AZ

Davos-2026: dünyanın yeni iqtisadi qaydaları və Azərbaycan

Müasir qlobal iqtisadiyyat dərin və çoxşaxəli keçid mərhələsinə daxil olub. Klassik artım modellərinin imkanları tükənir, qloballaşma əvvəlki sürətini itirir, kapital isə uzun illər davam edən “ucuz pul” dövrünü geridə qoyaraq daha seçici, riskə həssas və institusional keyfiyyətə yönəlmiş mərhələyə keçir. Bu mürəkkəb və qeyri-müəyyən şəraitdə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu artıq qlobal iqtisadi nizamın konturlarının cızıldığı, yeni inkişaf fəlsəfəsinin formalaşdığı intellektual mərkəz funksiyasını daşıyır. Davos-2026-nın əsas fərqi də məhz buradadır: forum böhrandan “necə çıxmaq” sualından çox, “yeni normallıq” şəraitində dayanıqlı inkişafın necə təmin olunacağını müzakirə edir.

Məhz bu kontekstdə Azərbaycanın Davos-2026 gündəliyində tutduğu yer təsadüfi deyil və situativ maraqlarla məhdudlaşmır. Azərbaycan bu gün qlobal iqtisadi fragmentasiya dövründə real dəyər təklif edən və sabitlik amilini ön plana çıxaran dövlət kimi çıxış edir. Bu mövqelənmənin mərkəzində isə Prezident İlham Əliyevin ardıcıl və strateji liderlik xətti dayanır. Onun rəhbərliyi ilə Azərbaycan qlobal qeyri-müəyyənlik fonunda riskləri idarə etməyi, makroiqtisadi sabitliyi qorumağı və bu sabitliyi beynəlxalq tərəfdaşlar üçün iqtisadi üstünlüyə çevirməyi bacaran ölkə kimi təqdim olunur. Bu yanaşma tarixi baxımdan da ardıcıldır: müasir dövlətçilik fəlsəfəsinin əsasları hələ Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış, güclü institutlar, strateji düşüncə və uzunmüddətli inkişaf prinsipləri dövlət siyasətinin özəyinə çevrilmişdir. Davos-2026 məhz bu liderlik davamlılığının və strateji baxışın beynəlxalq miqyasda qiymətləndirildiyi platformaya çevrilir.

Davos gündəliyi: qlobal iqtisadi düşüncənin təkamülü

Dünya İqtisadi Forumu (DİF) tarixən qlobal iqtisadiyyatın yalnız cari vəziyyətinin müzakirə edildiyi platforma deyil, eyni zamanda, onun necə və hansı istiqamətdə transformasiya olunacağını formalaşdıran intellektual mərkəz funksiyasını yerinə yetirib. Bu çərçivədə Davosun real təsir gücü formalaşdırdığı iqtisadi düşüncə, legitimləşdirdiyi anlayışlar, beynəlxalq siyasətə və bazar davranışına sirayət edən çərçivələr vasitəsilə özünü göstərir.

1990-cı illərdə Davos görüşləri soyuq müharibə dövründə yaranmış ideoloji boşluğu dolduran aparıcı beynəlxalq platformalardan biri kimi çıxış edirdi. Həmin mərhələdə qlobal gündəlik ticarətin liberallaşdırılması, kapital axınlarının sərbəstləşdirilməsi və bazar iqtisadiyyatının universal inkişaf modeli kimi təşviqi üzərində qurulmuşdu. Davos bu dövrdə qloballaşmanı sadəcə iqtisadi proses kimi deyil, normativ üstünlük və “doğru yol” kimi təqdim etdi. Nəticədə, qlobal dəyər zəncirləri sürətlə genişləndi, inkişaf etməkdə olan ölkələr beynəlxalq kapital bazarlarına inteqrasiya olundu, maliyyə və investisiya axınları kəskin artım göstərdi. Bu mərhələdə Davos qloballaşmanın ideoloji dayağı rolunu oynadı.

