Onların mədəniyyətini də eyni şəkildə öyrənmək mümkündür.
Novruz və Xıdır Əlləz bu ardıcıllığın bariz nümunəsidir. Novruzla bağlı mərasimlərin bir hissəsi İslamdan əvvəlki dövrlərə gedib çıxır. Xıdır Əlləzdən danışarkən isə artıq İslam motivləri ön plana çıxır. Bu, inanca görə Xızır və İlyas peyğəmbərlərin görüşdüyü gündür.
Beləliklə, Novruz və Xıdır Əlləz kimi yaz bayramlarında mövcud olan ümumi motivlər və rəmzlər köklərimizdən xəbər verir. Bir tərəfdən dünyanın quruluşu haqqında təsəvvürlər və bütpərəst (paqan) inanclara gedib çıxan ritual praktikalarla bağlı qədim başlanğıclardan, digər tərəfdən isə İslamla təmas prosesində formalaşmış və dəyişmiş türk köklərindən danışır.