AZ

Bürkü , “güzdək” Azərbaycanda ay adları dəyişdirilə bilər: AÇIQLAMA

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması, inkişafı və saflığının təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər fonunda dil məsələləri yenidən diqqət mərkəzinə düşüb. Bu çərçivədə ay adlarının dəyişdirilməsi ilə bağlı müzakirələr də aktuallaşıb. Tarixi mənbələr göstərir ki, Azərbaycanda aylar indiki adlarla deyil, milli məişət və təbiət hadisələrini əks etdirən adlarla tanınıb. Belə ki, yanvar “ocaq”, fevral “çillə”, mart “bozay”, aprel “çiçək”, may “elat”, iyun “qızmar”, iyul “bürkü”, avqust “qorabişirən”, sentyabr “yığım”, oktyabr “əkin”, noyabr “güzdək”, dekabr isə “aralıq” adlandırılıb.Filologiya üzrə fəlsəfə doktoru Atif İslamzadə Demokrat.az-a açıqlamasında deyib ki, bu ay adlarını dilimizə uyğunlaşdırmaq mümkündür və burada heç bir problem yoxdur:“Ancaq məsələ burasındadır ki, ümumiyyətlə, hər bir yenilik cəmiyyət tərəfindən asanlıqla qəbul edilmir. Onun qəbul olunması üçün müəyyən vaxt, mərhələ və adaptasiya prosesi lazımdır. Təbii ki, ilkin islahatların nəticəsi daha çox uzunmüddətli dövrdə özünü göstərir. Bu baxımdan, əgər məsələ ilkin olaraq müzakirəyə çıxarılarsa və sonradan qanuniləşərsə, ay adları bu formada ola bilər. Bu, hətta çox gözəl və uğurlu nəticə də verə bilər. Çünki hazırda istifadə etdiyimiz ay adları bizim düşüncə tərzimizə və milli kimliyimizə tam uyğun gəlmir. Məsələn, iyul ayı Yuli Sezarın, avqust ayı isə imperator Avqustun adı ilə bağlıdır və bu kimi nümunələr kifayət qədərdir”.O qeyd edib ki, ay adlarının dəyişdirilməsi sağlam və estetik baxımdan müsbət addım ola bilər:“Lakin bu, birdən-birə yox, mərhələli şəkildə həyata keçirilməlidir. İlkin mərhələdə adlar geniş müzakirə olunmalı, daha sonra ümumi şəkildə qanun qəbul edilməlidir. Qanun qəbul edildikdən sonra isə uzun bir zaman lazımdır ki, bu adlar xalqın yaddaşına hopsun. Bu sözlər xalq yaddaşında müxtəlif dialektlərdə mövcud olsa da, ümumi ədəbi dilimizdə və gündəlik leksikonumuzda asanlıqla işlədilmir. Məhz buna görə də müəyyən adaptasiya mərhələsi qaçılmazdır. Məsələn, latın əlifbasına keçid də ilkin mərhələdə çətinliklərlə qarşılandı, mərhələli şəkildə tətbiq olundu və zamanla kütləviləşdi. Bu gün isə əhalinin böyük əksəriyyəti latın əlifbasında rahatlıqla oxuyur və yazır. Eyni proses ay adları ilə bağlı da yaşana bilər. Bu aylar xalq məişətində mövcud olan, xalq düşüncəsinə yaxın adlardır və onların qəbul olunması, şübhəsiz ki, müsbət qarşılanacaq”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
demokrat.az

1Mənbələr