2000–2008-ci illər Davos gündəliyində texnologiya və maliyyə dərinləşməsinin ön plana çıxdığı dövr kimi xarakterizə olunur. Rəqəmsal iqtisadiyyatın yüksəlişi, innovativ maliyyə alətləri və kredit genişlənməsi iqtisadi artımın əsas mühərriki kimi təqdim edilirdi. Lakin bu mərhələdə Davos diskursunun əsas zəifliyi sistem risklərinin və maliyyə köpüklərinin yetərincə qiymətləndirilməməsi oldu. 2008-ci il qlobal maliyyə böhranı açıq şəkildə göstərdi ki, bazarların özünü avtomatik tənzimləmə qabiliyyəti barədə yanaşmalar reallıqla tam uzlaşmır. Bu, Davos üçün ciddi intellektual dönüş nöqtəsi yaratdı və forumun gündəliyini köklü şəkildə yenidən formalaşdırdı.

2009–2014-cü illər Davos tarixində “yenidən düşünmə” mərhələsi kimi çıxış edir. Müzakirələrin mərkəzinə isə maliyyə sektorunun tənzimlənməsi, dövlətin iqtisadiyyatda rolu, makroprudensial siyasət və böhrandansonrakı artım modelləri gətirildi. Davos diskursunda dövlət artıq bazarın sabitləşdirici və tamamlayıcı tərəfdaşı kimi təqdim olunmağa başladı. Bu intellektual dönüş G20 mexanizmlərinin güclənməsinə, bank tənzimləmələrinin sərtləşdirilməsinə və fiskal–monetar siyasətlər arasında koordinasiyanın genişlənməsinə ideoloji zəmin yaratdı.

2015–2019-cu illərdə Davos gündəliyi keyfiyyətcə yeni mərhələyə keçdi. İqtisadi artım artıq təkbaşına məqsəd kimi deyil, onun sosial və institusional nəticələri ilə birlikdə qiymətləndirilməyə başladı. İqlim dəyişikliyi, sosial bərabərsizlik, inklüziv kapitalizm və ESG prinsipləri Davos diskursunun əsas anlayışlarına çevrildi. Bu mərhələnin real nəticəsi ondan ibarət oldu ki, ESG meyarları qlobal investisiya qərarlarında əsas filtr rolunu oynamağa başladı, korporativ idarəetmədə sosial və ekoloji məsuliyyət isə normativ davranış standartına çevrildi.

2020–2022-ci illərdə COVID-19 pandemiyası Davos gündəliyinə sərt reallıq gətirdi. Qlobal tədarük zəncirlərinin qırılması, strateji ehtiyatların əhəmiyyəti və dövlətin fövqəladə iqtisadi rolu ön plana çıxdı. Bu mərhələdə Davos “effektivlik” anlayışını arxa plana keçirərək dayanıqlılıq konsepsiyasını əsas iqtisadi dəyər kimi təqdim etdi. Dövlət müdaxiləsi yenidən legitimləşdirildi, strateji sektor anlayışı bərpa olundu və iqtisadi təhlükəsizlik anlayışı genişləndirildi.

2023–2025-ci illər Davos tarixində geo­iqtisadi fragmentasiyanın açıq şəkildə qəbul edildiyi mərhələ kimi yadda qaldı. Forum qloballaşmanın əvvəlki formasında geri dönməyəcəyini etiraf etdi. İstehsal və təchizatın dost ölkələr üzrə yerləşdirilməsi (“friend-shoring”), yaxın coğrafiyaya köçürülməsi (“near-shoring”), enerji təhlükəsizliyi və texnoloji suverenlik əsas anlayışlara çevrildi. Bu diskurs qlobal ticarətin regional bloklara bölünməsini normallaşdırdı və tranzit, enerji və logistika qovşaqlarının strateji əhəmiyyətini kəskin şəkildə artırdı.

Davos-2026: “yeni normallıq”lar

Davos-2026 qeyd edilən proseslərin məntiqi kuliminasiya nöqtəsi kimi çıxış edir. Burada əsas müzakirə mövzusu artıq böhrandan çıxış deyil, uzunmüddətli qeyri-müəyyənlik şəraitində dayanıqlı inkişafın necə təmin olunacağıdır. Zəif, lakin stabil artım, yüksək faizlər və borc məhdudiyyətləri, enerji keçidi ilə təhlükəsizlik arasında balans, süni intellektin məhsuldarlığa təsiri və institusional inam Davos-2026-nın mərkəzi anlayışlarıdır. Forum faktiki olaraq qəbul edir ki, sürətli artım dövrü başa çatıb və yeni iqtisadi model keyfiyyətli kapital, makroiqtisadi sabitlik və institusional etibarlılıq üzərində qurulmalıdır.

Bu tarixi baxış göstərir ki, Davosun real gücü qlobal iqtisadi düşüncəni dəyişdirmək və yeni reallıqları legitimləşdirmək bacarığındadır. Məhz buna görə Davos-2026-nın formalaşdırdığı intellektual mühit makroiqtisadi sabitliyə, tranzit üstünlüklərinə və institusional ardıcıllığa malik Azərbaycan kimi ölkələr üçün nadir strateji imkan pəncərəsi yaradır. Bu mərhələdə Davos artıq ideoloji debat meydanından çox, sərt qlobal reallıqlar fonunda iqtisadi uyğunlaşmanın beynəlxalq mərkəzi kimi çıxış edir.

Bu təsirin miqyasını göstərən mühüm faktlardan biri ondan ibarətdir ki, Davos görüşlərində liderləri və aparıcı şirkət rəhbərləri iştirak edən ölkələr və korporasiyalar birlikdə qlobal ÜDM-in təxminən 60–65 faizini təmsil edir. Bu göstərici Davosu formal qərar mexanizmi olmasa da, qlobal iqtisadi davranışın və kapital yönümlərinin formalaşdığı ən konsentrasiyalı platformalardan birinə çevirir. Məhz buna görə Davosda səslənən ideyalar çox zaman bir neçə il sonra qlobal siyasət və iqtisadi qərarlarda öz əksini tapır.

Digər diqqətçəkən məqam ondan ibarətdir ki, qlobal maliyyə böhranı riski Davosda hələ 2006–2007-ci illərdə ayrı-ayrı panel müzakirələrində səsləndirilsə də, həmin dövrdə bu risklər əsas axına çevrilməmişdi. Bu təcrübə sonradan Davos üçün mühüm dərs oldu və 2008-ci ildən sonra forumun diskursu daha riskyönümlü və ehtiyatlı xarakter aldı. Məhz bu səbəbdən Davos-2026 artıq “sürətli artım” əvəzinə “idarə olunan risk” anlayışını ön plana çəkir.

Eyni zamanda, Davosun mühüm, lakin az bilinən xüsusiyyətlərindən biri də odur ki, forumda formalaşan razılaşmaların böyük əksəriyyəti rəsmi sənəd şəklində elan edilmir. DİF-in hesabatlarına əsasən, Davosda keçirilən yüksəksəviyyəli görüşlərin təxminən 70 faizindən çoxu qeyri-formal razılaşma və niyyət mərhələsində qalır, lakin sonradan milli hökumətlərin proqramlarına, investisiya qərarlarına və korporativ strategiyalara çevrilir. Bu xüsusiyyət Davosu “səssiz qərarların” formalaşdığı platforma kimi səciyyələndirməyə imkan verir.

Son illərin statistikası da göstərir ki, Davos gündəliyində makroiqtisadi sabitlik və dövlət borcu mövzuları iqlim və texnologiya məsələlərindən sonra ən çox müzakirə edilən istiqamətlərdən birinə çevrilib. Xüsusilə 2022-ci ildən sonra yüksək faiz mühiti fonunda kredit reytinqləri, fiskal qaydalar və ehtiyatların adekvatlığı Davos debatlarının mərkəzinə çıxıb. Bu fakt Davos-2026-nın niyə institusional etibar və sabitliyi əsas dəyər kimi təqdim etdiyini aydın izah edir.

Beləliklə, Davos qlobal iqtisadi davranışın formalaşdığı institusional ekosistemdir. Məhz bu ekosistemdə makroiqtisadi sabitliyə, institusional ardıcıllığa və strateji mövqeyə malik ölkələr, o cümlədən Azərbaycan üçün praktik və etibarlı iqtisadi tərəfdaş kimi qəbul edilir.

Qlobal dəyişikliklər və Azərbaycan modeli: sabitlik, çeviklik və institusional etibar

Davos-2026 kontekstində Azərbaycanın irəli sürdüyü iqtisadi narrativ klassik “resurs ölkəsi” yanaşmasından prinsipial şəkildə fərqlənir. Burada əsas məsələ neft və qaz gəlirlərinin qlobal qeyri-müəyyənlik şəraitində necə idarə olunması və struktur üstünlüyə çevrilməsindən ibarətdir. Azərbaycan özünü keçid dövrünün balanslaşdırıcı və sabitləşdirici aktor kimi təqdim edir. Bu model bir-birini tamamlayan üç strateji sütun üzərində qurulub.

Birinci sütun enerji təhlükəsizliyi və etibarlı təchizatdır. Azərbaycan qlobal enerji bazarında artıq yalnız xammal ixracatçısı kimi deyil, stabil təchizat və sistem etibarlılığı yaradan enerji tərəfdaşı kimi mövqelənir. Xüsusilə Avropa üçün bu rol strateji məna daşıyır. Son 20 ildə ölkədə yaradılmış generasiya gücləri əvvəlki bütün dövrlərlə müqayisədə təxminən üç dəfə artmış, bu gün isə tarixi rekord səviyyəyə – təxminən 10 min meqavata çatmışdır. Cənub Qaz Dəhlizi çərçivəsində qurulmuş infrastruktur, uzunmüddətli müqavilə arxitekturası və mərhələli genişlənmə imkanları Azərbaycanın enerji təchizatını qısamüddətli bazar dalğalanmalarına qarşı daha dayanıqlı edir. Davos-2026-nın əsas tezislərindən olan “təhlükəsiz enerji keçidi” məhz bu məntiqə söykənir: karbonsuzlaşma strateji hədəf olaraq qalır, lakin keçid mərhələsində enerji təminatında boşluq yaranmamalıdır. Bu kontekstdə Azərbaycanın qaz resursları keçid mərhələsinin dayaq nöqtəsi rolunu oynayır. Paralel olaraq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonalarının formalaşdırılması ölkənin enerji strategiyasının təkcə bu günə deyil, post-karbohidrogen dövrünə də hesablandığını nümayiş etdirir.

İkinci sütun logistika, tranzit və yeni ticarət coğrafiyasıdır. Qlobal tədarük zəncirlərinin dərin fragmentasiyası şəraitində Orta Dəhliz artıq sadəcə alternativ marşrut deyil, strateji zərurət kimi formalaşır. Azərbaycan bu dəhlizdə yalnız coğrafi keçid ölkəsi rolunu deyil, əlavə dəyər yaradan iqtisadi platforma funksiyasını üzərinə götürür. Bunun empirik göstəriciləri də aydındır: Bakı Limanında 2024-cü ildə konteyner dövriyyəsi əvvəlki ilə nisbətən 73 faiz artmış, ümumi yük dövriyyəsinin isə təxminən 70 faizi tranzit yüklər olmuşdur. Eyni zamanda, son illərdə nəqliyyat-logistika infrastrukturuna yönəldilmiş məqsədyönlü investisiyalar, liman və dəmir yolu bağlantılarının genişləndirilməsi, eləcə də gömrük və rəqəmsal prosedurların sadələşdirilməsi tranzit funksiyasını sənaye, emal və xidmət zəncirləri ilə inteqrasiya etməyə imkan yaradır. Davos auditoriyası üçün bu modelin əsas cəlbediciliyi ondadır ki, Azərbaycan böyük daxili istehlak bazarı əvəzinə təhlükəsiz keçid, vaxt üstünlüyü və risklərin minimallaşdırılması təklif edir. Qlobal şirkətlər üçün son dövrdə investisiya qərarlarını məhz bu amillər – logistika etibarlılığı, təchizatın fasiləsizliyi və aşağı geosiyasi risk profili – formalaşdırır və Azərbaycan bu baxımdan yeni ticarət coğrafiyasında rasional seçim kimi önə çıxır.

Üçüncü və ən fundamental sütun makrofiskal və institusional dayanıqlılıqdır. Yüksək qlobal faizlər, borc böhranları və maliyyə qeyri-müəyyənliyi fonunda Azərbaycanın makroiqtisadi göstəriciləri onu Davos auditoriyası üçün nisbətən təhlükəsiz iqtisadiyyatlar qrupuna daxil edir. Aşağı dövlət borcu, geniş valyuta ehtiyatları və büdcə manevr imkanları həm xarici şokları qarşılamaq, həm də strateji investisiya qərarlarını təxirə salmadan icra etmək imkanı verir. Məlumatlara görə, ölkənin cəmi xarici valyuta ehtiyatları 85 milyard ABŞ dollarına çataraq davamlı artım nümayiş etdirir, xarici borc ÜDM-in təxminən 6 faizi səviyyəsindədir və valyuta ehtiyatları xarici borcu 16–17 dəfə üstələyir. Ölkə pozitiv beynəlxalq kredit reytinqinə malikdir. Bu nisbətlər fiskal davamlılığın və likvidlik təhlükəsizliyinin ölçüləbilən göstəriciləridir. Makro göstəriciləri tamamlayan əsas amil institusional və siyasi sabitlikdir. Ölkədə siyasi, iqtisadi və sosial sabitliyin qorunması, eləcə də son beş il ərzində sülh şəraitində yaşanması risk mühitini kəskin şəkildə aşağı salır. Məhz bu konfiqurasiya uzunmüddətli planlaşdırma aparan institusional investorlar üçün həlledicidir: burada qısamüddətli yüksək artım tempindən daha çox, sabitliyin davamlılığı və proqnozlaşdırıla bilənlik üstün dəyər kimi çıxış edir.

Bu struktur model Davos-2026 çərçivəsində aparılan yüksək səviyyəli korporativ dialoqlarla tamamlanır. Forumun real iqtisadi çəkisi də məhz lider–korporasiya formatında formalaşır. Prezident İlham Əliyevin aparıcı qlobal şirkətlərin rəhbərləri ilə keçirdiyi görüşlər Azərbaycanın iştirakını keyfiyyətcə yeni mərhələyə daşıyır və bu modelin praktiki mexanizmini işə salır.

Prezidentin Davos-2026 görüşlərinin birinci birbaşa iqtisadi effekti kapitalın risk qavrayışının dəyişməsidir. Qlobal şirkətlər və institusional investorlar üçün həlledici amil bazarın nominal ölçüsündən daha çox, institusional proqnozlaşdırıla bilənlik və siyasət ardıcıllığıdır. Prezident səviyyəsində aparılan dialoq investisiya qərarlarında ölkə riskini aşağı salan siyasi, hüquqi və institusional zəmanət funksiyasını yerinə yetirir. Xüsusilə qlobal qeyri-müəyyənliyin dərinləşdiyi bir dövrdə bu format “ölkə riski”nin subyektiv qavrayışını ölçüləbilən və rasional çərçivəyə salır, risk–gəlir balansını investor üçün daha aydın edir.

İkinci mühüm effekt investisiya gündəliyinin şaxələndirilməsidir. Davos-2026 çərçivəsində keçirilən görüşlər yalnız ənənəvi enerji sektorunu deyil, “yaşıl enerji”, logistika və tranzit, rəqəmsal texnologiyalar, sənaye parkları və regional istehsal zəncirlərini əhatə edir. Bu, Azərbaycanın monosektor ölkəsi olmadığını, əksinə, çoxsütunlu və çevik iqtisadi modelə keçid etdiyini nümayiş etdirir. İnvestor üçün bu şaxələndirmə sektorlararası risklərin azaldılması və uzunmüddətli portfel sabitliyi baxımından mühüm siqnaldır.

Üçüncü və ən dərin effekt institusional mesajın ötürülməsidir. Bu dialoqlarda dövlət klassik requlyator obrazından kənara çıxaraq strateji tərəfdaş kimi mövqelənir. Dövlət–biznes münasibətlərinin bu forması Davos-2026-nın əsas ideyasına, yəni dövlətin iqtisadiyyatda rolunun yenidən tərifinə və bazarla koordinasiyalı fəaliyyətinə tam uyğundur. Nəticə etibarilə investor üçün əsas mesaj aydınlaşır: Azərbaycanla iqtisadi əməkdaşlıq uzunmüddətli, institusional əsaslı və qarşılıqlı etimada söykənən tərəfdaşlıq kimi nəzərdə tutulur.

Bu model beynəlxalq kredit reytinqləri ilə də institusional şəkildə dəstəklənir. Davos-2026-nın investor gündəliyində ölkə riskinin ölçülməsi xüsusi yer tutur və bu riskin ən obyektiv indikatorlarından biri beynəlxalq kredit reytinqləridir. Azərbaycanın Fitch Ratings, Moody’s və S&P Global Ratings tərəfindən investisiya səviyyəsinə yaxın və sabit proqnozlarla qiymətləndirilməsi makroiqtisadi idarəetmənin keyfiyyətinin beynəlxalq təsdiqi kimi çıxış edir.

Bu reytinqlər bir neçə istiqamətdə real üstünlük yaradır. Birincisi, kapitalın qiymətini aşağı salır: dövlət və özəl sektor üçün beynəlxalq maliyyə bazarlarına çıxış daha ucuz və daha uzunmüddətli olur. İkincisi, investor davranışını sabitləşdirir: qısamüddətli spekulyativ kapitaldan çox, uzunmüddətli institusional investorlar cəlb olunur. Üçüncüsü isə, makroiqtisadi siyasətin etibarlılıq effektini gücləndirir: fiskal intizam və ehtiyatların adekvatlığı qlobal auditoriyaya ölçülə bilən göstəricilər vasitəsilə ötürülür.

Göründüyü kimi, Davos-2026 kontekstində Azərbaycanın təklif etdiyi model təsadüfi üstünlüklər toplusu deyil. Bu, enerji təhlükəsizliyi, tranzit funksiyası və makroiqtisadi sabitlik üzərində qurulmuş, beynəlxalq kredit reytinqləri və yüksəksəviyyəli korporativ dialoqla möhkəmləndirilmiş sistemli iqtisadi modeldir. Qlobal qeyri-müəyyənlik dövründə bu model Azərbaycanı idarəolunan risk və uzunmüddətli tərəfdaşlıq təklif edən iqtisadi platforma kimi təqdim edir.

Azərbaycanın iqtisadi üstünlüklərinə baxış

Azərbaycanın Davos-2026 platformasında önə çıxan iqtisadi üstünlüklərini yalnız mövcud konyuntura və ya uğurlu siyasi kommunikasiya ilə izah etmək metodoloji baxımdan səthi olardı. Əksinə, bu üstünlüklər müasir iqtisadi nəzəriyyələrin məntiqi nəticəsi və beynəlxalq təcrübədə sınaqdan çıxmış inkişaf modellərinin məqsədyönlü lokal adaptasiyası kimi oxunmalıdır. Məhz bu nəzəri–empirik uyğunluq Azərbaycanın qlobal auditoriya, xüsusilə də uzunmüddətli qərarlar verən institusional investorlar üçün etibarlığını əsaslı şəkildə artırır.

İlk növbədə, Azərbaycanın mövqeyini makroiqtisadi sabitlik – investisiya – dayanıqlı artım zənciri çərçivəsində qiymətləndirmək zəruridir. Neoklassik və yeni makroiqtisadi yanaşmalara görə, kapital axınlarının əsas determinantı yüksək artım templəri deyil, riskin səviyyəsi və onun idarəolunma keyfiyyətidir. Aşağı və idarə­olunan inflyasiya, məqbul dövlət borcu, fiskal qaydaların mövcudluğu və valyuta ehtiyatlarının adekvatlığı ölkə riskini azaldaraq investisiyanın diskont dərəcəsini aşağı salır. Azərbaycanın makroiqtisadi çərçivəsi məhz bu mexanizmə uyğun qurulub: fiskal və xarici dayaqların mövcudluğu iqtisadiyyatı qlobal şoklara qarşı daha davamlı edir. Bu yanaşmanın uğuru beynəlxalq praktikada açıq şəkildə müşahidə olunur. Norveç resurs gəlirlərini sərt fiskal qaydalarla idarə etməklə uzunmüddətli sabitlik və yüksək institusional etibar formalaşdırmış, Çili isə xammal ixracına baxmayaraq, makrointizam hesabına Latın Amerikasında ən stabil investisiya mühitlərindən birinə çevrilmişdir. Bu paralellər göstərir ki, Azərbaycan üçün makroiqtisadi sabitlik sadəcə müdafiə mexanizmi deyil, aktiv və ölçüləbilən iqtisadi üstünlükdür.

İkinci mühüm nəzəri çərçivə enerji iqtisadiyyatı ilə bağlıdır və “keçid resursu” yanaşması ilə ifadə olunur. Müasir enerji keçidi nəzəriyyələri qəbul edir ki, karbonsuzlaşma yalnız həm texnoloji, həm də makroiqtisadi və sosial prosesdir. Enerji təminatında boşluq yarandıqda iqtisadiyyatda qeyri-sabitlik və sosial risklər qaçılmaz olur. Bu səbəbdən karbohidrogen bir çox ölkələr üçün keçid mərhələsinin təminatçısı funksiyasını daşıyır. Azərbaycan məhz bu balanslaşdırılmış modeli təklif edir: ənənəvi enerji resursları qısa və orta müddətdə enerji təhlükəsizliyini təmin edir, paralel olaraq isə yaşıl enerji və ötürücü infrastruktur formalaşdırılır. Bu yanaşmanın effektivliyi Birləşmiş Ərəb Əmirlikləri təcrübəsində aydın görünür. Ölkə karbohidrogen gəlirlərini inkar etmədən, onları texnoloji modernləşmə və yaşıl transformasiyanın maliyyə bazasına çevirməyi bacarıb. Bu prizma ilə baxdıqda, Azərbaycanın enerji strategiyası ziddiyyətli deyil, əksinə, iqtisadi baxımdan optimal və realist keçid trayektoriyasıdır.

Üçüncü nəzəri əsas yeni iqtisadi coğrafiya yanaşması ilə bağlıdır. Paul Kruqman məktəbinin irəli sürdüyü bu nəzəriyyəyə görə, ticarət və istehsal axınları dəyişdikcə məkanın iqtisadi dəyəri kəskin şəkildə arta bilər. Tranzit mövqeyi düzgün institusional və infrastruktur siyasəti ilə dəstəkləndikdə, sadə keçid nöqtəsi zamanla istehsal, emal və xidmət klasterinə çevrilir. Qlobal tədarük zəncirlərinin fragmentasiyası və Asiya–Avropa oxunda alternativ marşrutlara tələbatın artması bu nəzəriyyəni praktik reallığa çevirir. Sinqapur tranzit limanından qlobal logistika və maliyyə mərkəzinə, Niderland isə liman infrastrukturu üzərindən sənaye və xidmət klasterlərinə keçid etmişdir. Azərbaycanın Orta Dəhliz strategiyası da bu məntiqə əsaslanır: məqsəd nəqliyyat gəlirləri ilə yanaşı, məkan üstünlüyünün struktur iqtisadi üstünlüyə çevrilməsidir.

Nəhayət, bütün bu üstünlükləri birləşdirən çərçivə institusional iqtisadiyyat nəzəriyyəsidir. Duqlass Nort və Acemoqlu məktəbinin yanaşmasına görə, uzunmüddətli inkişafın əsas məhdudiyyəti kapital və ya resurs qıtlığı deyil, oyun qaydalarının etibarlılığıdır. Beynəlxalq kredit reytinqləri bu etibarlılığın ölçülə bilən göstəricisi kimi çıxış edir. Azərbaycanın beynəlxalq reytinq agentlikləri tərəfindən pozitiv qiymətləndirilməsi makroiqtisadi siyasətin və fiskal idarəetmənin institusional sertifikatı rolunu oynayır. Bu modelin uğurlu tətbiqi Cənubi Koreya və Estoniya nümunələrində aydın görünür: məhdud daxili bazara baxmayaraq, yüksək institusional etibar bu ölkələri qlobal kapital üçün son dərəcə cəlbedici edib.

Beləliklə, Davos-2026 kontekstində formalaşan qlobal iqtisadi reallıq göstərir ki, yaxın onillikdə ölkələrin iqtisadi uğuru artım templərinin yüksəkliyindən çox, risklərin səmərəli idarə olunması, institusional ardıcıllıq və strateji uyğunlaşma qabiliyyəti ilə müəyyən olunacaq. Yüksək faiz mühiti, geo­iqtisadi fragmentasiya və kapitalın seçiciliyinin artması şəraitində iqtisadi modelin əsas sınağı onun şoklara davamlılığı və uzunmüddətli proqnozlaşdırıla bilinməsi ilə ölçüləcək. Davos-2026-nın formalaşdırdığı bu qlobal iqtisadi çərçivədə Azərbaycan idarə olunan risk, institusional etibar və struktur üstünlüklər üzərində qurulmuş strateji iqtisadi platforma kimi mövqelənir. Bu mövqelənmə yaxın onilliklər üçün iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi, investisiya cəlbediciliyinin artırılması və dayanıqlı rifahın təmin olunması baxımından ən rasional və ölçüləbilən inkişaf trayektoriyasını formalaşdırır.

Şaiq ADIGÖZƏLOV,
iqtisad üzrə fəlsəfə doktoru

 

Seçilən
18
xalqqazeti.az

1Mənbələr